Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Epilepsiyanı yaradan səbəblər- “İrsi yolla da keçir” - Professor Şərif Mahalovla MÜSAHİBƏ

  • 2019.01.17 15:01
  • 47836 Baxış
 Epilepsiyanı yaradan səbəblər- “İrsi yolla da keçir”  - Professor Şərif Mahalovla MÜSAHİBƏ

Bu gün epilepsiya cəmiyyətdə ən çox narahatlıq doğuran xəstəliklər sırasındadır. Bəs bu xəstəlik hansı səbəbdən yaranır, tam müalicəsi mümkündürmü? Bu xəstələrin həyat tərzi necə olmalıdır? 

Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının müdiri, əməkdar həkim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Şərif Mahalovun Medicina.az-a müsahibəsində xəstəliklə bağlı hər kəs üçün maraqlı məqamlara aydınlıq gətirib:


- Doktor, əslində epilepsiya nədir? 


- Epilepsiya hər hansı təhrikolunmamış təkrarlanan tutmalarla (həmçinin "qıcolma” kimi məlumdur) xarakterizə olunan baş beyinin xəstəliyidir. Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstə, həm də ətrafdakıların böyük güclü təşvişinə səbəb olur. Epilepsiyalı xəstələrin böyük əksəriyyətində tutmalar qəflətən və gözlənilmədən baş verir. Bəzi xəstələrdə tutmadan bir neçə saat öncə əsəbilik, narahatlıq, başgicəllənmə, başağrı qeyd olunur. Bəzən tutmadan öncə aura meydana gəlir. Aura - lokal tutmaya uyğun ilk subyektiv simptomdur. O, huşun itməsindən öncə gəlir. Bəzi hallarda aura xəstəliyin yeganə əlaməti ola bilər. Adətən aura çox qısamüddətli olur və cəmi bir neçə saniyə davam edir. Auralar keylik hissi, qulaqlarda cingilti, işıq qığılcımı, ağızda hər hansı dad hissiyyatı, istilik hissi və s. kimi meydana çıxır. Auranın vacib əlamətləri onun tutmadan tutmaya təkrarlanmasıdır. Aurası olan xəstə bilir ki, onun ardınca tutma gəlir və həmin an oturmağa və ya uzanmağa çalışır ki, yıxılmadan, zədələnmədən özünü qorusun. 


- Epileptik tutmaların hansı xarakter əlamətləri var? 


- Epileptik tutmalar müxtəlif olur və beyinin zədələnən sahəsindən asılıdır. Tutma anında huşun pozulması böyük əhəmiyyət kəsb edir. Epileptogen zədələnmə beyinin istənilən şöbəsində ola bildiyi kimi, ondan qaynaqlanan tutmalarda epileptik aktivlik ocağına uyğun olaraq hərəki, psixi və vegetativ əlamətlər ola bilər. Bununla yanaşı epileptik tutmaların ümumi oxşar cəhətləri var - qəfləti başlanğıc, qısa davametmə (saniyə anlarından 5-10 dəqiqəyədək), spontan keçmə və təkrarlanan. Epileptik tutmalar baş beyində neyron boşalmalarının meydana çıxmasından asılı olaraq fokal (parsial) və generalizəolunmuş ola bilər. Sadə fokal tutmalar huşun saxlanılması, mürəkkəb isə itməsi ilə təzahür edir. Generalizəolunmuş tutmalar isə böyük əksəriyyətdə huşun itməsi ilə müşahidə olunur. 


- Epilepsiyanın əsas səbəbləri nədir? 


- Epilepsiyanın səbəbləri müxtəlifdir. Bir sıra hallarda xəstəliyin səbəbi irsi - genetik faktordur. Epilepsiyanın irsi formalarının meydana çıxmasına cavabdeh olan genlər aşkar olunub. Epilepsiyanın səbəbi hadisələrin təqribən yarısında təyin olunmamış qalır. Simptomatik adlanan bəzi epilepsiya formalarında xəstəliyin inkişafının səbəbi antenatal və perinatal travmalar (məs., hipoksiya və ya doğuş travması), anadangəlmə malformasiyalar, baş travmaları, insultlar, beyin şişləridir.  


