Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Əməliyyatın kiçiyi olsa da, anestezioloqun kiçiyi yoxdur"

  • 2017.10.16 13:13
  • 14157 Baxış
"Əməliyyatın kiçiyi olsa da, anestezioloqun kiçiyi yoxdur"
Anesteziya operativ tibbi müdaxilə zamanı əməliyyatın xəstə üçün rahat və ağrısız keçməyinə xidmət edən yüngülləşdirici vasitədir. Həkim-anestezioloq əməliyyat başa çatanadək narkozu düzgün tənzimləməklə əməliyyatın rahatlığını təmin edir.


Medicina.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-anestezioloqu Cavid Paşayeva azərtac-a verdiyi müsahibədə deyib:


- Müasir anesteziologiyada tətbiq edilən dərmanlar həm əməliyyat zamanı, həm də əməliyyatdan sonra xəstənin sağlamlığına heç bir mənfi təsir göstərmir və onun həyatı üçün təhlükə doğurmur. Əməliyyat vaxtı dərmanların düzgün seçimi və dozası çox əhəmiyyətli rol oynayır. Xəstəlikdən asılı olaraq həmin dərmanlar və onların tətbiq qaydası dəyişir, həm də hər xəstəyə fərdi şəkildə yanaşmaq lazım gəlir. Ona görə də cərrahiyyə əməliyyatı zamanı anestezioloqun üzərinə çox məsuliyyətli və həlledici yük düşür. Nahaq demirlər ki, əməliyyatın kiçiyi var, anestezioloqun kiçiyi yoxdur. Qan təzyiqi, ürəyin və tənəffüs sisteminin xəstəlikləri, həmçinin endokrin xəstəlikləri zamanı həmin məsələləri nəzərə almaq mütləq vacib şərtlərdən biridir.


-Xəstənin əməliyyata qədərki vəziyyəti, onun sağlamlıq durumunu bilmək nə dərəcədə əhəmiyyətlidir?


-Əməliyyat olunanın keçirdiyi xəstəlikləri, onun fiziki və psixoloji vəziyyətini öyrənmək çox vacibdir. Anestezioloq prosedurdan qabaq xəstə barədə öyrəndiyi məlumatlara əsasən dərmanlar hazırlayır və həmin biliklər əməliyyatın keyfiyyətinə təsir edir. Baş-beyin, tənəffüs sistemi, ürək-qan-damar xəstəliyi , habelə qan tərkibi, yanaşı xəstəliklər mütləq nəzərə alınmalıdır. Məsələn, infarkt xəstəsi üçün seçilən dərmanlar, narkozun miqdarı və dozası insult xəstəsinə tətbiq edilən narkozdan tamamilə fərqlidir. Ona görə də anestezioloq həm terapiya, kardiologiya və pulmonologiyanı, həm də cərrahıyyə işini bilməli və əməliyyat başa çatanadək xəstənin rahatlığını təmin etməlidir. Cərrahlar və anestezioloqlar arasında belə bir deyim var: cərrahiyyə sənət, anesteziologiya elmdir. Əməliyyat vaxtı sənətlə elmi birləşdirməyə çalışırıq.


-Hansı narkoz növlərindən istifadə olunur?


-Müasir təbabətdə ümumi, regional və kombinə olunmuş narkoz formaları tətbiq edilir. Ümumi narkoz bədənin tam ağrısızlaşdırılmasıdır və əsasən daxili orqanların, qarın boşluğu, baş və boğaz əməliyyatları zamanı xəstənin hissiyyatı tam olaraq söndürülür. Bədənin ayrı-ayrı nahiyələrində, o cümlədən aşağı və yuxarı ətraflarda aparılan lokal əməliyyatlar regional keyitmənin tətbiqi ilə aparılır. Bədənin bəzi nahiyələrində aparılan əməliyyat zamanı regional narkozun bir növü olan yerli keyitmədən də istifadə olunur. Kombinə olunmuş anesteziya zamanı xəstəyə həm ümumi, həm də regional anesteziya edilir, başqa sözlə, bədənin hansısa nahiyəsi həm lokal olaraq keyidilir, həm də dərmanların miqdarı yarıbayarı azaldaraq ümumi anesteziya edilir, sadə dillə desək, xəstə yatırılır.


-Əməliyyata qədər xəstəyə hansı qadağalar qoyulur?


-Xəstələrin əməliyyatdan 6 saat əvvəl heç bir qida qəbul etməsinə icazə verilmir, uşaqların əməliyyatında isə 4 saat əvvəl bütün qidaların qəbulu dayandırılır. Şəkərli diabet və hipertoniya xəstələrinin qəbul etdiyi dərmanlardan istifadə məhdudlaşdırılır və dəyişdirilir. Bunların hamısı prosesin normal keçməsinə və xəstənin rahatlığına xidmət edir.