Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Eynəkli uşaqların sayı niyə artır? - Göz xəstəliklərindən necə qorunmalı

  • 2017.06.16 16:05
  • 31532 Baxış
Eynəkli uşaqların sayı niyə artır? -  Göz xəstəliklərindən necə qorunmalı
Qəmər Əliyeva:"Planşetlərdən istifadə çoxaldığına görə, son illər bu xəstəlik uşaqlaşıb” 


Bu gün orta məktəblərdə siniflərə daxil olarkən 10-20 il əvvələ nisbətən, daha çox eynəkli uşaqlara rast gəlirik. Bu, uşaqlarda göz probleminin artdığından xəbər verir? Ümumiyyətlə, uşaqlarda görmə qabiliyyətinin yaxşı olması üçün nə etməliyik? Uşağın gözündə problem olub-olmadığının əlamətləri hansılardır? Müsahibimiz həkim-oftalmoloq, cərrah Qəmər Əliyevadır. Qeyd edək ki, Q.Əliyeva Azərbaycanın göz çəpliyi üzrə ən güclü cərrahlarından biridir.

 

 


- Həkim, hazırda uşaqlarda görmə ilə bağlı əsasən hansı problemlər müşahidə edilir?


- Bizə müraciət edən valideynlər tez-tez deyirlər ki, əvvəl bir sinifdə bu qədər eynək taxan, zəif görən uşaq olmurdu. Mən bunu onunla əlaqələndirirəm ki, əvvəllər valideynlərimiz uşaqlarının görmə orqanlarına o qədər də diqqətli yanaşmırdılar. Çünki bizə müraciət edən gənc, orta yaşlı xəstələrimizin bir çoxunu müayinə edəndə, bəlli olur ki, uşaqlıqdan yaranan patologiyadan əziyyət çəkirlər. Buna da səbəb valideynlərinin problemi vaxtında hiss etməmələridir. İndi valideynlərin dünyagörüşü daha çoxdur, televiziya, internet vasitəsilə daha çox bilik əldə etmək imkanları olduğundan, həmçinin məktəblərdə müayinələr olduğu üçün patologiyalar daha tez aşkarlanır. Ümumiyyətlə, uşaqlarda əsas problem görmə ilə bağlı olur. Görmə zəifliyi, hipermetropiyalar, miyopiyalar, astiqmatizmlər və bunun nəticəsində yaranan digər xəstəliklər. 

 

 


- Yeni doğulan körpənin gözündə problem olub-olmadığını bilmək mümkündür?


- Bütün yeni doğulmuşları doğum şöbəsində neantoloq müayinə edir. Bu zaman neantoloqlar bəzi böyük patologiyaları görə bilirlər. Məsələn, mirvari suyunu (anadangəlmə katarakta), gözün böyük və yaxud kiçik olmasını və s. Daha sonra 3, 6 ayında, sonra da ildə bir dəfə göz həkiminin müayinəsi vacibdir. Çünki ilk görmə mərkəzi, görməyə bağlı olan streopsisin, binokulyar görmənin - hamısının əsası ilk 6 ayda qoyulur. Uşaq ana bətnində heç nə görmür, sadəcə, işıq duyğusu olur. Orqanların hamısı var - göz, beyin, sinir, amma aralarında əlaqə yoxdur. Rabitə, sadəcə, doğulduğu gündən sonra yaranmağa başlayır. Bu əlaqə doğulduğu andan sonra yarandığı üçün ilk 6 ay uşağın gözünün formalaşmasında çox önəmli və kritik dönəmdir.

 

- Bəs uşaqlarda çəpgözlük problemi hansı yaşlarda özünü büruzə verir?


- İstənilən yaşda büruzə verə bilər. İlk üç ayda yaranan və valideynlərin hiss etdiyi çəpgözlüklər qorxulu növ çəpgözlüklər deyil. Üç ayına qədər uşağın gözü həm içəri, həm də çölə qaça bilər. Bu, valideynləri çox narahat etməsin. Amma üç ayından sonra stabil şəkildə, yaxud hərdən hiss olunan çəpgözlük müşahidə edilərsə, mütləq həkimə getmək lazımdır. 