- Epilepsiyanın  irsən  ötürülmə ehtimalı nə  dərəcədə  yüksəkdir? 


- Əgər  valideynlərdən  biri  epilepsiyadan  əziyyət  çəkirsə, bu  risk  3%-dir.  Əgər  ana  xəstədirsə  bu  risk  daha  yüksəkdir.  Hər  iki  valideyn  xəstədirsə,  irsən  ötürülmə  riski  15%-ə  qədər  yüksələ  bilər. 

 

 


- Epilepsiya hansı yaşda başlayır və yayılması necədir? 


- Bu xəstəlik müxtəlif yaşlarda müşahidə oluna bilər, daha çox uşaqlarda və ahıl yaşlarda rast gəlinir. Prinsipcə, hər bir insan müəyyən bəlli şərtlər daxilində epileptik tutma keçirə bilər. Ümumilikdə, dünyada təqribən 250 milyon insan bir epileptik tutma keçirir. Ancaq tək tutmanın olması epilepsiya diaqnozunun qoyulması üçün yetərli deyil. 


Dünyada elə bir ölkə yoxdur ki, orada epilepsiya xəstəliyinə rast gəlinməsin. Müxtəlif ölkələrdə epilepsiyanın yayılması hər 1000 nəfər əhaliyə 1,5-50 hadisə arasında dəyişir.  Xəstələnmə hər 100 min nəfər əhaliyə 20-53 hadisə təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 100-190-dır. Hazırda planetdə 75 milyon insan epilepsiyadan əziyyət çəkir. Hər il dünya üzrə 2 milyon 500 min yeni xəstələnmə halı qeydə alınır. Bütün xəstəliklərin ümumi qlobal yükünün 0,5%-i epilepsiyanın payına düşür. 


- Azərbaycanda epilepsiyanın epidemioloji göstəriciləri necədir? 


- Azərbaycanda epilepsiyanın yayılması hər 1000 nəfərə 3,7 - 8 hadisə, xəstələnmə isə hər 100 000 nəfərə 24,4 - 83 hadisə təşkil edir. Hazırda Azərbaycanda 60 mindən  çox insan epilepsiyadan əziyyət çəkir. 


Qeyd etmək lazımdır ki, Azərbaycanda bəzi yaş qruplarında xəstəliyin yayılması, xəstələnmə halları haqqında əldə olan məlumatlar o qədər də inandırıcı deyil. Azərbaycanda inkişaf etmiş ölkələrdə xəstəliyin yayılmasının, xəstələnmə hallarının göstəricilərinin müqayisəsində 15 yaşa qədər olan qruplarda alınan nəticələr oxşardır. Yaşlı qruplarda (60-69) isə inkişaf etmiş ölkələrlə (ABŞ, Kanada, uyğun olaraq 6,83 və 7,2/1000 nəfər) müqayisədə ölkəmizdə bu göstərici çox aşağı olub. Ölkəmizdə bu göstərici müvafiq olaraq hər min nəfərə 1,88 və 1,18 nəfər olub. Bunun səbəbi müəyyən dərəcədə belə yaş qruplarında xəstəliyin aşkarlanmasının zəif səviyyədə aparılması ilə bağlıdır. Bir çox həkimlər, eləcə də nevroloqlar kəllə - beyin travmaları, insultlar, ensefalitlər, meningitlər, şişlər olan xəstələrdə ilk və spontan təkrarlanan epileptik tutmalarla qarşılaşdıqları zaman qıcolma əleyhinə dərman preparatlarının təyin olunması ilə kifayətlənirlər. Həmin qrup xəstələrdə simptomatik epilepsiyanın diaqnozunun təsdiq və ya inkar olunması üçün nə dinamik kliniki nəzarət, nə də xüsusi müayinələr aparılmır.


Hazırda ATU-nun Nevrologiya kafedrasının əməkdaşları yuxarıda göstərilən məlumatların daha dəqiqləşdirilməsi istiqamətində müxtəlif etioloji amillərdən yaranan epilepsiyanın klinik mənzərəsi, rastgəlmə tezliyi və ehtimal olunan risk faktorlarının aşkarlanması istiqamətlərində ciddi işlər aparırlar. 


