Gündəlik həyatın əhəmiyyətli bir hissəsi telefon, kompüter və televizor kimi cihazlara baxmaqla keçir. Texnologiya inkişaf etdikcə virtual dünyanın real dünya ilə inteqrasiyası bunun ən böyük səbəblərindən biridir.
Telefonların həyatımızı əhəmiyyətli dərəcədə asanlaşdırdığı doğru olsa da, həddindən artıq ekran vaxtının bədənimizə və zehnimizə bir çox mənfi təsirləri var.
Medicina.az ekran asılılığının səbəb olduğu başlıca problemləri təqdim edir:
Həzm sistemi çökür
Həddindən artıq ekran vaxtının ən çox görülən təsirlərindən biri həzm problemləridir. Araşdırmalara görə, mədə-bağırsaq sistemi və beyin bir-biri ilə əlaqədədir. Bu əlaqə bədənimizdəki hüceyrələr tərəfindən təmin edilir. Buna görə də, daha az fiziki fəaliyyət, telefon və kompüter üzündən oturaq halda keçirdiyimiz saatlar beyin-bağırsaq əlaqəsini korlayır. Nəticədə kramplar, qəbizlik, qarın ağrısı baş verir.
Dişlər çürüyür
Ekran önündə nə qədər çox vaxt keçirsək, dişlərimizin sağlamlığı bir o qədər korlanır. Bu, bir çoxları üçün gözlənilməz əks təsirdir. Alimlər bunu belə izah edirlər: əksər hallarda ekran qarşısında keçirilən zaman zərərli qidalar daha çox qəbul edilir. Qazlı içkilər, şəkərli qəlyanaltılar və çipslər - sağlam olmayan bütün bu qidaları şüursuzca çeynəyib uduruq. Çünki ağlımız telefona, kompüterə və ya televizora fokuslanır. Nə yediyimizin, nə qədər yediyimizin fərqinə varmırıq. Beləliklə, mütəmadi olaraq pis qidalara məruz qalan ağız boşluğunda problemlər yaranır. Bir sözlə, ekran asılılığı dolayı yolla ağız sağlamlığınıza mənfi təsir göstərir.
Emosional zəka və düzgün mühakimə qabiliyyəti zəifləyir
İnsanlarla birbaşa ünsiyyət qurmadığımız üçün ekran qarşısında daha çox vaxt keçirmək bizi nəinki daha az sosial edir, həm də emosional mühakimə qabiliyyətimizi zəiflədir. Bu, xüsusilə real həyatda qarşılıqlı əlaqədən məhrum olan və asosial meyllər inkişaf etdirən uşaqlar üçün keçərlidir.
Ən böyük narahatlıqlardan biri odur ki, ekran qarşısında çox vaxt keçirən uşaq və yeniyetmələrin şiddət tərkibli məzmunlara məruz qalmaq ehtimalı çoxdur. Belə uşaqlar bir müddət sonra hissiyyatsız olurlar.
Özgüvən və özünə hörmət azalır
İnternetdə çox vaxt keçirdikdə, insanın özünə imanı zərbə alır. Sosial şəbəkələrdəki insanlarla özünü, oradakı həyatlarla öz şəraitini müqayisə etmək psixologiyanı korlayır. Digər insanlarla birbaşa əlaqənin olmaması, yalanla doğrunun arasındakı cizginin itməsi insanın həm özünə, həm də başqalarına inamını əhəmiyyətli dərəcədə azaldır. Xüsusilə, uşaqlar üçün bu, ciddi problemlərə səbəb olur.
Piylənmə riski
Ekran asılılığı piylənmə riskini artırır. Bir çox tədqiqatlar daha çox ekran vaxtı ilə piylənmənin artması arasında birbaşa əlaqə olduğunu göstərib.
Şiddətli boyun və kürək ağrıları
Ekran qarşısında çox vaxt keçirənlər adətən yanlış pozada dayanırlar. Fərqinə varmadan uzun müddət əyilmək şiddətli boyun, kürək və bel ağrılarına səbəb olur. Bu, onurğa sağlamlığı üçün olduqca təhlükəli vəziyyətdir.
Aysel