“Famax Medical Tourism” Türkiyədə müayinə-müalicə üzrə regionun lider şirkətlərindən biridir. Artıq 2 ilə yaxındır ki, Bakı ofisi də fəaliyyətdədir.
Artıq şirkətin Bakı ofisi tibbi turizmdə yeniliklərə başlayıb. Belə ki, təkcə vətəndaşlarımızı İstanbulun ən yaxşı klinikalarına deyil, İstanbuldan Bakıya da tanınmış həkimləri, cərrahları dəvət edəcək.
Medicina.az “Famax Medical Tourizm”in Bakı üzrə rəhbəri, tanınmış kardioloq, uzun illər Kardiologiya İnstitutunun baş həkimi olan, tibb elmlər doktoru, professor Əhməd Babayevlə müsahibəni təqdim edir:
- Əhməd doktor, Bakıda fəaliyyətə başladığınız qısa müddət ərzində fəaliyyətiniz əsasən hansı istiqamətdə inkişaf etdi və əldə etdiyiniz nəticələrdən razısınızmı?
- Burada fəaliyyətə başlamağımızı sanki həyatın özü bizə diktə edirdi. Belə bir xidmətə ehtiyac vardı və zaman keçdikcə də bu ehtiyac artırdı. İndi də Azərbaycandan Türkiyəyə müayinə və müalicəyə gedənlərin sayı aybaay artır.
Müraciət edənlər müxtəlifdir: Bəzi xəstələr səyahətə, tətilə gedən zaman orada müayinə olunmaq istəyirlər. Burda müayinə və əməliyyat olunan bəzi xəstələr İstanbula kontrola gedirlər. Bəzi xəstələrimiz diaqnozu dəqiqləşdirmək üçün üz tuturlar.
Təbii ki, İstanbul dünyanın ən böyük şəhərlərindən biridir, 15 milyon əhalisi, yüzlərlə xəstəxanası var. Ora hər gün ölkə xaricindən minlərlə pasiyent gəlir. İstanbul kimi böyük şəhərdə uyğun xəstəxananı, həkimi seçmək çox çətindir. Sözün düzü, Azərbaycanda vətəndaşımız rayondan Bakıya gələndə burda yaxşı klinika, həkim tapmaqda çətinlik çəkir, seçə bilmir ki, hansı həkimə getsin. Hər kəs yaxşı həkim axtarır, soraqlaşır. İstanbulda isə yüz minlərlə həkim içində öz xəstəliyin üzrə ən yaxşı uzman həkimi tapmaq və qəbuluna düşmək bəzən aylarla vaxt aparır.
Eləcə də maliyyə məsələləri var, klinikalarda qiymətlər çox fərqlidir. Bəzən eyni müayinəni klinikalar fərqli qiymətlərə təklif edirlər.
Bizim baş ofisimiz İstanbuldadır. Bakıda isə həkimlərdən ibarət kiçik qrupumuz çalışır. Şirkətimizin xəstələrə göstərdiyi xidmət VİP səviyyədədir. Biz xəstə İstanbula getməmişdən onun xəstəxanasını və həkimini seçirik.
Onun istəyinə, büdcəsinə uyğun seçim edirik. Burdan xəstəni göndəririk, bizim ordakı əməkdaş qarşılayır, nəqliyyatla transfer edir, otelə yerləşdirir.
Əvvəlcədən hazırlanmış hərəkət planına uyğun olaraq xəstə dəqiq vaxtda randevu alınmış həkim qəbuluna gedir, lazımi müayinələrdən keçir. Bu zaman da bizim nümayəndə onun yanında olur.
Ən uzağı gün yarıma cavablar çıxır, diaqnoz qoyulur, müalicəsi təyin olunur, evdə müalicə alacaqsa, dərmanlarını da əldə edib, xəstəni yola salırıq. Stasionarda qalacaqsa, ya əməliyyat olacaqsa, bunu da yüksək səviyyədə təşkil edirik.
FAMAX BAKI OFİSİNDƏ XİDMƏT PULSUZDUR
- “Famax”ın Bakı ofisində hansı imkanlar və xidmətlər var? Bildiyimiz qədəri ilə pulsuz qəbul keçirirsiniz.
- Bəli, Bakı ofisində xəstələri qəbul edirik. Bizdə qəbul və ilkin məsləhətləşmə pulsuzdur, xəstə burda heç bir ödəniş etmir. Əgər xəstə burda hansısa instrumental müayinələrdən keçibsə, o cavablara baxırıq, əlavə müayinələrə ehtiyac varsa, ilkin diaqnozu təxmin etmək üçün Bakıda müayinə olunurlar, heç yerə getmək lazım olmur. Bunları toplayıb İstanbuldakı ofisimizə göndəririk və birgə qərar veririk.