- Epilepsiyanın profilaktikası mümkündürmü? 


- Epilepsiyanın səbəbləri və tipləri müxtəlif olduğundan onun birincili profılaktikası bütün hallarda effektiv deyil. Hər hansı təhrikedici faktor olmadan yaranan epilepsiyanın qarşısını tamamilə almaq mümkünsüzdür. Epilepsiyanın irsi formaları profilaktikaya tabe olmur. Bununla yanaşı, tibbi yardımın yaxşılaşdırılması meningit və ensefalitdən sonra yarana biləcək epilepsiya xəstəliyini azalda bilər. Kəllə-beyin travmalarından qorunmaq (yollarda təhlükəsizlik tədbirlərini artırmaq, istehsalatda baş üçün kaskalardan istifadə) posttravmatik epilepsiyanın yaranmasnın qarşısını almaq üçün ən effektiv üsuldur. Mamalıq xidmətinin, eləcə də parazitar (exinokokkoz və toksoplazmoz) və bakterial (xüsusilə vərəm və digər) xəstəliklərin ləğvinə yönəlmiş ictimai səhiyyə tədbirlərinin yaxşılaşdırılması yeni epilepsiya hallarının azalmasına zəmin yarada bilər. 


- Epilepsiyan tam müalicə etmək mümkündür? 


- Epilepsiya uzunillik müalicə tələb edir. Sözsüz ki, bütün dünyada, eləcə də Azərbaycanda da epilepsiyanın əsas müalicə metodu epilepsiya əleyhinə dərmanların (EƏD) istifadəsidir. Epilepsiyanın müalicəsində məqsəd tutmaların tamamilə kəsilməsidir. Müasir farmakoterapiyanın uğurları sayəsində təqribən 60- 70% hallarda tutmalara tam nəzarət mümkündür. Əksər hallarda epilepsiya müalicə olunan və sağalan xəstəlikdir. Ancaq unutmamalıyıq ki, müalicəyə çətin tabe olan epilepsiya formaları da mövcuddur. Bu, 20% hallarda birincili generalizəolunmuş və 35% fokal tutmaları olan xəstələrdə müşahidə olunur.  


- Epilepsiyanın müalicəsində epilepsiya əleyhinə dərmanlardan başqa hansı müalicə üsullarından istifadə olunur? 


- Epilepsiyanın müalicəsində digər metodlar da tətbiq olunur. Onların arasında daha geniş tətbiq olunan cərrahi müalicə xüsusi yer tutur. Epilepsiyanın bu müalicəsi yalnız o vaxt tətbiq olunur ki, epileptik tutmaları EƏD-la qarşısını almaq mümkün olmur. Bununla belə, bu müalicənin bir çox əks göstərişləri var. Cərrahi müalicəyə ehtiyacı olan xəstələri seçərkən onların kliniki vəziyyətlərinin, neyrofızioloji, neyropsixoloji, psixiatrik və psixososial məlumatlarının qiymətləndirilməsi mütləqdir. Cərrahi müdaxiləni ümumi qəbul olunmuş ixtisaslaşdırılmış mərkəzlərdə həyata keçirmək lazımdır. Xəstənin həm müayinəsi, həm də əməliyyat xüsusi mürəkkəb prosedurlar tələb edir. Cərrahi əməliyyatın geri qaytarılmayan proses olduğunu nəzərə almaq lazımdır.  Buna görə də real olaraq cərrahi müalicə 8-10% hallarda farmakorezistent epilepsiyalar zamanı tətbiq olunur. Epilepsiyanın müalicəsində epileptocərrahiyyəyə aid olan qamma - bıçaq, beyinin dərin stimulyasiyası, periferik sinirlərin stimulyasiyası və digər bu kimi innovasion terapiyalar da tətbiq olunur. Epilepsiyanın sadalanan müalicə metodları vədverici, cəlbedici və perspektivli olsa da, onların effektivliyinin isbat olunması üçün geniş randomizəolunmuş tədqiqatlar lazımdır. Digər müalicə metodları kimi hipnoz, aromaterapiya və iynəbatırma məlumdur. Bunların effektivliyi haqqında isə olduqca az informasiya var və ya heç yoxdur. 


