Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Evdə qalanda uşaqlar üçün darıxıram..." - VİDEO

  • 2025.02.20 08:44
  • 326 Baxış
"Evdə qalanda uşaqlar üçün darıxıram..." -  VİDEO

Medicina.az qafqazinfo-nun Yeni Klinikanın doğum şöbəsindən reportajını təqdim edir:

Dəhlizə daxil olmamış səs-səsə verən körpələrin çığırtısı eşidilir. Tibb bacıları ora-bura qaçırlar, məlum olur ki, şöbədə üçəm dünyaya gəlib. Sağlam doğulsalar da, zəif olduqlarından onlar açıq tipli isidici çarpayıya yerləşdirilir. Yeni Klinikanın doğum şöbəsində adi günlərdən biri belə başlayır.

Bu dəfə xüsusi icazə və geyimlə xəstəxananın neonatologiya şöbəsində olduq. Burada çalışan tibb bacıları bizim əlimizdə tutmağa ehtiyat etdiyimiz yenidoğulmuşların qayğısına hər gün qalır. Biz də körpələrin necə güvəndə olmalarını izləyib, öz öhdəliklərini peşəkarlıqla yerinə yetirən tibb bacılarını dinlədik.



Əslində doğum şöbəsində çalışanlar üçün gün heç bitmir, burada iş saatı yoxdur. Qeysəriyyə əməliyyatları və istisna halları çıxsaq, dünyaya gələcəkləri günü, saatı körpələr özləri müəyyən edirlər. Sutkanın istənilən saatı doğulanları qəbul etməyə hazır olan tibb bacıları isə növbədə bir-birini əvəzləyir.

Doğum şöbəsinə həyatın başladığı yer də deyə bilərik. Bura çox ailələr üçün ümid, sevinc mənbəyidir. Dəhlizdə üzündə həmin o sevinclə körpəsini geyindirib evə getməyə hazırlaşan gənc analar yanımızdan keçir. Bir müddət əvvəl sosial şəbəkədə məşhurlaşan yenidoğulmuşlara “Qarabağ” mahnısının oxunduğu həmin o fiziologiya otağına daxil oluruq. Burada tibb bacılarından təkcə tibbi biliklər yox, həm də körpəyə və anaya qayğı, empatiya hissi tələb olunur.



Anaların övladını ilk dəqiqələrindən etibar etdiyi tibb bacılarından biri - Samirə İsmayılova ilə həmsöhbət oluruq. Ünsiyyətə nə qədər açıq olsa da, arada bir onun sözünü beşikdəki çağaların çığırtısı kəsir. Klinikada cəmi 6 aydır işə düzəlsə də, körpələrlə bağlı 2 illik iş təcrübəsi var: “Uşaqları sevdiyimə görə uşaq şöbəsində çalışıram. Çox məsuliyyətli peşəmiz var, uşaqlara diqqət və qayğı ilə yanaşırıq. Onlara öz sevgimizi veririk. Mən öz sənətimi sevirəm. Uşaqlarla işləmək üçün gərək işini sevəsən. Artıq onlar ağlayanda bilirik ki, niyə ağlayırlar, ağrıları var, yoxsa acdırlar.

Uşaqların səsinə öyrəşmişik, bizə adi səs kimi gəlir. Sevə-sevə onlarla məşğul oluruq. Ağlayanda qucağımıza alırıq. Bir az danışdırırıq, altını təmizləyirik, ağlama səbəbini aydınlaşdırmağa çalışırıq. Düzdür, danışdıranda başa düşmürlər, amma bizə gözləri ilə mənalı şəkildə baxırlar. Uşaqla tibb bacısının öz dili var...”



Tibb bacısı özü də 3 övlad anasıdır. Uşaqlara o qədər öyrəşib ki, evdə olanda da bu körpələr üçün darıxdığını deyir: “Evdə qalan günləri uşaqlar üçün çox darıxıram. Öz övladlarım deyir ki, sən bizi elə əzizləməmisən ki, o uşaqları əzizləyirsən. Deyirəm artıq siz böyümüsünüz, onlar isə çox körpədirlər. Bəzən zahı qadınlar öz uşaqlarını ilk günlər görmək istəmirlər. Biz belə hallarda analarla söhbət edirik, övladlarını onlara sevdiririk.

İşlədiyim müddətdə 5 kq-a yaxın çəkisi olan uşaq da olub, 1,9 kq olan da. Belə uşaqlar xüsusi nəzarətdə olur, şəkərləri yoxlanılır, az çəkili olanları reanimasiyaya yerləşdirilir”.