 

 


- Həkim, ümumiyyətlə, çəpgözlük Azərbaycanda geniş yayılıb?


- Bəli. Çəpgözlükdən danışarkən bəzən valideynlər "gözü axır”, hətta  "hərdənbir axır” deyirlər. Sadə dildə desək, çəpgözlük iki böyük qrupa bölünür - görməyə bağlı, bir də əzələ problemi olan çəpliklər. Görməyə bağlı olan çəpliklərin əməliyyata həmişə ehtiyacı olmur. Bəzən eynək belə həmin çəpliyi düzəltməyə kifayət edir. Əzələ problemlərinə isə daha çox əməliyyata ehtiyac olan çəpgözlüklər aiddir. Buna görə də əməliyyat qərarını verəndə mütləq uşağın görmə qabiliyyətinə əmin olmaq lazımdır. Görmədə bir problem yoxdursa, çəpliyi əməliyyat etmək məsləhətdir. Heç bir əks göstəriş yoxdursa, birinci növbədə uşağın görməsi təmin olunur, yalnız bundan sonra çəplik aradan qaldırılır. 

 

- İndi valideynlərin əksəriyyəti uşağın sakit dayanması, başının qarışması üçün əlinə planşet verir. Bu, nə dərəcədə düzgündür?


- Qətiyyən olmaz, əleyhinəyəm. İştirak etdiyim sonuncu konfransda çıxış edən elm adamları statistikaya istinadən bildirdilər ki, təmiz havada çox olan uşaqların görməsi, digər uşaqlara nisbətən daha yaxşı olur. Bunun da səbəbini onunla izah etdilər ki, təmiz havada oksigen buynuz qişanın üstünə daha çox diffuziya olunur. Yəni gözün ön hissəsi oksigenlə daha çox qidalandığı üçün uşaqlarda görmə patologiyası ev şəraitində, yaxud şəhərdə yaşayan uşaqlara nisbətən daha yaxşı olur. İkincisi, uşaqların planşetlə, telefonla oynamasını düzgün saymırıq. Həm uşağın, həm də  böyüyün gözü gün ərzində yaxına və uzağa fiksasiya olmalıdır (göz  əzələsi belə işləyir). Amma uzun müddət yaxına fiksasiya olunan əzələ, bu ağır yükü qaldırmaq və bir neçə saat buraxmamaq kimi bir effekt yaradır. Bu vərdiş, patologiya olmayan gözdə belə, bir müddət sonra patologiya yaradır. 

 

 


- Bəs televiziyaya baxmaq necə, uşaq üçün zərərlidir?


- Televiziya ilə uşağın oturduğu yer arasında 2 metrdən az olmayan  məsafə varsa, heç bir əks göstəriş yoxdur. 

 

- Çox kitab oxumaq gözü zəiflədir?


- 5-6 il bundan qabaq həkimlərlə öz aramızda yaxına çox baxan, oxuma-yazma ilə məşğul olan uşaqlarda uzağı görməyin zəifləməsini abituriyent xəstəliyi adlandırırdıq. Çünki uşaq o qədər yaxın məsafəyə baxırdı ki, göz əzələsi çox yorulurdu. Planşetlərdən istifadə çoxaldığına görə, son illər bu xəstəlik uşaqlaşıb Abituriyentə,  "hazırlaşma, universitetə girmə” deyə bilmirik. Bu, müvəqqəti haldır.  Çünki abituriyent universitetə qəbul olandan sonra əvvəlki kimi çox oxumur. Buna görə də müəyyən müddətdən sonra gözdəki problem aradan qalxır. Amma körpə yaşlarından uşağın əlinə telefon, yaxud planşet veriləndə sözsüz ki, göz dincəlmir və uşaqda stabil zəif görmə yaranır. 

 

- Avtobusda kitab oxuyanlar çox olmasa da, var. Bu vərdiş necə, göz üçün zərərlidir?


