Narahatlıq, qorxu, çaxnaşma, panik ataklar zamanı özünə kömək metodlarından biri də nəfəsalma, tənəffüsü tənzimləməkdir.
“Medicina” xəbər verir ki, psixoloq Denis Dolqovun sözlərinə görə, insan çox həyəcanlı və qorxduğu anda tez -tez səthi, sinəsi ilə nəfəs almağa başlayır, bu da ağciyərlərin hiperventilyasiyasına səbəb olur. Bu zaman qanda oksigenin saturasiyası və karbon qazının azalması müşahidə olunur. Bu beyində bəzi prosesləri tətikləyir. Bu proseslər nəticəsində kiçik kapilyarların və qan damarlarının spazmları, qan təzyiqinin azalması və s. baş verir.
“Belə bir balanssızlıq qanda yüksək oksigen tərkibinə baxmayaraq, beyin, ürək, böyrək hüceyrələrində oksigen çatışmazlığına səbəb olur. Hipoksiya baş verir ki, bu da başgicəllənmə, boğazda tıxanma hissi, nəfəs almaqda çətinlik, boğulma hissi, huşunu itirmə və digər xoşagəlməz simptomlara səbəb olur.
Bir neçə dəqiqə ərzində oksigen və CO2 balansını normallaşdırmaq, həmçinin adrenalin səviyyəsini azaltmaq üçün aşağıdakı texnikanı yerinə yetirməlisiniz .
Bu zaman görünüş sahəsində olan istənilən düzbucaqlı, kvadrat obyekti seçmək lazımdır. Məsələn, televizor ekranı. Sonra 4 - ə qədər saymaq lazımdır. Bu zaman baxışlarınızı saat əqrəbi istiqamətində fırladın. Həmçinin nəfəs alarkən yuxarı baxmaq, nəfəsi bir anlıq tutaraq sağ şaquli tərəfə baxmaq, nəfəsi verərkən isə aşağı, sol şaquli istiqamətə baxmaq lazımdır. Əsas məsələ burun yolu ilə nəfəs alıb, ağızla buraxmaqdır.
Lazım gəldikdə bu hərəkəti sakitləşənə qədər bir neçə dəfə təkrarlamaq olar. Hətta adi günlərdə belə etməklə sinir sisteminizi bərpa etmiş olacaqsınız.
Yatmamışdan öncə də bu hərəkətləri etməklə, rahat və sakit yuxuya gedə bilərsiniz”.
Günay Quluzadə