"Əhaliyə tibbi xidmətin səviyyəsini yüksəltmək üçün yeganə yolumuz İcbari Tibbi Sığortaya keçməkdir”
Medicina.az modern.az-a istinadən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov müsahibəsini təqdim edir.
- Əhliman müəllim, Milli Məclisin Səhiyyə komitəsi 4 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində komitə hansı işləri görüb?
- Əlbəttə, bizim komitə yeni komitədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb və geniş islahatlar gedir. Ölkəmizdə aparılan səhiyyə islahatlarının qanunvericilik bazasını yaratmaq və təkmilləşdirmək üçün cənab Prezidentin tövsiyəsi ilə 2015-ci ildə belə bir komitə yaradıldı. Komitə yaradıldığı vaxtdan etibarən xeyli iş görüb. Bu haqda çox da geniş danışmayacam. Təkcə onu qeyd etmək istəyirəm ki, 53 qanun layihəsi bizim komitədə müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə olunub. Həmin 53 qanun layihəsinin hamısı Milli Məclis tərəfindən qəbul olunub.
- Qəbul olunmuş sənədlər sırasında "Psixoloji yardım haqqında” qanun layihəsi də var. Ancaq bizdə hələ də psixoloq ştatı özünü təsdiq edə bilməyib. Bununla bağlı nə yeniliklər gözlənilir?
- Bu qanun layihəsi çox önəmlidir. Həm də mübahisəli qanun layihəsi olub. Biz bunu Milli Məclisin Təhsil Komitəsi, Təhsil və Səhiyyə nazirlikləri ilə birgə müzakirə etdik. Azərbaycanda bu qanun olmadığı bir vaxtda psixoloji təhsili olmayan biri ayrıca otaq götürüb ekstrasenslik, falçılıq edirdi. Adlarını da psixoloq qoymuşdular. Bu cür yolla insanları aldadırdılar. "Psixoloji yardım haqqında” qanun qəbul olunduqdan sonra bu istiqamətdə qanun qüvvəyə minib və xeyli işlər görülüb. İstər məktəblərdə, istərsə də xəstəxanalarda psixoloqların fəaliyyəti nəzərə çarpır. Hətta, özəl müəssisələrdə də psixoloq ştatları yaranmağa başlayıb. Bu qanun layihəsinin qəbul edilməsi ölkəmizdə psixoloji yardımın təkmilləşdirilməsinə, inkişafına, əhaliyə keyfiyyətli psixoloji yardımın göstərilməsinə təkan verəcək.
- Yarımçıq qalan qanun layihəniz varmı?
- "Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi var. Ötən il dinləmə keçirdik. Pasiyentlərin hüquqlarının qorunması haqqında dinləmə idi. Həmin dinləmələrə bir çox sahələrdən olan nümayəndələri dəvət etmişdik. Müzakirələr zamanı qərara gəldik ki, pasiyentlərin hüquqlarının qorunması ilə yanaşı tibb işçilərinin də hüquqlarını qorumalıyıq. Artıq pasiyentlərin və tibb işçilərinin hüquqlarının qorunmasına dair qanun layihəsinin hazırlanması üçün İşçi qrupu yaratmışıq. İşçi qrupuna rəhbər təyin etmişik. Bu qrup işləyir. Dünyanın müxtəlif ölkələrinin təcrübəsini öyrənirlər. Hesab edirəm ki, yaxın vaxtlarda belə bir qanun layihəsi əlimizdə olacaq. Ola bilsin ki, öncə ictimai dinləmə aparaq, sonra mətbuatda çap edək və ictimaiyyətin də fikirlərini öyrənək. Ondan sonra ortaq məxrəcə gələk. Bu istiqamətdə işlərimiz gedir.
- Bu sessiyada hansı qanun layihələrinin müzakirəyə çıxarılmasını planlaşdırırsınız?
- Bu sessiyada 3 dinləmə nəzərdə tutulur. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanun layihəsi, İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair və onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivlərini müzakirə etmək fikrindəyik. Biz istəyirik ki, dərman preparatlarının təchizatına da toxunaq.
- "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi də ən çox gözlənilən qanun layihəsidir. Bu məsələ ilə bağlı hazırda vəziyyət nə yerdədir?
- "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi artıq hazırdır. Qanun layihəsini bütün müvafiq qurumlara göndərmişik. Onlardan müsbət rəy almışıq. Bu qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə ediləcək. Adətən payız sessiyasında büdcənin müzakirəsini aparırıq. Ancaq çalışacağıq ki, bu sessiyada müzakirəyə çıxaraq. Belə bir qanun Azərbaycanda əvvəllər də olub. Ancaq praktik olaraq işləməyib. Öncə o qanun layihəsində dəyişiklik etmək istədik. Ancaq gördük ki, məsələ təkcə dəyişikliklə başa gəlmir. Ona görə də yeni qanun layihəsi hazırladıq. Bu, çox vacib məsələdir. Həm meyitdən, həm də sağlam insandan orqan köçürülməsi həyata keçiriləcək. Ümumilikdə bu qanun layihəsində orqan transplantasiyasında olan bütün problemlər öz əksini tapıb.
- Meyitdən orqan köçürülməsi həm də psixoloji məsələdir. Məsələn, bir insan dünyasını dəyişmiş ən yaxın adamının orqanını necə bağışlaya biləcək?