- Avtobusda kitab oxumaq vestibulyar aparata ziyandır. Vestibulyar aparat qulağımızın içində yerləşir və yalnız eşitmə deyil, bir mühitdə müvazinətimizi saxlamağımıza, yerimə qabiliyyətimizə də təsir edir. Vestibulyar aparatla gözümüzün arasında çox böyük əlaqə var. Əgər tərpənən əşyaya baxırıqsa, bəzən ürəkbulanma verir. Bu da fiksasiyanı pozur. Avtobus bizi tərpətdiyindən işıq şüaları göz dibinə normal paylanmır və parçalanır. Nəticədə başqa patologiyalara gətirib çıxara bilir. 

 

- Həkim, övladının yaxşı görməsi üçün hələ hamilə ikən bəzi xanımlarımız balıq və balıq yağını çox qəbul edirlər. Bu, həqiqətən də effektivdir?


- Sağlam qadını təbiət elə yaradıb ki, dölün görmə aparatında problem yaranmasın deyə, onun bədənində kifayət qədər vitamin və mikroelementlər olur. Yəni əlavə olaraq, kənardan vitamin almağa ehtiyacı olmur. Ginekoloqlar hamilə qadınlara ümumi vəziyyətin yaxşı olması üçün meyvə-tərəvəzdən, ətdən istifadə etməyi məsləhət görürlər. Mənim tövsiyəm odur ki, ana olmağa hazırlaşan xanımlarımız çəkilərinə diqqət etsinlər və infeksiyalardan uzaq olsunlar. İnfeksion xəstəliklər dölün inkişafına çox təsir edir. Özü də təkcə gözə deyil, digər orqanların normal formalaşmasına mənfi təsir edə bilər . 

 

- Bəzi valideynlərimiz uşaq anadan olandan sonra genetik görmə probleminin qarşısını almaq üçün övladlarına balıq yağı və s. verirlər. Balıq və balıq yağı genetik keçə bilən görmənin qarşısını doğurdanmı alır?


- Əgər atada, anada, nənədə, babada hansısa göz patologiyası varsa,  böyük ehtimalla uşaqda da olacaq. Yəni genetik patologiyanın qarşısını nə iləsə almaq olmur. Sadəcə, uşağı hansısa xəstəliyin fəsadından qoruya bilərsiniz. Amma xəstəlik genetik keçirsə, ondan qorunmaq bəzən mümkünsüz olur. 

 

- Yeni anadan olan uşaqların göz problemi yaşamamağı üçün valideynlərə nə tövsiyə edərdiniz?


- Çirkli əşyalar, çirkli əllərlə gözə toxunmamağı məsləhət görərdim. Çünki göz iltihablarının çoxu gözə çirkli əllərlə toxunarkən yaranır. Çox vacib 3 simptom var ki, istərdim valideynlər bunlara da fikir versinlər və bu hallardan hansı ilə rastlaşsalar, təcili həkimə müraciət etsinlər. Gözün həddindən artıq sulanması, qızarması və göz bəbəyinin ağ olması bir çox xəstəliklərin səbəbi ola bilər. Bir də telefonla şəkil çəkəndə uşağın gözünə düşən işığın fərqli olmasına diqqət etmək lazımdır. İşıq düşəndə gözdə qırmızı refleks alırıq. Qırmızı refleks çox fərqli olanda, məsələn, çox ağ, yaxud qırmızıdırsa, həkimə müraciət etmək məsləhətdir. Bu o demək deyil ki, hamısında patologiya çıxacaq, sadəcə,  işimizi ehtiyatlı tutmalıyıq. Çünki uşaq heç vaxt gəlib sizə gözünün pis görməsi ilə bağlı şikayətlənməyəcək. Onun müqayisə üçün görüntüsü olmur. Uşaq elə bilir ki, hamı onun kimi  görür. 


Lalə MUSAQIZI
Kaspi Eynəkli uşaqların sayı niyə artır? -  Göz xəstəliklərindən necə qorunmalı
Eynəkli uşaqların sayı niyə artır? -  Göz xəstəliklərindən necə qorunmalı
Eynəkli uşaqların sayı niyə artır? -  Göz xəstəliklərindən necə qorunmalı
Eynəkli uşaqların sayı niyə artır? -  Göz xəstəliklərindən necə qorunmalı
Eynəkli uşaqların sayı niyə artır? -  Göz xəstəliklərindən necə qorunmalı