Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Telefon, kompüter, yerli-yersiz filmlər, oyunlar uşaqların "evini yıxır"-Məşhur psixiatrla MÜSAHİBƏ

  • 2019.12.14 16:57
  • 11767 Baxış
“Telefon, kompüter, yerli-yersiz filmlər, oyunlar uşaqların "evini yıxır"- Məşhur psixiatrla MÜSAHİBƏ


“Ümumiyyətlə psixiatrik problemlər hər birimizdə var. Hər birimizin duyğu, düşüncə xüsusiyyətlərinə sahib olduğumuz üçün müəyyən problemlərimiz ola bilər. Amma bu problem o zaman patalogiyaya çevrilir ki, bizim həyat keyfiyyətimizi pozur, funksionallığımızı pozur”.


Medicina.az-ın bu dəfəki müsahibi uşaq psixiatrı, Nəfəs Psixonevlorolji Sağlamlıq Mərkəzinin direktoru psixatr Dr. İkram Rüstəmovdur.

- Uşaqlarda psixiatrik problemlər nevrolojidən fərqlənir. Ancaq bəzən bir-birinə çox bənzəyir. Psixiatrik xəstələrə nevroloqların müdaxiləsi, dərman yazması müalicəsinə necə baxırsınız?


- Psixologiya və nevrologiya ikisi də beyin və sinir sistemi ilə işlədiyi üçün oxşar yönləri çoxdur. Lakin tamamilə ayrı sahələrdir. Bir çox psixiatrik xəstəliklərin nevrolojik əsasları ola bilər. Yaxud da əksi, nevrolojik problemlərdə psixiatrik əsaslar ola bilər. Bu problemlər birlikdə də özünü göstərə bilər. Lakin başqa prinsiplər üzərində qurulub.


Nevroloji xəstəliklər daha çox üzvi əsaslı problemlərdir. Yəni kobud desək, əllə tutulub gözlə görülən. Məsələn, epilepsiya, insult və s. Psixiatrik problemlər isə daha çox funksional mənşəlidir. Yəni konkret olaraq görülən səbəbi tapmaq adətən mümkün deyil. Amma xəstənin duyğu, davranış və düşüncə üçbucağında bir müəyyən təşviş, əhvalsızlıq, təfəkkür pozulması və s. kimi əlamətlərlə özünü göstərən, insanın həyat keyfiyyətini pozan problemlərdir.


Nevroloqların psixiatrik i mövzulardan xəbəri ola bilər. Praktikamızda da yaxın sahələr olduğu üçün bu iki sahənin bir-birinin xəstəliklərini bilməsi şərtdir. Burada sadəcə yanaşma doğru deyil. Prinsip etibarilə hami öz işi ilə məşğul olmalıdır. Lakin deyək ki, bir kənd yerində psixiatr yoxdur, nevroloq varsa onda onu nevroloqun müalicə etməsi daha məntiqlidir. Nəinki, kardioloqun.


- Hazırda inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda uşaqlarda ən çox rast gəlinən üç psixiatrik problem hansılardır? Sizin siyahı necə olardı?


-Ümumi mənada hazırda Azərbaycanda bizim sahədəki ən məşhur problem inkişaf xəstəlikləridir. Bunların başında da autizm gəlir. Yəni ən çox insanları qayğılandıran və həkimə gətirən əsas səbəblərdən biri budur. Nəzərə alsaq ki, illərlə Azərbaycanda psixiatra müraciət eləyən insanlar daha çox əqli, ruhi problemləri nəzər alırdılar. Lakin son dövrdə qloballaşmanın da nəticəsində bir çox digər problemlərlə psixiatra müraciət edirlər.

Bunlara fobiyalar, tik pozuntuları, təşviş pozuntuları, depresiv əlamətlər, yetkinlik dövründə rast gəlinən bəzi xəstəliklər, davranış pozuntuları, ailə içi münasibətdən qaynaqlanan uşaqların çəkdiyi emosional problemlər,hiperaktivlik, diqqət əksikliyi, məktəb müvəffəqiyyətsizliyi, adaptasiya pozuntuları və s. aid etmək olar. İlk üçlükdə davranış pozuntuları, autizm və zəka geriliyi və s. gəlir.


