Elektroensefaloqrafik müayinənin əhəmiyyəti
Elektroensefaloqrafiya (EEQ) dedikdə beynin biopotensiallarının qeyd edilməsi nəzərdə tutulur.
Əsasən epilepsiyanın dəyərləndirilməsində əvəzedilməz müayinə metodudur.
Ilk növbədə beynin normal dalğaları qiymətləndirilir, daha sonra isə patoloji dalğalar və onların lokalizasiyası araşdırılır. EEQ müayinəsi bəzi beyin patologiyalarinda da biopotensiallarda dəyişiklik göstərir.
Samirə Məmmədova
Məsələn: Bəzən "tam sağlamam” deyən xəstələrdə patoloji yavaş dalğaların aşkarlanması beynin həcmli proseslərinə işarədir və daha ətraflı diaqnostik müayinə metodları tələb edir. Beynin fizioloji yetişkənliyinin dəyərləndirilməsində də EEQ-nin rolu var.
EEQ raporunun dəyərləndirilməsində bir çox incəliklərə fikir verilməlidir. Bəzən bir çox mənbələrdən qaynaqlanan artefaktlar səhv olaraq epileptik dəyişiklik kimi dəyərləndirilir.Buna görə də artefaktların tanınması və çəkim boyu düzgün izlənmə böyük əhəmiyyət daşıyır. Həmçinin bəzi beyin patologiyalarından sonra (iltihabi, infeksion proseslər, beyin şişləri əməliyyatından sonra və s.) epilepsiyaya bənzər kəskin-yavaş dalğa kompleksləri görülməkdədir. Buna görə də anamnezin ətraflı toplanması və xəstədə qıcolma tutmalarının olub-olmamasının öyrənilməsi diaqnozun dəqiqləşdirilməsində böyük əhəmiyyət kəsb edir.
Bəzən isə xəstədə ömründə bir dəfə olan tutma qeyd edilir, bu zaman EEQ-də dəyişiklik olsa belə diaqnozu təsdiqləyib müalicə təyin etmək yol verilməzdir. Belə hallartda dinamik müşahidə taktikası düzgün seçimdir.
Bir çox hallarda isə əksinə, dəfələrlə tutmalar qeyd edilməsinə baxmayaraq EEQ müayinəsi normal qiymətləndirilir. Bu kimi hallarda isə xəstəliyin gediş şəklinə görə diaqnoz dəqiqləşdirilir və xəstənin həyatı təhlükə altında olduğuna görə müalicə təyin edilir. Bir sözlə, əsas diaqnostik kriteri xəstəliyin klinik şəklidir.
EEQ mayinəsi ən azı 20-30 dəqiqə və ya sutkalıq aparılır. Bu müayinə zamanı xəstə gərgin olmamalıdır, ac olmaması məqsədəuyğundur.
EEQ müayinəsinin beynin funksional dəyərləndirilməsindəki rolu araşdırılmaqda davam edir. Bir çox elm adamları xüsusi laboratoriyalarda müxtəlif prinsiplər üzrə araşdırmalar aparırlar. Ümidvaram ki, gələcəkdə daha səmərəli tədqiqatlar aparılacaq və beynin bir çox digər funksiyalarının açılmasında və bəzi halların idarə edilməsində əhəmiyyətli nəticələr əldə ediləcək.
Nevroloq Samirə Məmmədova