Bir çox valideyn televizor, planşet və ya ağıllı telefondan istifadə edərək uşaqlarını sakitləşdirməyə və diqqətini yayındırmağa üstünlük verirlər.
Medicina.az xəbər verir ki, mütəxəssislər ana bətnindən etibarən ekran radiasiyasına məruz qalan uşaqların ekrana bağlı, real dünyadan uzaq böyüdüklərini və bunun onların beynində ciddi problemlər yaratdığını bildirirlər.
Uşaqlarda beyin inkişafının ana bətnində başladığına və 2 yaşa qədər davam etdiyinə işarə edən uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Mustafa Alper Aykanat deyib:
“Beyin ana bətnində inkişaf prosesinə başlayır və doğuşdan 2 ilin sonuna qədər inkişafının 99 faizini tamamlayır. Ana hamiləlik dövründə çox radiasiyaya məruz qalmamalıdır. Bundan başqa, uşaqlar doğulduqdan sonra 2 yaşına qədər texnologiyadan uzaq durmalıdırlar. Onların ekranlara məruz qalmaması çox vacibdir”.
Həkim bildirib ki, 3 aydan sonra körpələrdə məlumatlılıq artır və xarici stimulları görən uşaq bu zamandan sonra 3 ölçülü şeylərdən xəbərdar olur:
“Sevgini hiss etdirmək; meyvə, tərəvəz, oyuncaqlarla vaxt keçirmək və toxunma hissi beyni inkişaf etdirir. Əgər bunları etməyib onlara ekran göstərsəniz və onları toxuna bilməyəcəkləri, hiss edə bilməyəcəkləri, qoxulaya bilməyəcəkləri 2 ölçülü həyata məruz qoysanız, körpənin beyni o istiqamətə yönələcək və dünyadan təcrid olunacaq. O, dünyanı 3 ölçülü deyil, 2 ölçüdə yaşamağa davam edəcək”.
Mütəxəssis, real dünyadan uzaq, ekrana baxaraq böyüyən uşaqlarda davranış və şəxsiyyət pozğunluqlarının yaşandığını diqqətə çatdırıb:
“Bəzən xəbərlərdə görürük, uşaqlar özlərini cizgi film personajı hesab edir və o tərzdə hərəkət edirlər. Belə hallar uşağın beynində bərpası mümkün olmayan ciddi travma və qavrayış pozğunluqlarına səbəb olur. Ekran asılılığına yol verən ailələr uşaqlarını ekrandan uzaqlaşdıranda artıq onlar “narkoman” kimi reaksiya verirlər. Ekranın övladlarına necə təsir etdiyini, ekrandan uzaqlaşanda necə dəli olduqlarını görən valideynlər bunun zərərini məhz onda dərk edirlər. 3 yaşına qədər uşaqları ekrana məruz qoymağı qəti şəkildə tövsiyə etmirəm.
Uşaqla gün ərzində ən azı 40 dəqiqə oturun, oynayın, onu güldürün və səmərəli vaxt keçirin. Uşaqların enerjisini fiziki fəaliyyətlə xaric etmək böyük əhəmiyyət kəsb edir”.
Həkim onu da vurğulayıb ki, ekran aludəçiliyi bir çox xəstəliklərin yaranmasında rol oynayır:
“Uşağın fiziki aktivliyinə baxmayaraq hələ də enerjisi varsa, müxtəlif toxunma məşqləri edilə bilər. Un və qida boyasından istifadə edərək oyun xəmiri hazırlamaq və onunla əl bacarıqlarını inkişaf etdirəcək şəkildə məşğuliyyətlər tapmaq və ya palçıqla oynamaq da təsirli bir üsul ola bilər. Uşaqların enerjisini düzgün istiqamətə yönəltmək lazımdır. Texnologiya uşaqların beyin inkişafına mənfi təsir edərək, autizm, hiperaktivlik və diqqət çatışmazlığı kimi bir çox problemlərin inkişafına təkan verir”.
Aykanat bəzi elmi tədqiqatlarda qeyd olunan dalğa uzunluğu məsələsinə də toxunub.
“Uşaqlar və böyüklər üçün xüsusi dalğa uzunluqlarından istifadə olunur. Ona görə də böyüklər seriala baxarkən hipnoz olur, reklam zamanı özünə gəlir, kanalı dəyişməyə çalışırlar. Əksinə, reklamlardakı dalğa uzunluğu uşaqlara xas olduğundan, uşaqlar reklamlarda sabit qalırlar. Təəssüf ki, bizim görə bilmədiyimiz dalğa uzunluğu vasitəsilə uşaqların beyninə çox ciddi ziyan vurulur”, - deyə həkim vurğulayıb.
Aysel