2015-ci il iyunun 1-dən başlayaraq nikaha girən cütlüklərin icbari tibbi müayinəsi aparılır.
B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutundan Medicina.az-a verilən məlumata görə, müayinələrin aparıldığı üç ildən artıq müddətdə 430 min cütlük tibbi müayinədən keçib. Onlardan 15 min 997 nəfərində talassemiya daşıyıcılığı, 1479 nəfərində sifilis, 355 nəfərində QİÇS aşkarlanıb. Ailə qurmaq arzusunda olan 159 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı olduğu üzə çıxıb.
Talassemiya daşıyıcısı olan 76 hamilə qadın prenatal diaqnostik müayinələrdən keçib və onlara doğulacaq körpələrin sağlamlığının şübhə altında olduğu barədə xəbərdarlıq edilib. İndiyədək onların arasında aparılan müayinələr nəticəsində 18 döldə xəstəlik, 44 döldə isə daşıyıcılıq aşkar edilib, qalan cütlüklərdə dölün sağlam olduğu müəyyənləşib.
Bu ilin altı ayı ərzində 66 min 384 nəfər ailə qurmaq istəyən gənc müayinə olunub. İyun ayında isə 11 min 911 nəfər nikahdan əvvəl icbari tibbi müayinələrdən keçib. Aparılan müayinələr nəticəsində 41 nəfərdə sifilis, 6 nəfərdə QİÇS virusu aşkar edilib. Müayinədən keçən 6 cütlüyün hər ikisinin talassemiya daşıyıcısı olduğu da məlum olub.