Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Elmi araşdırma aspirinin xərçəngə təsirini üzə çıxardı

  • 2024.04.25 15:15
  • 894 Baxış
Elmi araşdırma aspirinin xərçəngə təsirini üzə çıxardı
Məlumdur ki, hər gün aspirin qəbulu kolon xərçənginin qarşısını alır. Lakin bunun səbəbi indiyə qədər aydın deyildi.

Medicina.az xəbər verir ki, yeni bir araşdırma aspirinin kolon xərçənginə qarşı necə təsir etdiyini üzə çıxarıb.

“Cancer” jurnalında dərc edilən nəticələrə görə, aspirin orqanizmin xərçəng hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirir.

Aparıcı tədqiqatçı, İtaliyanın Padova Universitetinin ümumi cərrahı Dr. D. Marko Skarpa məsələ ilə bağlı bunları deyib:

"Tədqiqatımız iltihabın qarşısını alan klassik dərman mexanizminə əlavə olaraq, xərçəngin qarşısının alınması və ya aspirinlə müalicəsinin tamamlayıcı mexanizmini göstərir".

Tədqiqat üçün 2015-2019-cu illər arasında kolon xərçəngindən əməliyyat olunan 238 xəstədən toxuma nümunələri götürülüb. Onların təxminən 12%-i aspirin istifadəçiləri olub.

Tədqiqatçılar bildiriblər ki, aspirin istifadəçilərindən alınan toxuma nümunələri xərçəngin limfa düyünlərinə daha az yayılmasını və immun hüceyrələrin şişlərə qarşı daha aqressiv fəaliyyətini göstərib.

Laboratoriyada onlar aşkar ediblər ki, kolon xərçəngi hüceyrələrinin aspirinə məruz qalması immun hüceyrələrin bir-birini şişlər barədə xəbərdar etmək qabiliyyətini artırır. Bu halda immun hüceyrələr “CD80” adlı zülalı daha çox istehsal etməyə başlayıblar.

Tədqiqatçılar, kolon xərçəngi olan xəstələrdən aspirin istifadəçilərinin sağlam toxumalarında “CD80”in daha yüksək olduğunu müşahidə etdiklərini bildiriblər. Onların fikrincə bu, aspirinin immunitet sisteminin xərçəng hüceyrələrini axtarmaq və məhv etmək qabiliyyətini gücləndirdiyini göstərir.

Dr. Skarpa növbəti addımın aspirinin xərçəng əleyhinə təsirini artırmaq üçün bağırsağa daha dərindən nüfuz etməsinin yolunu tapmaq olacağını söyləyib.


Aysel