Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olundu

  • 2022.02.22 16:26
  • 2839 Baxış
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor  təyin olundu


Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.

Medicina.az xəbər verir ki, institutun direktoru vəzifəsini tanınmış ortoped-travmatoloq Elviz Qasımov icra edəcək. Vüqar Qurbanov yeni direktoru kollektivə təqdim edib.

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Elviz Qasımovun səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli idarəçilik təcrübəsinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun müasir tələblərə uyğun olaraq daha da inkişaf etdirilməsində mühim əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini (ingiliscə) bitirib. Daha sonra isə, Mərmərə Universiteti Xəstəxanası ( İstanbul) Ortopediya və Travmatologiya Kafedrasında Tibbdə Uzmanlıq təhsili alıb. İxtisasca Ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya şöbəsinin müdiri kimi çalışır. O, Bakı Sağlamlıq Mərkəzində Ortopediya və Travmotologiya şöbəsinin qurulmasında müstəsna rola malikdir və eyni zamanda fəaliyyətini orada davam etdirir. Səmərəli fəaliyyətinə görə, Elviz Qasımov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar Həkim” fəxri adına laiq görülüb.

Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.