Hazırda isə autizmlə bağlı biliyimiz, savadımız "dəvədə dırnaqdır".

Buna görədə dərman müalicəsi real deyil


- Uşaqlara autizm diaqnostikası bəzi mənbələr 1,5 yaşından, bəzilərində isə 6 aylıqdan qoyula bilər deyir. Sizcə ən erkən diaqnoz nə vaxt qoyulmalıdır. İlkin sipmtomları nədir?


- Autizm sözü artıq psixiatrik təsnifatda autizm spekt pozuntuları kimi ifadə edilir. Bunun səbəbi, autizm deyilən uşaqların artıq standart əlamətlər göstərməməsi və gedişatlarındakı fərqlərdən qaynaqlanır. Autistik uşaqların ilkin əlamətləri daha çox sosial kommunikasiya qurmaqda yaranır. Buna aiddir: göz təması qurmamaq, adına reaksiya verməmək, ortaq diqqətin olmaması, barmaqla göstərib nəyəsə yönləndirməsinin olmaması ,digər uşaqlarla oynamaması , müəyyən rituallar dediyimiz məhdud maraq dairəsinin olması( fırlanan əşyalar, maşın təkərləri və s. ), nitqi olan uşaqlarda eyni sözləri təkrarlama, davranış hərəkətlərini(əl çırpma, qanad çırpmaya bənzər hərəkət, oturduğu yerdə geriyə-önə sallanmalar) təkrarlama kimi hərəkətləri aid etmək olar.


Dioqnoz yaşına gəlincə isə, autistik spektorda erkən dioqnoz çox önəmilidir. Ona görə valieynlərin maariflənməsi, sahə pediatrların bu sahədə savadı çox önəmlidir. Çünki beynin dəyişə bilirlilik yaşı nə qədər kiçikdirsə, həmin uşaqlara o qədər çox müdaxilə şansımız var. Ortalama dioqnozun dəqiqləşməsi və ya tam əminlikllə deməyimiz təxminən 3 yaşdır. Lakin bu yaşa qədər təbii ki, müdaxiləmiz önəmlidir. Əgər uşaqda inkişaf dövründə, hətta bir yaşa qədərki dövrdə belə müəyyən bir problemlə (qırmızı bayraq əlamıtləri) qarşılaşdıqda dərhal müdaxiləyə başlayırıq.


“Oturuşmuş və protokollara girmiş bir dərman müalicəsindən söhbət getmir”

-Autizmi dərmanlarla müalicə etmək nə dərəcədə doğrudur? Bildiyim qədərilə autizm reabilitasiyası bahadır. Autizmin müalicəsində yeni bir üsul varmı?


-Autistik uşaqların müalicəsində real dərman müalicəsindən söhbət getmir. Yəni hazırda dünyada bütün beynəlxalq təşkilatların qəbul etdiyi əsas yanaşma psixo pedoqojik, nitq, fiziki və s. reabilitasiya texnikaları, davranış analizləridir. Yəni bizim ölkəmizdəki kimi "no trop", "no trop müalicələr" heç bir dünya praktikasında geniş istifadə və tövsiyə olunan metodika deyil.


Təbii ki, bəzi maddələrlə əlaqəli müəyyən dərmanların ekspermental səviyyədə təcrübələri var. Lakin oturuşmuş və protokollara girmiş bir dərman müalicəsindən söhbət getmir. Yəni, isbat edilmiş və məsləhət görülən müalicə davranış müdaxilələridir. Çünki konkret işin mexanizmi bəlli deyil. Bir dərman müalicəsi üçün xəstəliyin mexanizmini bilməyimiz lazımdır. Hazırda isə autizmlə bağlı biliyimiz, savadımız "dəvədə dırnaqdır". Buna görədə dərman müalicəsi real deyil.


