Araşdırma nəticəsində elektron siqaretlərin səbəb olduğu daha bir təhlükə üzə çıxıb.
Medicina.az bildirir ki, elektron siqaretlərin az qala adi siqaretlər qədər zərərli olduğu, onların tənəffüs yolu xəstəliklərinə gətirib çıxardığı, eləcə də nikotin asılılığı yaratdığı bir müddətdir hamıya məlumdur.
Ancaq əvvəlki məlumatlara əsaslanan yeni bir araşdırma, yeniyetmələr arasında sürətlə populyarlaşan elektron siqaretlərin onları zəhərli metallara məruz qoyduğu məlum olub. Elektron siqaret çəkməyin qurğuşun və urana məruz qalma riskini artırdığı, gənclərdə başda beyin olmaqla orqan inkişafına zərər verdiyi anlaşılıb.
“Bu araşdırma sidikdə metalların (kadmium, qurğuşun və uran) səviyyəsinin elektron siqaretdən istifadə sıxlığı ilə əlaqəsini və siqaretin növlərinə görə nə qədər fərqləndiyini anlamaq üçün aparılıb”, - deyə araşdırmanın baş müəllifi Dr. Hanyinq Deyzi Day bildirib.
Araşdırmanın nəticələri “Tobacco Control” jurnalında dərc olunub.
Tədqiqatçılar ayın 6-19 günündə fasilələrlə elektron siqaret çəkən yeniyetmələrin sidiyindəki qurğuşun səviyyəsinin ayda cəmi 1-5 gün istifadə edənlərə nisbətən 40% daha yüksək olduğunu müəyyən ediblər. 20 gün və ya daha çox elektron siqaret çəkənlərdə isə səviyyələr 30% daha yüksək olub. Tədqiqatda 200 gənc iştirak edib.
Nebraska Universitetinin Tibb Mərkəzinin Biostatistika şöbəsində çalışan Dr. Hanyinq şirin ləzzətlərə üstünlük verən elektron siqaret istifadəçilərinin analizlərində uran səviyyəsinin nanə dadına üstünlük verənlərə nisbətən daha yüksək olduğunu söyləyib.
Həkim qeyd edib ki, metallara az miqdarda belə olsa, xroniki şəkildə məruz qalmaq ürək-damar sisteminə, böyrəyə, koqnitiv və psixiatrik funksiyalara təsir edərək sağlamlığa ciddi zərər vurur.
Aysel