Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən təhlükəli infeksiyaların əlamətləri

  • 2024.07.29 14:58
  • 1349 Baxış
Ən təhlükəli infeksiyaların  əlamətləri
Yay aylarında qidadan qaynaqlanan zəhərlənmə və xəstəlik riski artır. Onların arasında ən təhlükəlisi salmonellyoz, dizenteriya və botulizmdir.

Medicina.az xəbər verir ki, həkim-patoloq Lyubov Melnikova bu təhlükəli infeksiyaların əlamətlərini açıqlayıb.

“Salmonellyozun inkubasiya dövrü otuz dəqiqədən iki günə qədərdir. Bundan sonra yüksək hərarət, qarın ağrısı, ürəkbulanma, qusma və zəiflik daxil olmaqla, kəskin simptomlar görünür. İshal (gündə 20 dəfəyə qədər nəcis ifrazı) müşahidə oluna bilir. Şiddətli dehidrasiya baş verir”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, dizenteriyanın isə inkubasiya dövrü iki saatdan beş günə qədər davam edə bilər:

“İlk simptomlar arasında qızdırma, baş ağrısı, ürəkbulanma, qusma, qarın ağrısı və ishal var. Dizenteriyanın yüngül forması temperaturun bir qədər yüksəlməsi və yüngül ishal ilə özünü göstərir”.

Həkim botulizm infeksiyasının ilk əlamətlərini belə izah edib:

“Baş ağrısı, başgicəllənmə, ağız quruluğu, həmçinin ikiqat görmə, gözlər qarşısında “tor” və ya “duman”, bulanıq görmə müşahidə edilir. Ani ürəkbulanma, qarın ağrısı və ishal kimi əlavə simptomlar görünə bilər”.

Melnikova botulizmin daha az yayıldığını, lakin xəstəliyin ağır və ölüm riskinin yüksək olduğunu vurğulayıb:

“Buna üzvi zəhər - botulinum toksini olan məhsullar səbəb olur. Bununla belə, botulizmlə çirklənmiş məhsul xarici görünüşdə tamamilə normal görünə bilər. Konserv qabının qabarmış qapağı, həmçinin onun deformasiyaya uğramış olması, çatlaması və ya məhsulu sızdırması mühüm işarələrdir. Bunları fərq etdiyiniz an həmin məhsulu atın. Bundan əlavə, məhsulun görünüşündə hər hansı bir dəyişiklik təhlükəlidir - köpük, şübhəli rəng, xoşagəlməz qoxu və s. Bu kimi xarab olma əlamətləri görünən məhsulları istehlak etsəniz, bir çox zəhərli infeksiyalara da yoluxa bilərsiniz”.

Mütəxəssis infeksiyalara yoluxmamaq üçün hər yeməkdən və yemək hazırlamazdan əvvəl əlləri sabunla yumağı; giləmeyvə, tərəvəz və meyvələri xüsusi gellə yaxşıca yumağı tövsiyə edir.

“Yaşıllıqları 30 dəqiqədən 2 saata qədər sodalı suda saxlayın. İstifadə müddəti bitmiş qidaları yeməyin. Hazırlanmış yeməyi uzun müddət isti yerdə saxlamayın”, - deyə həkim vurğulayıb.


Aysel