Artıq ilkin mənzərə bizə aydın olur ki, bu xəstəyə hansı klinika, həkim daha uyğun olar və bu vaxta kimi də seçimimizdə yanılmamışıq. Hər bir xəstəyə elektron arxiv açırıq. Xəstənin bütün müayinələrini bazamızda saxlayırıq ki, gələcəkdə dinamik müayinə lazım olarsa, bu sənədlərə baxılsın.
- Bu müddət ərzində xəstələr daha çox hansı xəstəliklər üzrə müraciət edib və şəfa tapıb? Yaş məhdudiyyəti varmı?
- Yaş məhdudiyyəti yoxdur. Körpə xəstəmiz də, 80 yaşlı xəstəmiz də olub.
Bu yaxında bizə Qusardan müraciət etmişdilər, yenidoğulmuş körpədə anadangəlmə ürək qüsuru var idi. Onu İstanbulda əməliyyat etdirdik.
Yaşlı xəstələrimiz daha çox cərrahi xəstələr, əməliyyatlara ehtiyacı olanlardır. Bizim orda göstərdiyimiz “çek up” xidmətindən çox istifadə edirlər.
İşləyən, vaxtı məhdud olan insan bu müayinələrdən keçmək üçün Türkiyəyə özü getsə, gərək 3-4 gün vaxt sərf edə. Bizim “çek up” paketlərimizlə isə cəmi 1-2 günə lazımi müayinələrdən keçir. İstirahət günləri belə müayinələr təşkil edə bilirik. Tətilə gedəndə bizə müraciət edə bilərlər. “Çek up” müayinəsindən keçdikdə ən azından pasiyent bilir ki, hansısa problemi varmı, nəyə diqqət etməlidir, hansı orqanda gələcəkdə problem ola bilər. Eyni zamanda, həkim qidalanma, rejim məsləhətləri verir.
Hər “çek up”dan keçmək o demək deyil ki, mütləq onda xəstəlik tapılmalıdır. “Çek up”la çox xəstəliklərin qarşısını almaq olar.
Bəzən xəstəliklərin bir çoxunun düzgün həyat tərzi sürməklə, qidalanma tərzini dəyişməklə qarşısı alına bilir.
Xüsusən yaşı 40 üzərində olan insanlar “çek up” müayinələrdən ildə 1 dəfə keçməlidir.
- “Çek up” müayinə necə aparılır, həkimlər kim olur?
- “Çek up” paketində daxili xəstəliklər üzrə mütəxəssis təbii ki, bizim güvəndiyimiz, inandığımız alimlər, universitet klinikasında çalışan hocalardır.
Xəstəni ilk olaraq onlar qəbul edirlər.
Xəstə EXQ, USM-dən keçir, qan, sidik analizi verir. Qadınlar üçün ginekoloji “çek up” var, bura süd vəzi problemlərinə görə müayinələr əlavə olunub. Menopauzaya girən qadınlarda mineral ehtiyatı, kalsium azalır. Bununla bağlı müayinələr də mütləq paketə daxil olur.
Pasiyent analizlərdən keçir, təhlillərini alır, qayıdır daxili xəstəliklər üzrə həkimin yanına, o bütün bu təhlilləri araşdırıb, yekun cavab verir. Əgər müayinə nəticəsində hansısa orqanda problem aşkarlanarsa, digər mütəxəssis fikrinə ehtiyac olduğunu bildirir, yönəldir. Lazım gələrsə, əlavə müayinələr təyin edirik.
Xəstələr yetər ki, çəkinmədən bizə müraciət etsin, qalan məsələlər asanlıqla həll olunur. Yetər ki, ora gedib çatsın, sonrası bizlikdir. Biz həm xəstənin əvəzinə düşünürük, həm həkimlərlə danışırıq, onun problemini sanki öz problemimiz kimi həll edirik, xəstəyə sadəcə cavabı və nə etməli olduğunu deyirik.
Bir sözlə, biz xəstənin sağ əli oluruq.
- Olubmu ki, hər hansı pasiyentiniz “çek up” müayinəsinə gedib, heç bir şikayəti olmasa da, onda onkoloji xəstəlik aşkarlanıb?
- Olur. Xüsusən qadınlarda süd vəzi problemləri özünü gec büruzə verir. Qadınlarımız müəyyən yaşdan sonra diqqətli, ehtiyatlı olmalıdır, bu müayinələri heç bir problem olmasa da, vaxtında etdirməlidir.
