Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Endokrinoloqdan D vitamini ilə bağlı açıqlama: “Bu şəxslər risk altındadır”

  • 2024.02.27 17:10
  • 1153 Baxış
Endokrinoloqdan D vitamini ilə bağlı açıqlama: “Bu şəxslər risk altındadır”
Bu gün bir çox insanda D vitamini çatışmazlığı var. D vitamini çatışmazlığı qış aylarında daha çox müşahidə olunur.

Medicina.az xəbər verir ki, metabolik xəstəliklər üzrə uzman, endokrinoloq Prof. Dr. İbrahim Şahin D vitamini çatışmazlığının qarşısını almaq üçün məsləhətlər verib.

"Orqanizmdə hormon funksiyasını yerinə yetirən D vitamini, kalsium və fosfor kimi mineralların udulmasını və istifadəsini artıraraq sümük sağlamlığını dəstəkləyir. D vitamini immunitet sistemini gücləndirməyə kömək edir; orqanizmi infeksiyalara qarşı qoruyur; əzələ funksiyalarını tənzimləyir və gücləndirir; sinir sistemini və beyin funksiyalarını dəstəkləyir, - deyə Prof. Dr. İbrahim Şahin qeyd edib.

Bu vitaminin yalnız bəzi qidalarda (yağlı balıqlar, süd, yumurta sarısı və s.) az miqdarda olduğunu söyləyən Prof. Dr. Şahin bütün ehtiyacı təkcə qidalanma ilə qarşılamağın çətin olduğunu vurğulayıb:

“D vitamini ehtiyacının təxminən 20 faizi qidadan qarşılanır. Ehtiyacımızın 80 faizi bədəndə günəş işığının köməyi ilə istehsal olunur. D vitamini sintezi üçün günün müəyyən saatlarında (məsələn, saat 10.00-15.00) üz, qollar və ayaqların açıq şəkildə ən azı 15-30 dəqiqə günəş şüaları ilə birbaşa təması vacibdir”.

Onun sözlərinə görə, çox vaxt günəşdən faydalanmaqla da kifayət qədər miqdarda D vitamini istehsal oluna bilmir:

“Ona görə də D vitamini əskikliyi olduqca geniş yayılıb. Qış aylarında bu hal daha da artmaqdadır. Hər kəsə rutin D vitamin səviyyəsini yoxlatmaq tövsiyə edilir. D vitamini səviyyəsi ölçülməli, çatışmazlığı olanlara uyğun dozada vitamin təyin olunmalıdır”.
Prof. Dr. Şahin bildirib ki, D vitamini çatışmazlığı riski yüksək olan insanların kifayət qədər günəş vannası qəbul edə bilməyənlər, yaşlılar və tünd dəri rənginə sahib olanlardır.

"Piylənmədən əziyyət çəkənlər, bariatrik əməliyyat keçirənlər, müəyyən dərmanlardan istifadə edənlər, xroniki böyrək və qaraciyər çatışmazlığı olanlar, mədə-bağırsaq sistemi xəstəliklərindən və paratiroid vəzi xəstəliklərindən əziyyət çəkənlər də risk altındadır”, - deyə Prof. Dr. Şahin diqqətə çatdırıb.

D vitamini səviyyəsinin 20 ng/ml olmasının normal hesab edildiyini bildirən Prof. Dr. Şahin bunlara diqqət çəkib:

"Ancaq ideal səviyyə 30-50 ng/ml-dir. D vitamini səviyyəsinin 10 ilə 20 ng/ml arasında olması vitamin çatışmazlığı deməkdir. Yaşlılarda və D vitamini əskikliyi riski olan kəslərdə daha yüksək gündəlik D vitamini dozası tələb oluna bilər. Böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı, hipoparatiroidizm kimi əlavə xəstəlikləri olanların müalicəsində istifadə edilən D vitamininin formaları və dozaları fərqlidir. D vitamini lazım olandan çox qəbul edildikdə bədənə zərər verə bilər. Bundan başqa, kifayət qədər kalsium qəbulu da D vitamini ilə birlikdə təmin edilməlidir. Müalicə mütləq həkim tərəfindən həyata keçirilməlidir”.

Gül