İlk hamiləliyi uğursuz olan qadın hamiləliyinin 28-ci həftəsində Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib.
Bu barədə medicina.az-a Mərkəzin mətbuat xidmətindən məlumat verilib. Mama-ginekoloq Aleksandr Barsukov bu barədə deyib: "Qadın hamiləliyinin 30-cu həftəsinə qədər xəstəxanada müalicə alıb. Həm ana, həm də döldə ciddi problemlər olduğuna görə, doğuşun qeysəriyyə yolu ilə aparılmasına qərar verilib. Yeni dünyaya gələn körpənin çəkisi 950 qram olub. Doğularkən uşağın vəziyyəti orta ağır qiymətləndirilib.”
Mərkəzin neonatoloq-pediatrı Təzibə Mirzəliyeva məlumat verib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə doğularkən ekstremal-azçəkili olduğundan reanimasiya şəraitində onun müalicəsi davam etdirilib: "Lazım olan bütün zəruri müayinələr aparılıb, tibb mərkəzinin neonatoloji komandasının gərgin əməyi nəticəsində körpənin çəkisi 1,8 kiloqrama çatdırılıb. Bundan sonra ana və körpə sağlam vəziyyətdə evə yola salınıb. Bütün zəruri təkrar müayinələr aparılandan sonra demək olar ki, hazırda körpənin nevroloji statusu normaldır”.