Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, Almaniya Rentgen Cəmiyyətinə doktorluq işi təqdim olunmuş azərbaycanlı həkim Nuran Abdullayev koronavirusla bağlı özünün elmi araşdırma və təhlilini həyata keçirir. O, onlayn sorğu vasitəsilə koronavirusun Azərbaycanda daha öncədən, ötən ilin -ekabr ayından mövcud olduğunu təyin etmək istəyir.
Medicina.az həkimin oxu.az-a müsahibəsindən bu məsələ ilə bağlı mövqeyini təqdim edir:
Almaniyada ilk yoluxma zəncirinin araşdırılıması istiqamətində aparılan tədqiqatda maraqlı bir fakt üzə çıxır. Belə ki, xəstələrin təxminən yarısında dadbilmə və qoxubilmə hissinin itirilməsi faktı aşkarlanır. Bu faktlar elmi ədəbiyyata daxil olduqdan sonra daha bir funksional elmi tədqiqat vasitəsilə, həqiqətən, COVID-19 virusunun burunda, qoxubilmə sistemində müəyyən növ hüceyrələri ciddi şəkildə zədələməsi faktı sübut olundu.
Bu xəstələrin 75 faizində isə burunaxma ilə yanaşı, qızdırma və adi qrip zamanı rast gəlinən simptomlardan da ağır şikayətlərə rast gəlinir. Bu xəstələrin 83,4 faizində dadbilmənin də itməsi müşahidə olunur, hansı ki, Almaniyada aparılan tədqiqatdakı viruslu xəstələrin şikayətləri ilə üst-üstə düşür. Xəstələrin ümumilikdə 12,1 faizinin ailə yaxınları da bu infeksiyaya eyni simptomlarla (tənəffüs yollarının zədələnməsi) tutulur və ailə üzvlərindən bir nəfər, ümumilikdə isə, 7,8 faizi xəstəxanaya yerləşdirilir.
Burada ən maraqlı və vacib məqamlardan biri də xəstələrin yaxınlarının 48 faizində və ev şəraitində ortalama bir nəfər ailə üzvündə kəskin şəkildə qoxubilmənin itməsinə rast gəlinməsidir. Bütün bunlar onu göstərir ki, kəskin şəkildə dad və qoxubilmənin itməsi bu viruslu xəstələrdə tənəffüs yollarının infeksiyası zamanı olan simptomlarla yanaşı gedir və hətta digər simptomlardan daha tez-tez rast gəlinir.
Ağardığım sorğuya gəlincə, qısa olaraq deyim ki, mənim son günlərdəki şəxsi elmi təhlilimin nəticəsinə görə, Azərbaycanda virus artıq dekabr-yanvar aylarından yayıla bilərdi. Bunu mətbuatda və televiziyada bildirdikdən sonra çox sayda insanın mənimlə razılaşdığını gördüm.
Sorğu elmi tədqiqat növüdür. İlk dəfə Azərbaycanda onlayn rejimdə tətbiq olunub, nəticələrə isə Almaniyada baxacağıq və düşünürəm ki, elm adına böyük nailiyyət olacaq. Bu sorğu vasitəsilə daha dəqiq demək olacaq ki, həqiqətən, virus Azərbaycanda əvvəlcədən yayılıb, ya yox. Bu da ölkəmizdə virusla mübarizəyə birmənalı şəkildə fərqli təsir göstərə və effektiv mübarizəyə kömək edə bilər."
Sİz də alimin bu elmi sorğusunda iştirak etmək üçün aşağıdakı linkə keçib, onlayn cavablar verə bilərsiz.