- Azərbaycanda epileptologiyanın uğurları və problemləri barədə nə demək olar?  


- Son 20 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. Xəstəliyin epidemiologiyası, nozoloji və semioloji strukturu, xəstələrin həyat keyfiyyəti, qadınlarda epilepsiya öyrənilib. Həmçinin epilepsiyanın mövcud qeydiyyat sisteminin, diaqnostikanm keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.

Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Bunlardan xəstələrin tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla (fenobarbital, difenin, karbamazepin və valproy turşusu) dövlət hesabma təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizatı, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim- epileptoloqların konsultasiyalarının təşkilini, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onların daim həkim - epileptoloqun nəzarətdə saxlanmasını misal çəkmək olar. 

Epilepsiyalı xəstələrə göstərilən müalicə - profilaktik işlə bağlı bütün problemlərin həlli, şübhəsiz ki, çətin məsələdir. İnkişaf etmiş ölkələrin özündə belə epilepsiyalı xəstələrə yardımın təşkilində əhəmiyyətli dərəcədə problemlər mövcuddur.

İnkişaf etmiş ölkələrdə epilepsiya ilə mübarizə göstərdi ki, ixtisaslaşdırılmış epileptik mərkəzlər epilepsiyadan əziyyət çəkən xəstələrin diaqnostika, müalicə və reabilitasiyasında yüksək effektivliyə malikdir. Respublikamızda bu cür ixtisaslaşdırılmış epileptik mərkəzin açılması yaxın gələcəkdə tam realdır. Bununla belə epilepsiyalı xəstələrə göstərilən müalicə - profilaktik və sosial yardımlara yönəlmiş cəhdlər təxirə salına bilməz.

Artıq uzun illərdir ki, dünyada epilepsiya sinir sistemi xəstəliyi olaraq tanınır. Bu istiqamətdə pozitiv tədbirlərdən biri epilepsiyalı xəstələrin müalicəsinin nevroloqlar tərəfindən aparılmasının təşkili olar. Biz eləcə də hesab edirik ki, həkim - epileptoloq ixtisasının təsis olunması və böyük şəhərlərimizin poliklinikalarında epileptik kabinetlərin təşkili zəruridir.


- Azərbaycanda  epilepsiya  xəstələri  üzərində  cərrahiyyə  əməliyyatı  keçirilirmi?


- Yuxarıda  qeyd  etdiyimiz  kimi  cərrahi  müalicəyə  ehtiyacı  olan  xəstələri  seçərkən  bir  çox  göstəricilər  qiymətləndirilməlidir.  Xəstənin  həm  müayinəsi  həm  də  əməliyyat  xüsusi  mürəkkəb  prosedurlar  tələb  edir  və  bu  müdaxilələr  xüsusi  ixtisaslaşdırılmış  mərkəzdə  yerinə  yetirilməlidir.  


 

 


- Epilepsiyanı  qeyri -ənənəvi  üsullarla  müalicə  etmək  olarmı? 


- Əgər  epilepsiya  əleyhinə  preparatlar  tutmaları  tamamilə  dayandırmırsa,  cərrahi  müalicəyə  göstəriş  yoxdursa  və  ya  kömək  etmirsə,  xəstə  və  onun  yaxınları  rəsmi  tibbi  xidmətə  inamlarını  itirirlər.  Nəticədə  mediada  rast  gəlinən  sensasiyalı  elanlar  onları  cəlb  edir  və  qeyri -ənənəvi  müalicə  üsulları  ilə  məşğul  olan  mütəxəssislərə  müraciət  etməyə  vadar  edir.  Eyni  zamanda  xəstəyə  və  onun  yaxınlarına  "kimyəvi  dərmanların  sistemli  şəkildə  qəbulu  orqanizmi  zəhərləyir  və  psixi  funksiyaların  zəifləməsinə  gətirib  çıxarır”  kimi  fikirlərə  əsaslanaraq  epilepsiya  əleyhinə  dərmanların  kəsilməsinin  vacibliyi  tövsiyə  olunur.  Epilepsiya  əleyhinə  dərmanların  "möcüzəvi  vasitələrlə”  (otlar,  sehrli  tozlar,  lazer  və  elektromaqnit  üsullarla  müalicə)  əvəz  olunması  xəstənin  vəziyyətinin  yaxşılaşmasına  deyil,  hətta  vəziyyətin  ağırlaşmasına  və  epileptik  statusun  inkişafına  səbəb  ola  bilər.


