Hər ətir bir xatirə daşıyıcısıdır. Sitrus meyvələrinin ətri xoşbəxtlik ovqatı yaradır, lavanda rahatlıq bəxş edir, nanə soyuqluq və sərinlik gətirir. Bəzən yüksək konsentrasiyada olan bir ətir xoşa gəlməyə bilər. Gözəl ətirləri özündə cəmləyən çəmənlik mehi xoş təsir bağışlayır, ancaq eyni bitkilərdən hazırlanan ağır bir ətir narahatedici ola bilər.
Medicina.az bildirir ki, qoxulara qarşı həssaslıq daha az olsaydı, təhlükəli vəziyyətləri hiss etmək olmazdı. Ətirlər qəbul edilən qida haqqında ilk informasiya daşıyıcılarıdır. Məsələn, cəfəri görünüş cəhətdən zəhərli baldırğana çox bənzəyir, lakin qoxusu tamamilə fərqlidir.
Vanil, kakao, darçın, portağal, berqamot qoxuları iştahaaçan qoxular sayılır. Araşdırmalara əsasən, iştaha artıran ətirlərlə yanaşı, iştahanı kəsən və toxluq hissi yaradan ətirlər də mövcuddur. Pəhriz saxlayanlar ətirlərə qarşı xüsusilə diqqətli olmalıdırlar. İştaha mərkəzini sakitləşdirən və toxluq hissi yaradan ətirlər siyahısına yaşıl alma, banan, nanə və sarıkök ətri başçılıq edir.
Aparılan təcrübələrin birində 3 min nəfər hər gün yeməkdən əvvəl yaşıl alma, banan və nanə qoxulayıb. Həmin araşdırma nəticəsində pəhriz saxlayanların 5 kiloqram çəki itirdiyi məlum olub.