Hazırda bağırsaq virus xəstəliyi, mövsümi soyuqdəymə və qrip də olduğu üçün bu xəstəlikləri koronavirusdan fərqləndirmək çətinləşib.
Koronavirusu adi allergiyadan da fərqləndirən məqamları bilmək lazımdır.
Medicina.az evdə hər bir şəxsin əlamətlərə görə özünü koronavirus diaqnostikası edə bilməsi üçün metodları təqdim edir.
Koronavirus simptomları hər xəstədə az və ya çox, uzun və ya qısa olmaqla müxtəlif cür başlayır. Bir insan heç nə hiss etmədiyi halda, digərləri ilk gündən zəifləyir.
İstənilən virus xəstəliyində qızdırma, hərarət olmalıdır. Koronavirusda bu 37 dərəcədən başlayır.
Xəstəlik boğazda, burunda tutulma, yüngül öskürəklə başlayıb, sonra digər əlamətlərə keçir:
- Ağciyərlərdə ağırlıq, sıxılma, təngnəfəslik, tənəffüsdə çətinlik
- Əzələ. sümük ağrıları, bədənin sanki sınması hissi
- Baş ağrısı
- Kürəkdə ağrı
- Burun tutulma, axma
Son tədqiqatlar göstərib ki, birinci yüngül titrətmə gələ bilər, sonra digər əlamətlər qoşulur.
Koronavirusun nadir, az rast gəlinən simptomları:
- Mədə-bağırsaqdan başlayan kovid – ürəkbulanma, qusma, diareya, iştahın itməsi, qarında ağrı, pis qoxu
- Dəridə dəyişiklik – dəridə qırmızı səpkilər, qızartılar, qaşınma.
- Kovid barmaqları sindromu - əl-ayaq barmaqlarının ucları şişir, rəngi ağarır
- Gözlərdən – konyuktivit, yəni iltihab, gözlərin yanması, qaşınma, şişkinlik, qızartı, su axması
- Təfəkkür, beyinin qavramasının dəyişməsi – bu çox xəstələrdə yeganə simptom ola bilər. Daha çox yaşlı insanlarda olur. Xəstə danışa bilmir, deliriy baş verir, xəstə sayıqlayır.
Koronavirusu digər adeno və qrip virusundan fərqləndirən 3 cəhət budur: qrip qəfil başlayır və 3 gündən sonra simptomlar zəifləməyə başlayır.
Koronavirus isə əksinə asta-asta start götürüb, 3 gündən sonra kəskin mərhələyə keçə bilir.
Koviddə öskürək quru olur, nadir halda burundan çox su gəlmə və asqırıq olur. Qripdə isə burun, baş sanki su ilə doludur və burundan su axır, insan asqırır.
Qripdə dad və iybilmə itməsi nadir halda olur.
Allergiyadan fərqi odur ki, allergiyada sümük-əzələlər ağrımır, ümumi zəiflik, təngnəfəslik, əzginlik olmur, eləcə də hərarət 38-ə qalxmır.