Epilepsiyanın irsi formalarının meydana çıxmasına cavabdeh olan genlər aşkarlanıb.
Bunu Medicina.az saytına müsahibəsində Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının müdiri, əməkdar həkim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Şərif Mahalov bildirib.
Professor deyir ki, əgər valideynlərdən biri epilepsiyadan əziyyət çəkirsə, bu risk 3%-dir. Əgər ana xəstədirsə, bu risk daha yüksəkdir. Hər iki valideyn xəstədirsə, irsən ötürülmə riski 15%-ə qədər yüksələ bilər. Onun sözlərinə görə, simptomatik adlanan bəzi epilepsiya formalarında xəstəliyin inkişafının səbəbi antenatal və perinatal travmalar (məs., hipoksiya və ya doğuş travması), anadangəlmə malformasiyalar, baş travmaları, insultlar, beyin şişləridir: "Epilepsiyanın səbəbi hadisələrin təqribən yarısında isə təyin olunmamış qalır”.
Qeyd edək ki, epilepsiya hər hansı təhrikolunmamış təkrarlanan tutmalarla (həmçinin "qıcolma” kimi məlumdur) xarakterizə olunan baş beyinin xəstəliyidir. Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstə, həm də ətrafdakıların böyük güclü təşvişinə səbəb olur. Epilepsiyalı xəstələrin böyük əksəriyyətində tutmalar qəflətən və gözlənilmədən baş verir. Bəzi xəstələrdə tutmadan bir neçə saat öncə əsəbilik, narahatlıq, başgicəllənmə, başağrı qeyd olunur. Bəzən tutmadan öncə aura meydana gəlir. Aura - lokal tutmaya uyğun ilk subyektiv simptomdur. O, huşun itməsindən öncə gəlir. Bəzi hallarda aura xəstəliyin yeganə əlaməti ola bilər. Adətən aura çox qısamüddətli olur və cəmi bir neçə saniyə davam edir. Auralar keylik hissi, qulaqlarda cingilti, işıq qığılcımı, ağızda hər hansı dad hissiyyatı, istilik hissi və s. kimi meydana çıxır. Auranın vacib əlamətləri onun tutmadan tutmaya təkrarlanmasıdır. Aurası olan xəstə bilir ki, onun ardınca tutma gəlir və həmin an oturmağa və ya uzanmağa çalışır ki, yıxılmadan, zədələnmədən özünü qorusun.