Erektil disfunksiya olaraq bilinən hal kişilərin üzləşdikləri ən böyük problemlərdən biridir. Geniş yayılmış bu problemin həm fiziki, həm də psixoloji səbəbləri var.
Medicina.az xəbər verir ki, uroloq-androloq Bator Qonçikov “Gazeta.Ru”ya bu problemin əsas səbəbləri barədə danışıb.
Onun sözlərinə görə, erektil funksiyaya təsir edən əsas amillərdən biri qan damarlarında yaranan problemlərdir.
“Tıxanmış arteriyalar və qan damarlarının daralması penisə qan axınının məhdudlaşdırılmasına və ereksiya problemlərinə səbəb ola bilər.
Stress, depressiya, narahatlıq və digər psixoloji problemlər də cinsi funksiyaya təsir edə bilər.
Psixi diskomfort libidonun azalmasına və ereksiya problemlərinə gətirib çıxarır”, - deyə həkim bildirib.
Onun sözlərinə görə, bunlardan əlavə, diabet, ürək-damar patologiyaları və yüksək təzyiq kimi xroniki xəstəliklər də bu problemin inkişafını sürətləndirir:
“Bu xəstəliklər zamanı sinirlər və qan damarları zədələnir, bu da erektil disfunksiyaya səbəb olur”.
Həkim bəzi dərmanların (məsələn, allergiya dərmanları, depressiya dərmanları və xolesterol dərmanları) əks təsirləri nəticəsində də cinsi funksiyada zəifləmə ola biləcəyini diqqətə çatdırıb:
“Yeni dərmana başladıqdan sonra ereksiya ilə bağlı probleminiz yaranıbsa, bunu həkiminizlə müzakirə edin”.
O, həmçinin bildirib ki, münasibətlərdə problemlər, özünə inamın az olması və partnyorla münaqişələr cinsi funksiyaya təsir edə bilər.
“Partnyorunuzla emosional əlaqə və ünsiyyət ereksiya problemlərinin həllində vacib aspektlərdir.
Anlamaq lazımdır ki, impotensiya eyni vaxtda bir neçə amildən qaynaqlana bilər. Çox vaxt bu, fiziki və psixoloji səbəblərin birləşməsindən yaranır.
Ereksiya probleminiz varsa, diaqnoz və müalicə üçün bir uroloqa müraciət etməyiniz vacibdir. Probleminizi həkiminizlə müzakirə etməkdən və sizi narahat edən hər hansı sualı verməkdən çəkinməyin.
İmpotensiya müvafiq yanaşma və mütəxəssislərin dəstəyi ilə uğurla müalicə edilə bilər”, - deyə uroloq yekunlaşdırıb.
Aysel