-Autizmli övladı olan valideynlərin də psixiatra ehtiyac varmı?


Evdə autizm diaqnozu varsa, orada valideynin mütəxəssislərlə əməkdaşlığı mütləqdir. Sırf mütəxəssis dəstəyi deyil, ailənin ev tapşırıqlarını yerinə yetirməsi, məsləhət görülən məşğələləri evdə də tətbiq edə bilməsi, ətraf faktorlardan qoruması çox önəmlidir. Əgər valideyn əməkdaşlıq etmirsə, bizim uşağa köməyimiz bir yerə qədərdir.


-Hesab edirsinizmi, hazırda ölkəmizdə autizm, nitq geriliyi, əqli inkişaf, hiperaktivlik sahəsində xaos var. Həddən artıq çox kurslar, psixoloqlar, mərkəzlər... Bu sahə sanki qazanc mənbəyinə çevrilib.


-Əslində həddən artıq çox psixiatrlar yoxdur, lakin mərkəzlər hə var. Prinsip olaraq mərkəzlərin çox olmağı pis bir şey deyil. Yetər ki, məsələyə düzgün və əxlaqlı yanaşsınlar. Ölkəmizdə səhiyyə sahəsində təəssüf ki, bəzi sistem problemləri var. Ona görə də bəzi fırıldaqçı, şarlatanlar bundan istifadə edirlər, bunu bir mənfəət qapısına çeviriblər. Bu yaxın qonşu ölkələrdə də belədir.


Bəzən olur ki, pasientlərimiz azəraycanlı həkimə güvənmədən İrana, Türkiyəyə, Almaniyaya və s. gedir. Bu ölkələrdə də həm maddi, həm mənəvi, hətta fiziki istismarla qarşılaşırlar. Bu bir az şəxslərin problemidir. İnsanın ən böyük hakimi onun vicdanıdır. Əgər bir insanın vicdanı ilə problemi varsa, hansı sahədə olarsa olsun fərq etməz. Təbii ki, tələbat, ehtiyac var. Ona görə də bu mərkəzlər çoxalır. Amma istənilən halda insanların vicdanına baxmaq lazımdır. Mən özüm də həddən artıq belə fırıldaqçılarla rastlaşıram.


“Uşaqlarına doğru şəkildə cinsi maarifləndirmə verən ailə sayısı bir əlin barmaqlarını keçməyəcək qədərdir”.

-Uşaqlarda cinsi tərbiyə, intim münasibət tərbiyəsi sahəsində hansı boşluqlar var? Uşaqlara bu tərbiyəni neçə yaşdan etibarən izah etmək lazımdır?


- Mahiyyət olaraq bu bir qədər pedoqogik sualdır. Biz məsələyə bir az tibbi cəhətdən yanaşırıq. Öz fikrimi desəm, bu məsələdə boşluq olduğu qənaətindəyəm. Bizim xalqımızın cinsi maariflənməsinin doğru olduğunu düşünmürəm. Bu məsələdə problemlərimiz var. Çünki biz illərcə əxlaqi,mentalitet, ənənə və s. kimi cəhətlərdən bəzi şeyləri basdırmışıq. Lakin doğru basdırmamışıq.

Bəzən təbii gedişatla əxlaqi yanaşmanı çox qarışdırmışıq. Misal üçün belə izah edim. Hər birimiz söyüş bilirik. Amma sən uşağa söyüş bilmə, söyməyi bacarma kimi məntiqlə yanaşmaq doğru deyil. Çünki uşaq onsuz da söyüş öyrənəcək, bunun qarşısını almaq mümkün deyil. Uşağa söyüşü harda söyüb, harda söyməməyi öyrətmək lazımdır. Yəni hazırki mühitimizi nəzər alsaq ətrafda görürük ki, mənfi sosial stimullar o qədər çoxdur ki, uşaq bunu görməsin, bilməsin yanaşması yalnışdır.


