Ekzema - dəri quruluğu və qaşıntı ilə ortaya çıxan, immun sistemi zəif olan insanlarda müşahidə edilən dəri xəstəliyidir.
Medicina.az xəbər verir ki, statistikaya görə, dəri xəstəliklərinin 30-40%-i ekzema təşkil edir. Bir çox hallarda bu xəstəlik insanda uşaq yaşlarında əmələ gəlir.
Ekzemanın yaranmasının əsas səbəbləri isə hələ də tam dəqiqliyi ilə bilinmir. Lakin, aşağıda göstərdiyimiz bəzi amillər bu xəstəliyin inkişafına təkan verə bilər:
- İrsiyyət - İnsanın yaxın qohumları (ana, ata, nənə, baba və s.) arasında bu xəstəlikdən əziyyət çəkənlər varsa, doğulacaq körpədə ekzema riski böyükdür.
- Psixiki travmalar - Ağır streslər, psixiki travmalar insanda müxtəlif xəstəliklərin, o cümlədən, dəri xəstəliklərin inkişafına təkan verir.
- Qalxanvari vəzin xəstəlikləri
- Həzm sistemi xəstəlikləri
- Bəzi kimyəvi maddələrlə (xrom, nikel, boyaq maddələri, yuyucu vasitələr və s.) uzun müddət ərzində təmasda olmaq.
Xəstəliyin simptomları xəstəliyin növündən və mərhələsindən asılı olaraq dəyişsədə, lakin, ümumi simptomlar oxşardır:
- dərinin bir hissəsində qızartı əmələ gəlir, dəri bu yerdə qalınlaşır
- iltihablaşmış yerdə səpgilər əmələ gəlir
- Qaşınma (o dərəcədə güclü olur ki, insanın normal yuxusu və normal həyat ritmi pozulur)
- iltihab azaldıqda zədələnmiş yerdə dəri quru, nahamar olur, çatlayır.
Əksər hallarda ekzema üzdə, əllərdə və ayaq pəncələrində əmələ gəlir, lakin iltihab digər yerlərdə də inkişaf edə bilər. Nadir hallarda olsa da ekzema insanın bütün dərisinə yayıla bilər - bu çox təhlükəli ağırlaşmadır.
Qeyd edək ki, xəstəliyin diaqnostikası və müalicəsi ilə dermatoloq məşğul olur.