Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? – Nevroloqdan valideynlərə MƏSLƏHƏTLƏR

  • 2018.10.06 11:04
  • 17108 Baxış
Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? –  Nevroloqdan valideynlərə MƏSLƏHƏTLƏR
Əksər ata-analar elə düşünürlər ki, uşaqlarda hər şeydən qıcıqlanma və əsəbləşmə valideynlərdən irsən keçən xüsusiyyətdir. Onların mövqeyi bir qədər doğru olsa da, əksər hallarda belə yanaşma yanlışdır. Çox vaxt nevroz əlamətləri ilə seçilən valideynlər dünyaya tamamilə sağlam övladlar gətirirlər, lakin sonralar bu sağlam, sakit və təmkinli uşaqlar ailədəki münaqişə və disharmoniyanın, valideynlərin gündəlik emosional vəziyyətlərinin təsiri altında əsəbi və hər şeyə görə özündən çıxan olurlar.


Medicina.az xəbər verir ki, bu fikirlər "Caspian International Hospital”ın həkim-nevroloqu Xəyalə Məmmədovaya məxsusdur. Onun AZƏRTAC-a verdiyi məlumata görə, əsəbi uşaqlar tez qıcıqlanırlar və onları özlərindən çox asan çıxarmaq olur: "Belə uşaqlar gecə bir neçə dəfə yuxudan oyanır, qışqırır və ağlamağa başlayırlar, sanki nədənsə qorxurlar. Belə hallarda onları sakitləşdirmək çox çətin olur. Dostları ilə oyun zamanı hər kiçik şeydən ötrü tez-tez əsəbiləşir, savaşır və elə təsəvvür yaranır ki, onların əlləri, ayaqları, hətta dilləri da dayanmadan hərəkətdədir. Bir işi qurtarmamış başqasından yapışır, yorğunluq üstün gələndə hövsələdən çıxırlar. Əsəbi uşaqların istedadlı, ağıllı və qabiliyyətli olması az rast gəlinən hal deyil, lakin problem ondan ibarətdir ki, həddindən artıq hərəkətlilik, emosional özündən çıxmalar onlara öz enerjilərini lazımi məcraya yönəltməyə imkan vermir”.


Həkim-nevroloq belə davranışın səbəbləri haqqında danışarkən deyib: "Nevrotik reaksiyalar əksər hallarda anadangəlmə deyil, onlar sosial amillərin təsiri altında yaranır və ilk növbədə, tərbiyə şəraitindən asılı olur. Əgər ailədə uzun müddət əlverişsiz şərait hökm sürürsə, valideynlər yola getmir və uşağın yanında höcətləşirlərsə, həmin münaqişəli vəziyyət onun psixikasını zədələyir, nevrozun yaranmasına gətirib çıxarır.


Obrazlı şəkildə əsəbi uşağı partlayıcı qaytağına, valideynlərin kobud davranışını isə ona od vuran kibritə bənzətmək olar. Süngər suyu özünə çəkdiyi kimi, uşaqlar da gördükləri və eşitdikləri hər şeyi tez götürürlər. Ona görə də soyuqluq və kobud davranış onların əsəb sistemini sarsıdır. Başları mübahisəyə qarışmış ata-ana bir an kənarda dayanıb öz uşağına nəzər sala bilsəydi, onun solğun və pərişan olduğunu görər, daxili gərginliyinin dərəcəsini qiymətləndirərdi. Ailə qalmaqalları uşaqların sinir sisteminə güclü təsir göstərir və müəyyən iz qoyur”.


