Fevralın 3-də Lənkəran Regional Perinatal Mərkəzində doğuş zamanı ana ölümü qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Gülnar Babayeva qeysəriyyə əməliyyat zamanı qız uşağı dünyaya gətirib. Bir neçə saat sonra isə özü xəstəxanada ölüb.
Doğuş zamanı dünyasını dəyişən Gülnarın bacısı sosial şəbəkədə onun ölümü haqqında yazıb. Onun sözlərinə görə, bacısı həkim savadsızlığı və səhlənkarlığı nəticəsində canından olub.
Medicina.az həmin şikayəti təqdim edir.
“Yəqin bir çoxunuz Gülnarı tanıyırsınız. Mən Gülnarın bacısıyam. Hansı ki, uşaqları, 2 mələyi ana sevgisinə doymamış, həkim səhvi nəticəsində qətlə yetirilmiş o Gülnar. Bu hissləri yaşamağı kimsəyə arzu etmərəm, eyni zamanda o ananın qatilinin cəzasız qalmasını da istəmirəm!
03.02.2020 tarixində 1996-cı il təvəllüdlü, Babayeva Gülnar Rauf qızı Lənkəran Şəhəri Girdəni kənd sakini Lənkəran şəhər Mərkəzi klinik xəstəxanasında həkim Qahir İsayev tərəfindən qətlə yetirilib. Qeysəriyyə əməliyyatında uşağı götürən zaman həkim daxili arterial damarı kəsib və nəticədə kəskin qanaxma baş verib. Həkim səhvən kəsdiyini bildirərək Babayeva Gülnarı ikinci dəfə əməliyyata alıb, amma onu həyata qaytarmaq mümkün olmayıb. Bu iki uşağı anasız qoyan həkim İsayev Qahir və xəstəxananın baş həkimi Ağabala Kəlbiyev birləşərək, mərhumun valideynlərinə nə deyəcəyini planlaşdırdığı və məsuliyyəti necə boyunlarından atmağı düşündüyü üçün qətli ailəmizə 2 saat sonra bildiriblər.
Halbuki Gülnar Babayeva 13:30-da vəfat edib, valideynlərinə isə 15:30 radələrində vəfat etdiyini deyib. Onun sözlərinə görə, həkimin köməkçisi onlara bildirib ki, hara şikayət etsəniz də həkim pul verib işi bağlayacaq: “Mübahisə zamanı, həkimin köməkçisi Rasif Axundov deyib ki,hara istəyirsiz şikayət edin, həkim adamdı pulunu verib bağlayacaq işi. Gülnar Babayeva həkimin ilk qurbanı olmayıb, bu onun 4-cü qurbanı idi. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Səhiyyə Nazirliyi heç bir tədbir görmür.
Bir uşağı 1 yaş 2 aylıq, digər uşağı doğulan kimi anasız qaldı. Balaca körpə heç anasının üzünü belə görə bilmədi! Atasız böyümək olar, amma anasız heç vaxt! Paylaşın ki, yenə günahsız bir körpələrin anaları ölməsin! Günahsız ana ölümünə SUSMAYIN!”
Mərhumun bacısı bildirib ki, həkim onlara rüşvət təklif edərək, susmağı təklif edib:
“Qeyd etmək istəyirəm ki, Gülnar Babayeva Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasının IV kurs tələbəsi idi. Lənkəran şəhər prokuroru Elçin Əliyev işi nəzarətə götürsə də ortada bir nəticə yoxdur. Cəllad Qahir İsayev mərhumun yaxınlarına belə bir iyrənc təklif irəli sürüb: "Hüzürü mən keçirirəm, amma şikayət etməyin". Sizcə günahsız bir həkim bunu deyər ?! Lənkəran şəhər Patoloji anatomiya birliyinin müdiri Şərif pul alıb rəyi dəyişmək istəyir ki, hər hansı əsası olmayan bir rəy bildirsin ki, həkim tutulmasın və oda pul qazansın. Qeyd edim ki, Gülnar Babayevanın bütün analiz nəticələri əlimizdədir. Mərhum əməliyyata tam sağlam girmiş, hamiləlik zamanı bir problem keçirməmişdi. Hər kəs kömək etsin ki, daha neçə belə Gülnarlar ölməsin və onların körpələri anasız qalmasın!”
Afaq Rza