Olub ki, xəstəni tamam başqa problemlə ora göndərmişik, əlavə müayinələrdə onkoloji xəstəlik və ya meyillik aşkarlanıb. Çox xəstələrdə kolonoskopiya zamanı bağırsaqlarında müxtəlif ölçüdə poliplər aşkarlanır, Türkiyədə də polip görüldüsə, dərhal onu götürürlər. Bunu da hər mütəxəssis edə bilmir, ciddi yanaşma tələb edir.
Əməliyyat keçirmiş və ya ciddi müalicə olub gəlmiş xəstələrimizi
biz burda da təqib edirik.
- Ən mürəkkəb xəstəniz kim olub?
- Bir ürək xəstəmiz olub, ciddi sol mədəcik çatışmazlığı ilə. Həkimlər yaxşı bilir ki, bu xəstələrin vəziyyəti çox ağır olur. Biri də ürəyin işemik xəstəliyi və aortal qapaq çatışmazlığı ilə gəlmişdi. Şükür ki, onlar hazırda yaşayırlar, əməliyyatları da uğurlu oldu. Birinin 80 yaşı var, bu yaxında yubileyini də qeyd etdi və bizə də təşəkkürlərini çatdırdılar.
“Famax” xətti ilə əməliyyat olunan yüzlərlə xəstəmiz olub, Allaha şükür, bu vaxta kimi nə bir itki, nə bir uğursuz əməliyyat, ya əməliyyat sonrası ağırlaşmamız olmayıb. Bundan sonra da olmaz. Bizdən gedən xəstələr salamat gedib, salamat gəliblər. Əməliyyat keçirmiş və ya ciddi müalicə olub gəlmiş xəstələrimizi biz burda da təqib edirik. Müşahidə dövründəki, eyni zamanda ilkin müayinələr zamanı xəstələri tərəfdaşımız olan və Türkiyə klinikalarından heç də geri qalmayan “Milan Hospital”a yönləndiririk.
- Çox ağır xəstələri hava ambulansı ilə klinikalara burdan transfer etmək üçün də “Famax”a müraciət etmək olarmı?
- Bəli. İstanbulda aviasiya ambulansı olan klinikalar var. Hamısında yoxdur, bir çoxunda var. Eləsi var özəl təyyarəsi var. Biz bunu da təşkil edə bilərik.
Burdan xəstəni götürüb, birbaşa klinikaya çatdırarıq.
Bizim bəzi ağır xəstələrimiz olub ki, Türk Hava Yolları xüsusi kreslolar ayırıb, xəstənin yanında tibb personalına icazə verib, onun rahat, problemsiz transferini həyata keçirib.
- “Famax” 2 illiyi ərəfəsində bir yeniliyə də imza atır. Artıq Türkiyədə sayılıb-seçilən həkimləri Bakıya dəvət edirsiz.
- Bəli, bu ildən yeniliyə başladıq. Türkiyənin məşhur həkimləri nadir halda digər ölkələrə müayinə üçün gedirlər. Buna bizim o klinikalarla əməkdaşlıq müqaviləmiz olduğu üçün nail ola bildik.
Yenə də “Milan Hospital” dəvət etdiyimiz türkiyəli həkimlərin burda xəstələri müayinə, müalicə və əməliyyat etməsi üçün hər cür imkanlar yaradır. Biz “Milan Hospital”ın laboratoriyası, palataları, xidməti, əməliyyatxanası ilə bağlı öncədən İstanbula məlumat göndərdik, onlar bu klinikanı dünya standartlarına uyğun olduğu üçün qəbul etdilər. Çünki türkiyəli həkimlər harda oldu əməliyyata girməzlər, onların bu illər ərzində öyrəşdikləri beynəlxalq standartlar var.
Mart ayının 13-14-ü tarixlərində 2 uzman həkimimiz gələcək, bu barədə medicina.az-da məlumat vermişik. Xəstələr “Milan Hospital”a müraciət edə bilər. Bu işbirliyimiz davamlı olacaq, xəstələrin tələb və probleminə uyğun mütəxəssisləri Bakıya gətirməyə çalışacağıq.
Bizə bu işimizdə dəstək olan və hər şəraiti yaradan “Milan Hospital” rəhbərliyinə təşəkkürümü də çatdırıram.
Sağlamlıq insana Allahın əmanətidir, bu əmanətin qədrini bilib qorumalıyıq.
AYGÜN M
Medicina.az
Famax Medikal Turizmlə əlaqə:
Te: 050 444 30 20
Ünvan: 28 May küçəsi 69