Həkim-nevroloq uşaqlarda əsəb pozulmalarının qarşısını almaq üçün bəzi tövsiyələr verib: "İlk növbədə, çalışmaq lazımdır ki, valideynlər, dostlar və qohumlar arasında baş verən hər hansı münaqişədə uşaqların iştirakına yol verilməsin. Valideynlərin uşaqlarla bir otaqda yatması məsləhət görülmür, çünki bu, onların sağlamlığı üçün zərərlidir. İmkan daxilində uşaqların yataq otağı ayrı olmalıdır. Uşaq ətrafında gördüyü və eşitdiyi hər şeyi özünə çəkir, lakin bu analogiya o zaman yararsız hesab olunur ki, uşaq böyüklərin etdiyi və danışdığı hər şeyi təkrarlamağa həddən artıq səy göstərir. Uşaqların daim ünsiyyətdə olduğu adamlar tez-tez dalaşır və ya mübahisə edirlərsə, onda sağlam doğulmuş uşaq da həmin mühitdə əsəb pozğunluğu ilə üzləşə bilər. Bu cür qeyri-normal hallar tədricən möhkəmlənərək şəxsiyyətin inkişafına mənfi təsir göstərir. Öz övladlarında həmin zərərli vərdişin formalaşmasının qarşısını almaq istəyən valideynlər hərəkətlərinə nəzarət etməli və uşaqların normal inkişafı üçün xoşagəlməz nümunə yaratmamalıdırlar.


Hədsiz ciddiyyət və təzyiqlə öz valideynlik nüfuzunu təsdiq etmək cəhdi, çoxlu göstəriş və qaydalar, hər xırda məsələdən ötrü cəzalandırma və avtoritar tərbiyənin buna bənzər digər təzahürləri uşağın psixikasını zədələyir. Fiziki cəzalar onun fiziki və zehni inkişafına mənfi təsir göstərir. Psixoloqlar hesab edirlər ki, uşaqlarla qəddar davranış onlarda psixiki və sinir sistemi pozulmalarının səbəbi olmaqla yanaşı, onların mənəviyyatına da mənfi təsir edir. Bəzi valideynlər özlərini uşaqlarla hövsələsiz aparır, məntiqsiz hərəkətlərə yol verirlər. Onlar asanlıqla bir ifratçılıqdan digərinə, hədsiz ciddilikdən yersiz əzizləməyə və ya əksinə keçirlər. Əvvəlcə cəzalandırılan uşağın qışqırığı və fəryadı ətrafa yayılır, bir neçə dəqiqə sonra qəzəb məhəbbətlə əvəz olunur və uşağı o qədər əzizləyib oxşayır ki, valideynin cəzası ona qeyri-real görünür. Tərbiyəyə bu cür yanaşma uşaqları qərarsız edir və valideynlərinin onların davranışına məhəbbət və mehribanlıqla və yaxud əksinə, qəzəb və əsəbiliklə cavab verəcəyini bilmirlər. Ona görə də valideynlər istifadə etdikləri metodları diqqətlə yoxlamalıdırlar ki, onların aydın və sağlam prinsiplər üzərində qurulduğuna əmin olsunlar.


Təcrübə göstərir ki, əsəbi uşaqların yaxşı düşünülmüş və ehtiyatlı münasibətə xüsusi ehtiyacı var və onların həyatı əlverişli ailə şəraitində keçməlidir. Uşaqda narahatlıq baş verəndə onun vəziyyəti ilə əlaqədar ixtisaslı həkimlə məsləhətləşərək lazım olan rahat və sakit şərait təmin edilməlidir”.


Həkim-nevroloq Xəyalə Məmmədova söhbətinin sonunda deyib: "Uşaqlar üçün yuxunun əhəmiyyətini qiymətləndirmək çətindir. Əsəbi uşaqlar gündəlik fəaliyyətlərində öz yaşıdları ilə müqayisədə daha çox enerji sərf edirlər. Bu enerjini doldurmağın ən yaxşı yolu rahatlanma və sakit yuxudur. Kiçik yaşlı uşaqların daha uzun yuxuya ehtiyacı var. Lakin beş və ya altı yaşına qədər olan uşaqlara gecə yuxusu ilə yanaşı, gündüz saatlarında yatmaq üçün bir saat yarımdan iki saata qədər vaxt ayrılmalıdır. Yuxarı yaşlarda olan əsəbi uşaqlara gündüz saatlarında bir saatdan az olmamaq şərti ilə yuxulamaq vacibdir. Uşaqlar bu saatlarda hətta yuxuya gedə bilməsələr də, rahatlanma onlara əsəb gərginliyin dərəcəsini aşağı salmağa imkan verir. Bütün uşaqları axşam müəyyən edilmiş vaxtda yatızdırmağa çalışmaq lazımdır, əsəbi uşaqlara gündəlik qaydaları pozmaq və gecə yarısına kimi oturmağa icazə verilməməlidir”.