Xalq təbabəti üzrə mütəxəssis, fitoterapevt, Fizuli Hüseynovun broyler toyuqları ilə bağlı video müsahibəsi saytımızda maraqla qarşılanmışdı.
Medicina.az bu dəfə Teleqraf.com-a istinadən həkimin gündəlik qəbul etdiyimiz qidaların orqanizmimizi necə məhv etməsi barədə müsahibəsindən seçilmiş hissəni təqdim edir. Füzuli Hüseynov qidaların təsirindən müasir insanın öləndən sonra cəsədinin də gec çürüyəcəyi kimi maraqlı fikir bildirib:
" Bu gün ürək xəstəlikləri, infarkt, insult ona görə çoxalıb ki, bizim menyumuza yeni transyağlar, yaxud marqarinlər daxil olub. Bizim marketlərdə satılan şirniyyatın bəlkə 90 faizi marqarindən hazırlanır. İnsanlar bilərək-bilməyərək qiyməti ucuzdur deyə alır. Marqarinin, transyağların bədəndə rolu nədir? Marketlərdən sənaye üsulu ilə hazırlanmış elə qida məhsulları alırıq ki, saxlama müddəti iki-üç il olur, normalda belə bir şey mümkün deyil. Onların tərkibinə stabilizatorlar vururlar ki, bu da onun saxlama müddətini uzadır.
Marqarin təzə ixtira olunanda bütün dünya bayram elədi ki, xolesterinə son qoyulur, insanlar tamamilə sağlam olacaq. Bir müddət sonra gördülər ki, əksinə, xolesterin qalxdı.
Marqarin neftdən alınır və bu yağ orqanizmdə sona qədər parçalanmır. Bir müddətdən sonra bir-birinə yapışmış formalarda arterial damarların haçalandığı hissəni tutur.
Biz daimi şəkildə marqarinlə qidalandıqda yağ hissəcikləri yığılaraq ora yapışır, axırda damar tutulmasına gətirir. Bu ya skleroza səbəb olur, ya beynimizə insult verir, ya da hansısa toxumanın qidalanmasını vurub sıradan çıxarır, infarkt edir.
Marqarin, transyağlar və mikroserkulyasiyanı pozan qidalarla qidalanırıqsa, kapillyarlarımız yavaş-yavaş tutulur. Bu kapillyarlar o qədər incədir ki, onları bir-birinin ucuna calasaq yer kürəsini 3 dəfə fırlanmaq olar. Əlimizə iynə batırsa, dərhal qan çıxır, yəni kapillyar o qədər incədir ki, iynə onu deşir. Bu kapillyarlarda qan dövranı yavaş-yavaş pozulur.
Marqarin və transyağlarla qidalanan insanlarda bunlar mütləq baş verəcək. Çünki bu yağlar sona qədər parçalanmır, damarı tutur.
Əvvəllər kolbasa bir həftə, 10 gün saxlanılırdı, indi iki-üç il qalır. İçəcəkləri alıb tərkibinə baxırsan ki, iki-üç il saxlamaq olar. Çünki tərkibində saxlama müddətini uzadan stabilizatorlar var. Onlar qoymur çürümə getsin.
Qatığı mağazadan alıb soyuducuya qoyuruq, 15-20 gün saxlayıb yeyirik. Evdə hazırlanan qatıq isə 2-3 gün sonra turşuyur.
Mağazadan alınan stabilizator vurulmuş məhsulu yeyiriksə, bağırsağımızda çürümə reaksiyası getməlidir ki, həzm olunsun, amma stabilizator buna imkan vermir. Qida çürümür, üstəlik, həmin stabilizatorlar da bizim qanımızı sorulur və bədənimizdə müəyyən hissələrdə depolanır.
Bağırsağı normal işləməyən adam heç vaxt sağlam ola bilməz.
Alimlər araşdırıblar ki, əvvəllər insan öləndən 40-50 gün sonra çürüyürdüsə, indi meyitlər illərlə çürüməmiş qalır.
Hər bir məhsulun özünə uyğun stabilizatoru var. Bağırsaq normal işləməyəndə mikroflorası pozulur. Bədənimizdəki vitaminlərin hamısını xaricdən almırıq ki... Vitaminlərin çox hissəsi bizim bağırsağımızda əmələ gəlir.
Bağırsağın özünün bir mikroflorası, öz dünyası var. Bağırsağın mikroflorasında vitaminlər, insanın yaşlanma prosesinə nəzarət edən fermentlər hazırlanır. Bağırsaqda pozuntu baş verəndə sistem xəstəliklərindən biri əmələ gəlir.
Bağırsaq bizim immunitetimizin əsasını qoyan orqandır. Bağırsağı normal işləməyən adam heç vaxt sağlam ola bilməz. O adam tez qocalacaq, daim xəstə yaşayacaq. Ona görə də sənayeləşmiş qidalardan nə qədər uzaq olsaq, bir o qədər də sağlam yaşayacayıq”.