Uşağa cinsi tərbiyəni doğru şəkildə, anlayacağı dildə və yaşına uyğun vəziyyətdə aşılamaq lazımdır. Yəni gedib internetdəki hansısa bir görüntüdən, filmdən yalnış öyrənməkdənsə, bunu təbii ki, valideynin etməyi daha doğrudur. Lakin bunu eyni cinsdən olan valideynin etməsi lazımdır. Uşaq cinsiyyətini 3 yaşından fərq edir. Bundan sonra 6-7 yaşından etibarən xəyal-gerçək fərqini anlamağa başlayar. Bunu anlamağa başladıqdan sonra tədricən yetkin cinsiliyinə uyğun bədən formalaşmağa başlayır. Bu zaman məsələni artıq xırda-xırda anlayacağı dildə izah etməyə başlamaqda fayda var. Amma məktəb öncəsi yaşlarda daha çox öz bədənini,orqanlarını tanıma, uşağın anlayacağı dildə “bu olar, bu olmazı” başa salmaq lazımdır. Həqiqi cinsi tərbiyə isə məktəb yaşında, zəka zehin tam formalaşdıqdan sonra verilməlidir.



- Cinsi azlıqlardan olan əksər insanlar deyir ki, bu onda uşaqlıqdan yaranan bir haldır. Uşaq vaxtdan bu halla bağlı sipmtomları necəsə aşkar etmək və qarşısını almaq olarmı?


-Ümumiyyətlə psixiatriyada cinsi orientasiyaya yönəlmə patalogiya olaraq qəbul edilmir. Təbii ki, bu bizə Qərb psixiatriyasının gətirdiyi bir şeydir. Subyektiv fikir olaraq isə düşünürəm ki, bu bir patalogiyadır. Ümumi mənada cinsi yönəlim problemi olan insanların uşaqlığında müəyyən diqqət çəkən məqamlar olur. Misal üçün 3-4 yaşlı oğlan uşağının kuklalarla oynaması, makiyaj ləvazimatlarına meyillənməsi və s. kimi hallar. Bununla əlaqəli önəmli bir şeyi vurğulayım ki, bəzən cinsi yönəlim problemli uşaqların valideynləri öncəliklə məsələyə hormonal tərəfdən yönəlirlər. Bu hormonlar problem deyil. Bu tamamilə beyinlə əlaqəli olan,insanın ruh dünyası ilə əlaqədar problemdir. Buna görə də gedib müəyyən testlər etmək, müalicələr almaq mənasızdır. Çünki belə şəxslərdə bu morfolijik dəyişimdir.


Müəyyən cinsi bölgələrdə dəyişim, daxili orqanlarda müəyyən fərqliik(əgər orda hormonal problem və ya inkişafdan gələn deffekt varsa) kimi. Amma sırf cinsi yönəlim problemi tamamilə psixoloji problemdir. Bu erkən yaşlarda davranış və həyat tərzi ilə özünü biruzə verə bilər. Amma bunun qarşısını almaq deyəndə , artıq şəxsdə oturuşmuş bir formalaşma varsa, konkret bir müalicədən söhbət getmir. Sadəcə olaraq, müəyyən psixoterapiya metodikaları ilə və s. formalaşdırmaq və onun daha düzgün qəlibə salmaq olar.


-Uşaqların düzgün psixoloji inkişafı onları telefon, kompüter,internet və oyunlardan uzaq tutmaqdan başlayırmı? Gadjetlərdə gördükləri onların alt şüuruna necə təsir edə bilir?


-Ən xoşbəxt uşaqlar 30-40 il əvvəl kənddə yetişən uşaqlardır. Yəni bu telefonlar, kompüterlər, yerli-yersiz filmlər, qəribə oyunlar və s. bizim uşaqların inkişafına təsir edir. Bu uşaqların şüuruna mənfi təsir edir. Daha kobud desək "evlərini yıxır". Bundan qorumaq mümkün deyil. Çünki gərək mühit dəyişsin. Amma bunu müəyyən formaya, çərçivəyə salmaq olar. Valideynlər nəzarəti daha bir az özündə tutmalıdır. Müdaxiləçi şəklində yox, nəzarətçi kimi.