- Bəs qıcolma  əleyhinə  preparatlar  tam təhlükəsizdirmi? 


- Bilmək  lazımdır  ki,  digər  çoxlu  dərman  maddələrində  olduğu  kimi  qıcolma  əleyhinə  preparatların  da  xoşagəlməz  (əlavə)  təsirləri  var.  Əlavə  reaksiyalar  (bu  və  ya  digər  preparatın  qəbulundan  dərhal  sonra),  dozadan – asılı  (doza  ilə  əlaqəli)  və  xroniki  (preparatların  uzunmüddətli  qəbulu)  ola  bilər.  Dərmanın  içərisindəki  məlumat  vərəqəsi  ilə  diqqətlə  tanış  olmaq,  əlavə  suallar  yaranarsa,  dərhal  həkimə  məlumat  vermək  lazımdır.  Qıcolma  əleyhinə  maddələr  dozadan  asılı  olaraq  başgicəllənmə,  yeriyərkən  səndələmə,  gözlərdə  ikigörmə,  yuxululuq,  ürək  bulanma  və  qusmaya səbəb ola bilər.   Bu  preparatların  qəbulundan  sonra  dəri  səpkiləri  də  büruzə  verə  bilər. Hətta  daha  ciddi  ağırlaşmalar - qan  yaranmanın  zəifləməsi,  qaraciyər  çatmamazlığı  müşahidə  oluna  bilər.  


- Epilepsiyalı  şəxslərdə  gündəlik həyatlarında hansı rejimlə, məhdudiyyətlərlə yaşamalıdırlar? 


- Medikamentoz  nəzarəti  olan  epilepsiyalı  şəxslər  müəyyən idman növləri istisna ilə, idman  və  bədən  tərbiyəsi  ilə məşğul  ola  bilərlər. Söhbət yıxılma  təhlükəsinin olduğu idman alətləri  və idman növlərindən gedir. Yüngül  gimnastikada  istifadə  olunan  idman  alətləri,  at  çapmaq,  trampilindən  tullanmaq,  akvalantla  dənizə  girmək  məsləhət  deyil.  Epilepsiyalı  şəxslərin  yalnız  onun  tutmalarından  xəbərdar  olanların  müşayiəti  ilə  üzməsinə  icazə  verilir.  


Ev  şəraitində  belə  epilepsiyalı  pasientlər  hamam  otağının  qapısını  bağlamamaqla,  ekstremal  temperatur  təsirlərindən  qorunmaqla  yuyuna  bilərlər.  Ümumiyyətlə, belə insanların   təmiz  havada  daha  çox  olması  məsləhətdir. Vacib  şərtlərdən  biri  də  gündəlik  rejimə  əməl  etmələridir. Məsələn,  hər gün eyni  vaxtda  8  saatdan  az  olmayaraq  yuxu  rejiminə  riayət  etməlidirlər.  Yuxuya  qədərki  dövrdə  epileptik  tutmaları  provakasiya  (təhrik  edən)  edən  faktorlar  ola  bilər. Məsələn, xəstənin  yaxınları  tutmanın hansısa televerilişlərə  baxmaqla əlaqədar olduğunu müşahidə edərlərsə, belə televerilişə  baxma məhdudlaşdırılmalıdır. 


