Sosial şəbəkələrdə Azərbaycanlı həkim və professorların adından saxta məhsul və reklamların sayı daha da artıb.
“Medicina” xəbər verir ki, bu dəfə millət vəkili, professor Əhliman Əmiraslanovun krem və ağrıkəsicinin tövsiyə etməsi barədə saxta linklər və fotolar tirajlanıb.
Belə ki, sağlamlıq loqoları ilə müxtəlif adlarla səhifələrdə Əhliman Əmiraslanovun əlində dərman tutaraq, oynaqların müalicəsi üçün tövsiyəsi və xəstələri apteklərdə pul xərcləməməyə çağırışı əks olunub.
MSO adlı səhifədə onun adından hələ etikaya uyğun olmayan sözlər də istifadə edilib.:
“Mən axmaqlara təkrarlamaqdan yoruldum ki, oynaqda ağrıların səbəbləri duzların çökməsi, qığırdaq toxumasının məhv olmasıdır.
Buy məhsul apteklərdə satılmır, onu yalnız istehsalçıdan sifarişlə almaq olar”.
Daha sonra müxtəlif tədbirlərdən olan fotolarında onun əlində həmin oynaq mazı yerləşdirilib.
Bu tendensiya uzun müddətdir davam edir. Bir çoxları bu yazılanlara inananaraq, həmin məhsulları sifariş edir.
Azərbaycan Tibb dərgisinin baş redatorunun müavini Fuad İslamzadə artıq bir neçə ildir saxta linkləri ifşa edir, mübarizə aparır və qarşısına çıxan linklərdə həkimlərin bundan xəbəri olmadığını qeyd edərək, saxtakarlığın qarşısını almağa çalılşıb.
Medicina.az-a açıqlamasında o, bu paylaşımların 10 ilə yaxındır davam etdiyini bildirib.
“Son bir neçə ildir, Tibb Universitetinin kafedraları, guya burda çalışan dosent, professorlarından adından da belə saxta reklamlar hazırlanır. Hətta xaricdən olan bir qadını ATU kafedrasının müdiri kimi təqdim etmişdilər. Halbuki bizdə belə kafedra yoxdur.
Bu yaxında Bakıda infeksionist işləyən həkimi MDB-nin baş kardioloqu kimi vermişdilər.
Daha bir professor, travmatoloq Vaqif Verdiyevin şəklini qoyub, adını professor Nadir kimi yazmışdılar.
Ən dəhşətlisi isə revmatoloq Sahib Musayev adından idi, guya Azərbaycanda 400 revmatoloq tutulub, saxta dərman yazıblar. Sahib Musayev müsahibə verib, həkimləri tənqid edib, axırda da bunların saxta məhsulunu tövsiyə edir.
Mən bir neçə ildir bu skrinləri toplayır, paylaşır və Səhiyyə Nazirliyinə də bu barədə məlumat vermişdim.
Çoxdandır bu məsələnin izinə düşmüşəm. Hətta səhiyyə naziri Teymur Musayevin də adından belə yazılar var.
Sadəcə dəhşətdir ki, insanları aldadırlar və Azərbaycanın tanınmış həkimlərinin adı internet resurslarında belə saxta məqalələrdə istifadə olunur. Bunun qarşısını almaq lazımdır.
Şikayət olduqda və ya bir müddət keçəndə o məqalələri pozub, sonra yenidən başqa həkimin adından verirlər.
İnsanlara demək istərdim ki, belə saxta linklərə, məqalələrə inanmayın, özünə hörmət edən professor, dosent, həkim belə mənşəyi məlum olmayan məhsulları reklam etmir, o insanların bəlkə də bu elanlardan xəbəri var, amma o məhsullarla əlaqələri yoxdur”.
Aygün Musayeva