Mənim bir qiymətim var, mən ucuz deyiləm.
Amma bu ucuzluq vicdansızlıqdan qaynaqlanmır.


- Öz sahənizdə yetəri qədər tanınan doktorsunuz. Bəs nə üçün sizi televiziyalarda yayımlanan sosial layihələrdə, maarifləndirici verlişlərdə az-az görürük?

-Mən son vaxtlarda televiziya verilişlərinə çıxmıram.Təkliflər də olunur, çox seçici davranıram. Bu mənim özünü bəyənmişliyimdən qaynaqlanmır. Sadəcə olaraq, reytinq uğuruna çıxıb insanlara özünü tərifləmək, özün haqqında danışmaq mənim tərzimə uyğun deyil. Hətta sizinlə müsahibədən öncə də mən saytı axtarış edib baxmışam. Bu sayta müsahibə vermək olar, ya yox deyə. Bu mənim önəmli bir şəxsiyyət olmağım kimi çıxmasın. Şəxsimə və işimə hörmətdən qaynaqlanır. Maddi nöqteyi-nəzərdən demirəm , amma özümü dırnaqarası desək ucuz satmağı sevmirəm. Hər işin, hər şəxsin özünə görə bir dəyəri var. Dəyərinə uyğun işlərdə iştirakı da üstün tuturam.


- Mətbuatda Azərbaycanın ən bahalı bahalı doktorları siyahısı çıxmışdı. Siyahıda sizin də adınız vardı. Bu xəbərə reaksiyanız necə oldu və siz yaxşı həkim bahalı olmalıdır deyə düşünürsünüzmü?


-O xəbərə reaksiyam gülüb keçmək oldu. Xəbərlə əlaqəli belə bir şey deyim. Siyahıda 9 nəfərin adı vardı, təbii ki, ən bahalı həkimlər o 9 nəfər deyil. Buradakı bahalılıq da nisbidir. Sadə bir şey deyim. Bir nəfər həkimə gedib 20 manat müayinəyə ödəniş edib, 300 manatlıq reseptlə çıxa bilər. Amma bir həkimə gedib 500 manat ödəyib, 5 manatlıq reseptlə də çıxa bilərsiniz. Söhbət reseptin qiymətindən yox, doğru diaqnozdan gedir.


Siyahıdakı həkimlərin çoxunu yaxından tanıyıram və bu insanla işini vicdanla , düzgün, əxlaqlı və xəstəsinə dəyər verərək görən insanlardır. Prinsip olaraq isə yaxşı həkim bahalı olar deyə bir şey yoxdur. İşinə qiymət,özünə qiymət var. Təbii ki, bizim ölkədə bu iş pulla ölçülür. Ona görə bu qiymətlər standartlara nisbətən çox ola bilər. Amma o demək deyil ki, bu həkimlər vicdansız, pulgir həkimdir. Mənim bir qiymətim var, mən ucuz deyiləm. Amma bu ucuzluq vicdansızlıqdan qaynaqlanmır. Mənə hamı gəlməz, gəlməsin. Mənə həqiqətən ehtiyacı olan gəlsin. Haqqımda çox qalmaqallı yazılar çıxıb.


Belə deyim, kimsə deyə bilər ki, mənə düz diaqnoz qoymayıb, səhv müalicə yazıb. Təbabətdə xəta riski hər zaman var, heç birimiz sığortalanmamışıq. Amma deyə bilməz ki, mənə vicdansızlıq edib, haqsız yerə pulumu alıb, qəsdən flan dərmanı yazıb və s. Mən bayırda hansısa xəstəmlə qarşılaşanda alnım ağdır.

AFAQ RZA