Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əri tərəfindən döyülən 81 yaşlı qadının vəziyyəti ağırdır

  • 2022.04.09 16:02
  • 1784 Baxış
Əri tərəfindən döyülən 81 yaşlı qadının vəziyyəti ağırdır

Ötən gün gecə saatlarında əri tərəfindən döyülən Beyləqan rayon Birinci Şahsevən kənd sakini 81 yaşlı Dilarə Həsənovanın vəziyyəti ağır olaraq qalır.

Bakupost.az xəbər verir ki, bu barədə Trend-ə Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədov məlumat verib.
Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədovun sözlərinə görə, yaşlı qadın koma vəziyyətindən çıxsa da, hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, vəziyyəti ağır olaraq qalır.


"7 Aprel 2022-ci ildə saat 12:30 radələrində xəstəxanamıza Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1941-ci il təvəllüdlü Həsənova Dilarə Fərrux qızı xəsarət alaraq daxil olmuşdur. Müayinə zamanı xəstədə başın tüklü hissəsin, alın nahiyəsinin, hər iki əlin, çoxsaylı çapılmış, kəsilmiş yaraları və eyni zamanda, qapalı kəllə-beyin travma diaqnozu qoyulmuşdur. Xəstəyə təcili qaydada müvafiq tibbi yardım göstərilmiş, yaraları sarılmış, birinci cərrahi tikişlər və ətraflar gipsə qoyulmuşdur. Hazırda xəstənin ümumi vəziyyəti ağır stabildir. Diaqnostika şöbəsində müayinə müalicəsi davam etdirilir", - deyə həkim əlavə edib.


Qeyd edək ki, 81 yaşlı Dilarə Həsənovanı ağır xəsarətlər yetirən əri, 1940-ci il təvəllüdlü Nuru Həsənov rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə baş verən zaman yaşlı cütlük evdə tək olublar. Ailə münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə 7 övladının anası olan həyat yoldaşını döyən Nuru Həsənovun psixoloji problemləri olduğu deyilir. Ailə üzvləri çəkliş aparılmasına razı olmasalar da, söhbət əsnasında bildiriblər ki, ataları Nuru Həsənov yeriməkdə çətinlik çəkən analarını elə onun öz çəliyi ilə döyüb. Ailə üzvləri baş verən hadisədən, yəni döyülərək xəstəxanalıq olan analarına və bu səbəbdən polis tərəfindən saxlanılan atalarına görə utandıqlarını, hansını müdafiə edəcəklərini bilmədiklərini deyiblər.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.