Epilepsiyalı  pasientlərin  dietası  adətən  adi  olur.  Qazlı  içkilər  və  alkoqoldan  istifadə  qadağandır,  duzlu  və  kəskin  yeməklərdən  qaçmaq  və  ya  məhdudlaşdırmaq  tövsiyə  olunur. Ətrafdakıların  o  şəxsin  xəstəliyini  bilmələri  vacib  deyil.  Əgər  siz  hesab  edirsinizsə  ki, az  qrup  adamlar  məlumatlı  olmalıdırlar, o zaman  bu  xəstəliyin  xüsusiyyətləri  və  lazımi  ölçüdə  göstərilə biləcək yardım  haqqında  da onları məlumatlandırmalısınız.  


- Epilepsiyalı insanların peşə və  məşğulluğu necə olmalıdır? 


- Tutmaları  kontrolda  olan  bir  çox  gənc  orta  məktəbi  müvəffəqiyyətlə  bitirib  kollec  və  ali  məktəblərdə  təhsil  alırlar.  Onların məşğul ola biləcəkləri mümkün  peşələr  sonsuzdur. Nadir  epileptik  tutması  olanlar  həkim,  müəllim,  hüquqşünas  işləyə  və  digər  peşələrə  də  yiyələnə  bilərlər. Beləliklə, epilepsiyalı  gənc  insanlar  əminliklə  özlərinə  zövq  verən,  uğurlu  karyera  qura  bilərlər.   



Ancaq  ağır  maşın və  avtobusda sürücü, təyyarəçi,  aşpaz, hərəkət  edən  dəzgahlarla və yüksəklikdə  işləməklə əlaqədar məhdudiyyətlər  var.  Əgər  yeniyetmə  hərbiçi  olmağa  və  polisdə  işləməyə  çalışarsa, çətinliklərlə  qarşılaşa  bilər.  Həmçinin  dalğıc  və  yanğınsöndürən  kimi  peşələr  də  tövsiyə  olunmur.  


- Epilepsiya xəstələrin ailə qurması, belə qadınların hamiləliyi məqsədəuyğundurmu? 


- Bir  çox  hallarda  epilepsiya  və  onun  müalicəsi  əks  cinslə  yaşam,  ailə  və  analıq  üçün  əks  göstəriş  deyildir. Hamiləlikdən  əvvəl  və  həmin  dövrdə  həkim  müşahidəsi  mütləqdir


- Nəhayət, əgər epilepsiyalı insanda qıcolma baş verərsə, ətrafdakılar hansı ilkin tibbi yardım göstərilməlidir? 


- Xəstənin yanında olan qohumların və yaxınları üçün müəyyən qaydalar müəyyənləşib. İlk növbədə xəstəni çarpayıya, yaxud döşəməyə uzatmaq, yaxasını açmaq, qalın paltarını çıxarmaq, zərəri  yetirəcək əsasları xəstədən uzaqlaşdırmaq, sakit tərzdə diqqətlə tutmanın gedişini izləmək, ağız suyunun və dilinin boğazına getməməsi üçün xəstəni yanı üstə çevirmək lazımdır. Xəstə qusarsa, yenə də güc tətbiq etmədən xəstəni yanı üstə saxlamaq lazımdır. Xəstənin dilini çıxarmaq üçün qaşıq kimi sərt vasitələrdən istifadə etmək qadağandır. Bu zaman heç bir dərman vermək və maye içirmək olmaz. Tutma tam keçənə qədər xəstənin yanından ayrılmaq olmaz. Tutmadan sonra xəstəni həyəcanlandırmaq olmaz. Əgər xəstənin yuxusu gələrsə, onun yatmasına şərait yaratmaq lazımdır.  

 

Medicina.az

 Epilepsiyanı yaradan səbəblər- “İrsi yolla da keçir”  - Professor Şərif Mahalovla MÜSAHİBƏ
 Epilepsiyanı yaradan səbəblər- “İrsi yolla da keçir”  - Professor Şərif Mahalovla MÜSAHİBƏ
 Epilepsiyanı yaradan səbəblər- “İrsi yolla da keçir”  - Professor Şərif Mahalovla MÜSAHİBƏ
 Epilepsiyanı yaradan səbəblər- “İrsi yolla da keçir”  - Professor Şərif Mahalovla MÜSAHİBƏ