“Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı problemləri var. Bəzi ərzaq məhsulları - bitki yağları, buğda, bəzi toyuq məhsulları, bundan başqa gübrələr, dərman pereparatları var ki, biz bunları xaricdən idxal edirik. Ona görə müəyyən təhlükələrin olması qaçılmazdır”.
Bunu Bakupost.az -a iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı danışarkən deyib.
N.Cəfərli ölkədə yaxın vaxtlarda iqtisadi böhranın olacağı ilə bağlı proqnozlardan da danışıb:
“Azərbaycanla bağlı fəlakətli ssenarilərin olması çox aşağı ehtimaldır. Çünki valyuta ehtiyatlarımız kifayət qədərdir və getdikcə artır. Əsas neft məhsuludur ki, onun xarici bazarda qiyməti artıb. Hazırda ölkəyə daha çox valyuta gəlir. Amma ərzaq buğdası ilə bağlı yeni mənbələr tapmalıyıq.
Çünki əvvəl Rusiyadan alırdıq, indi may ayına qədər buğda və bitki yağlarını satmayacaq. Rusiya qadağa qoydu, Ukrayna isə müharibə olduğu üçün sata bilmir. Bu məsələlərlə bağlı müəyyən problemlər yarana bilər, qiymət artımı isə davam edəcək. Həm daxili problemlərdən, həm də xaricdəki qiymət artımına görə Azərbaycanda inflyasiya sürətlə artacaq. Bunu yaxın zamanlarda daha çox hiss edəcəyik”.
Ekspert ölkədə kiçik-orta sahibkarlığın inkişafını sürətləndirməyin vacib olduğunu vurğulayıb:
“Bütün inkişaf etmiş ölkələrin onurğa sütunu həmişə kiçik-orta sahibkarlıq olub. Azərbaycanda isə kiçik-orta sahibkarlıq iqtisadiyyatımızın çox cüzi hissəsini təşkil edir. Yəni ümumdaxili məhsulun formalaşmasında 5-6%-lə iştirak edir. Bu, Avropa ölkələrində 60-70% civarındadır. İri holddinqləri, böyük istehsal sahələrinin yaradılmasını dəstəkləməkdənsə, məhz kiçik-orta sahibkarlıqla bağlı ciddi addımlar atılması çox vacibdir. Belə olduğu zaman iqtisadiyyatda da ciddi dəyişiklik olacaq və bolluq yaranacaq”.
Fəridə
Baku Post