Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulur.
Medicina.az xəbər verir ki, bu mərkəzlərdə qeyd edilən kateqoriyadan olan vətəndaşların peşə-əmək reabilitasiyası, onların yeni peşə bacarıqlarına yiyələnmələri, özünüməşğulluğunun, əmək bazarına çıxışının dəstəklənməsi, habelə cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmalarına şərait yaradılması istiqamətində işlər aparılacaq.
Hazırda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəzdə müxtəlif peşələrlə yanaşı, tətbiqi sənət növləri üzrə kurslar da fəaliyyət göstərir. Burada gənclərin sosial reabilitasiyasına, onlarda özünə, öz bacarığına güclü inam hissinin formalaşmasına, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılmasına yönəlik də ardıcıl işlər aparılır.