Azərbaycanda təqdim edilən koronavirus peyvəndlərinin hansı daha yaxşıdır? Avropa hansı vaksini qəbul edir? Hansı peyvəndin immun pasportu hər yerdə qəbul ediləcək?
Tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov bildirib ki, “Pfizer”, “AstraZeneca”, “Oxford”, “Moderna” və “Johnson & Johnson” Avropa İttifaqında qəbul olunan vaksinlərdir:
“Hər bir Avropa vətəndaşı COVID pasportları ilə Avropa İttifaqına daxil olan ölkələrdə rahatlıqla səyahət edə biləcək. Azərbaycanda çox geniş istifadə olunan - Çindən gələn “Sinovac” vaksini 10-15 gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təxirəsalınmaz vaksin kimi qəbul olundu. Epidemioloji situasiyanı nəzərə alsaq, bu vaksin də artıq dünya ölkələri tərəfindən qəbul olunub. Amma effekti barədə tədqiqatlar sona çatmayıb. Müşahidələr göstərir ki, “Sinovac”ın bəzi ölkələrdə effektivliyi yüksək, bəzilərində də azdır. Ümumilikdə bu vaksinin effektivliyi 50-55% arasında dəyişir".
Həkim qeyd edib ki, Rusiyada epidemioloji vəziyyətin kəskinləşməsi ölkəmizə də təsirsiz ötüşməyəcək:
“İnfeksiyanın Azərbaycanda yayılma təhlükəsi olsa da, özünü o qədər də kəskin göstərməyəcək. Çünki Azərbaycanda cəmiyyətin 3 milyonu artıq vaksin olunub, rəsmi statistikadan kənar rəqəmlərə əsasən deyə bilərəm ki, təxminən 1 milyon insanımız bu xəstəliklə tanışdır, virusa yoluxub və sağalıb. Toplumda 4 milyon nəfərin bu xəstəliyə qarşı immun yaddaşı var. Bu da təxminən 50 faizə yaxın rəqəm deməkdir. Mükəmməl immunitetin formalaşması üçün təbii ki, kifayət deyil. Kütləvi immunitetin 70-80% olması daha təhlükəsizdir. Ona görə vaksinasiyanın davam etdirilməsi tövsiyə olunur”.
Bütövlükdə bəşəriyyətin daha mükəmməl və daha effektiv vaksinə ehtiyacı var. Belə bir vaksinin inkişaf etdirilməsi zaman alacaq.
"Ən ciddi vaksin “Pfizer”, ən etibarlı vaksin isə “Moderna”dır. Bu gün cavan insanlarımız “Sputnik V” və “Sinovac” vurdura bilər. Cəmiyyətdə müəyyən qrup insanlar var ki, onlar risk qrupuna daxildir, xəstəlikdən ölüm riski yüksəkdir. Bunlar xroniki xəstəliklərin daşıyıcıları və ahıl insanlardır. Bu qrupun vaksinasiyası daha ciddi aparılmalı idi. Onlar “Pfizer” və “Moderna” kimi vaksinlərdən yararlansaydılar, daha yaxşı olardı. İstənilən halda “Sinovac” da onları ağır xəstəlikdən xilas edir, ölüm riski də kifayət qədər azalıb. Bunları nəzərə alaraq vaksinasiyanın bütün mümkün variantlarından istifadə etmək lazımdır”. /publika.az/