Alimlər əcdadlarımızın mühafizəkar iffət məsələsində və erkən seksə qadağalarda əslində fayda olduğunu kəşf ediblər.
“Medicina” xəbər verir ki, qızlar cinsi fəaliyyətə çox erkən başlasa, onlarda uşaqlıq boynu xərçəngi (skuamöz hüceyrəli karsinoma) inkişaf riski iki dəfədən çox artır.
Məlum olduğu kimi, bu tip şişlərin əksəriyyətinə cinsi yolla keçən HPV virusu səbəb olur.
Böyük Britaniyada yeniyetmə qızlar adətən ilk cinsi təcrübələrini 15 yaşında yaşayırlar. Səhiyyə Nazirliyinin qaydaları isə HPV üçün ilk testin 25 yaşında, yəni potensial infeksiyadan 10 il sonra keçirilməsini nəzərdə tutur.
Alimlər yazır ki, aztəminatlı ailələrdən olan gənc qızlar arasında uşaqlıq boynu xərçənginin yüksək faizinin səbəbi diaqnozun gecikməsidir.
Bundan əlavə, qadının ilk övladını dünyaya gətirdiyi yaş da mühüm risk faktorudur.
Ancaq siqaret və cinsi partnyorların sayı heç bir nəzərə çarpan rol oynamır.
Alimlər bu qənaətə 20 mindən çox qız üzərində aparılan araşdırma əsasında gəliblər.
Həkimlər qızları müntəzəm cinsi fəaliyyətə başlamazdan əvvəl hələ məktəbdə olarkən HPV-yə qarşı peyvənd etməyə çağırır. Əgər peyvənd olunmayıbsa, qızlar və valideynlər onları ildə 1 dəfə müayinədən keçirsin.
Aygün Musayeva