“Ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir”.
Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.
Erkən yaşda baş verən hamiləliklərin və ya doğuşların riskləri ilə bağlı danışan S. Məmmədova qeyd edib ki, erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur. Bu gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir:
“Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir”.
Baş mama-ginekoloq, həmçinin keysəriyyə əməliyyatından sonra normal doğuşlara da münasibət bildirib:
“Kəsik əməliyyatı, abdominal doğuş mütləq şəkildə ciddi göstərişlərlə icra olunur. Bu göstərişlər 5 kateqoriyaya bölünür. Ümumiyyətlə, nəzəri olaraq bəzi ölkələrdə açıq əməliyyat otağı şəraitində müəyyən şərtlər gözlənilməklə keysəriyyə əməliyyyatı icra olunduqdan sonra normal doğuşu idarə edirlər. Lakin ölkəmizdə müvafiq qanunlara uyğun olaraq bu, yolverilməzdir və uşaqlıq üzərində hər hansı bir çapıq olduğu halda bu, bilavasitə təkrar cərrahi doğuşa göstərişdir”.