Müsahibimin sözlərinə görə, uşaqlar onların yanında çox rahat olurlar. Hətta o qədər rahat ki, bu, anaları da heyrətləndirir: “Bəzən analar soruşurlar, necə olur ki, uşaq bizim yanımızda ağlayır, amma sizin otaqda səsləri gəlmir?! Bilmirəm, bəlkə də, bizim otağın ab-havası ilə bağlıdır. Görünür burada çox rahat olurlar...”



Digər həmsöhbətimiz Sənubər Vəlizadə kiçik tibb bacısıdır. Onu da bura körpələrə olan sevgisi gətirib: “Körpələr bir mələkdir, xüsusi sevgim var. Onlarla işləmək zövqvericidir. Baxmayaraq ki, özüm də 2 övlad anasıyam, təcrübəm var, amma ilk başlayanda həyəcan olur. Daha sonra işin öhdəsindən gəlirik. Uşaqlar bəzən ac olanda, sancıları olanda ağlayırlar. Körpələr danışa bilmədikləri üçün bizim onları başa düşməməyimiz sarıdan bir az çətin olur. Başqa bir çətinlik yoxdur. Həm qidaların vaxtına nəzarət edirik, altını yoxlayırıq. Yemək saatına baxırıq. Onları çimizdiririk, qulluq edirik, hətta masaj edirik.

Bu, evdə uşağa baxmaqdan daha fərqli, daha məsuliyyətlidir. Təbii ki, öz uşaqlarımıza qarşı da məsuliyyətliyik, burada başqalarının övladlarıdır, daha da diqqətli olmalıyıq”.

Doğum evlərində uşaqların səhv düşməsi ilə bağlı xeyli filmlər, kitablarda epizodlar var. Bu məsələ hamı üçün maraqlı olduğundan bir də bu ehtimalın nə qədər doğru ola biləcəyini soruşuruq. Həmsöhbətim isə bunun ancaq filmlərdə ola biləcəyini deyir: “Uşaqların biləyində, topuğunda biləklik olur. Möhkəm bağlanılır, onu çıxarmaq üçün kəsmək lazımdır. Həmin biləkliklər hər növbə yoxlanılır. Ona görə də uşaqların səhv düşməsi mümkünsüzdür”.

Neonatologiya şöbəsinin peyvənd üzrə tibb bacısı Mehin Yolçuyeva da körpələrə qayğısı ilə seçilir. 6 illik tibb bacısı təcrübəsinin son 1,5 ili uşaqlarla bağlıdır. Digərlərindən fərqli olaraq özü ana deyil, amma yenidoğulanlara ana kimi yanaşır: “Heç özüm ana deyiləm. Amma uşaqları çox rahat götürürəm. Bizi işə girəndə təlimlərə göndərirlər, orada uşaqlarla necə işləməyin qaydalarını öyrədirlər. Amma məncə bu tibb bacısının öz içində də olmalıdır, uşaqlarla işləməyi bacarmalıdır. Uşaqları sevməyi bacaran işinin öhdəsindən gələcək”.

Tibb bacıları istisna hallar xaric, yenidoğulanları cəmi 2-3 gün görürlər. Amma onlarla bağlı xatirələr bitib-tükənmir: “Mən reanimasiyada işləyəndə 26 həftəlik körpə doğulmuşdu. Əkiz olsalar da, biri tələf olmuşdu. Həkimlərimizin, tibb bacılarımızın sayəsində sağ-salamat evinə yola salındı. Bir də çəkisi 1,2 kq olan körpə var idi, mən qaça-qaça ondan ötrü gəlirdim. Təxminən ay yarım bizdə qaldı, sonra tam sağlam şəkildə çıxdı. İnsanın içində çox fərqli hisslər yaranır, öz balanmış kimi...”

Tibb bacıları ilə söhbətimizi gələn çağırışlar kəsir. Yemək saatı bitsə də, onlara ehtiyac bitmir. Əslində gəldiyimiz gün adi günlərdən birinə təsadüf etdiyindən şöbədə doğum sayı da normadan çox deyil, təxminən 20-yə yaxın uşaq var. Bəzən isə 24 saat ərzində 24-25 uşaq doğulur. Xüsusən, “12.12”, “01.01” kimi “zerkalni” günlərdə doğulan uşaqların sayı çox olduğundan onların işləri başlarından aşır. Tibb bacıları isə günün ağırlığını və qayğılarını sevgiyə çevirirlər. Bu sevgidən isə hər evə işıq düşür...