- Bu qanun layihəsində problemlərin hamısı nəzərdə tutulub. İnsanların könüllü olaraq razılığı nəzərə alınacaq. Bu qanun layihəsi çox genişdir. Çox güman ki, oktyabrda həmin qanun layihəsini müzakirə edəcəyik. Həmçinin, dediyiniz məsələləri də orada göstərmişik. Şübhəsiz ki, orada məcburi nəsə olmayacaq. Bir çox ölkələrdə bu məcburi olsa da, biz onu məcburi edə bilmərik. Biz insanlar arasında elə təbliğat aparmalıyıq ki, buna hazır olsunlar. Çünki dünyasını dəyişən insandan orqan götürməsək bu orqan çürüyüb gedəcək. İzah etməliyik ki, bu orqan bir insana şəfa verir. Bir insanın orqanı digər qohumun bədənində fəaliyyət göstərir. Bundan yaxşı nə ola bilər? Bəzən deyirlər ki, İslam dinində meyitdən orqan götürülməsi doğru deyil. Halbuki, bu fikirlər yanlışdır. İslam ölkələrində, xüsusən İranda da orqan transplantasiyası çox geniş formada həyata keçirilir.
- Səhiyyə komitəsi yaranandan sonra nələr dəyişdi?
- Biz, Səhiyyə komitəsi olaraq, səhiyyədə islahatları dəstəkləmək üçün yeni qanunlar yaratdıq və qanunlara dəyişikliklər etdik. 4 il ərzində gördüyümüz əsas məsələlərdən biri də İcbari Tibbi Sığortaya hazırlıqla bağlı olub. Onun qanunvericilik əsaslarının hazırlanması, yeni qanunların qəbul olunması ətrafında xeyli işlər gördük. İcbari Tibbi Sığortaya əslində bir qədər gec qalmışıq. Ancaq səhiyyənin möhkəm maddi-texniki bazası, avadanlıqları, yüksək ixtisaslı mütəxəssisləri olmadan İcbari Tibbi Sığortaya keçən ölkələr uğursuzluqla qarşılaşıblar. Bu gün ölkəmizdə səhiyyə üzrə çox böyük maddi-texniki baza yaradılıb. Çox müasir avadanlıqlarımız var. Dünyada elə patologiya yoxdur ki, onun müalicəsini Azərbaycanda etmək mümkün olmasın. Bütün bunlar bizə imkan verdi ki, ölkəmizdə bütövlükdə icbari tibbi sığortaya keçək. Əvvəlcə 2 rayonda pilot layihə həyata keçirildi. Biz o rayonlarda dəfələrlə olmuşuq. İnsanlar İcbari Tibbi Sığortadan çox razıdırlar. Şübhəsiz ki, keçiddə problemlər olacaq. Bir var 3 rayonda tibbi sığorta həyata keçirəsən, bir də var bütün ölkə boyu. Əhaliyə tibbi xidmətin səviyyəsini yüksəltmək üçün yeganə yolumuz İcbari Tibbi Sığortaya keçməkdir.
- 2020-ci ilin yanvarından başlayaraq bütün ölkə İcbari Tibbi Sığortaya keçəcək. Bununla bağlı xəstəxanalarla hər hansı işlər aparılırmı?
- Bu çox sosial yönümlü proqramdır və həyata keçirilməsi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini çox yüksəldəcək. Buna görə də 2019-cu il icbari tibbi sığortaya keçid üçün "hazırlıq ili” elan edilib. Möhtərəm Prezidentimizin fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yaradılıb. Bu qurum artıq öz işinə başlayıb. Həmin qurum gələcəkdə icbari tibbi sığortanın həyata keçirilməsində əsas rol oynayan təşkilat olacaq. Biz isə qanunvericilik bazası ilə məşğuluq. Xəstəxanalar gələn ilin yanvarından TƏBİB-in nəzarətinə keçəcək. İcbari Tibbi Sığorta Agentliyi bu istiqamətdə geniş işlər aparır. Artıq hazırlıq işlərini yekunlaşdırmaq üzrədirlər. İcbari Tibbi Sığortanın tətbiqi zamanı vəsaitin müəyyən bir hissəsini əmək haqqımızdan, müəyyən hissəni isə dövlət ödəyəcək. Əlillər, uşaqlar, hamilə qadınlar, təqaüdçülər və tələbələrin vəsaitini dövlət ödəyəcək.
- İcbari tibbi sığorta zamanı dövlət və özəl xəstəxanaların ayrı-ayrılıqda aqibəti necə olacaq? İnsanlar indi daha çox özəl xəstəxanalara müraciət edir.
- İcbari Tibbi Sığorta Agentliyi tabeliyində olmayan xəstəxanalardan xidməti satın alacaq. Məsələn, orqan transplantasiyası və yaxud ürək əməliyyatı üzrə xidmətlər həm dövlət, həm də özəl xəstəxanalarda var. Agentlik baxıb görəcək ki, özəl xəstəxanada bu əməliyyat daha səmərəli, daha yüksək səviyyədə və münasib qiymətə həyata keçirilirsə, xidməti ondan alacaq. İcbari Tibbi Sığortanın tətbiqi zamanı özəl xəstəxanalar kənarda qalmayacaq. Onlar da burada iştirak edəcək. Burada rəqabət olacaq. Bir xəstəxanada bu və ya digər müalicədə və diaqnostikada hər hansı qüsur olarsa, İcbari Tibbi Sığorta Agentliyi onlardan heç bir xidməti satın almayacaq. İcbari Tibbi Sığortanın müsbət xüsusiyyətlərindən biri də budur.
- İcbari Tibbi Sığortanın tətbiqinə başlanıldıqdan sonra peşəkar kadr məsələsi necə olacaq?
- Bu gün istər Azərbaycan səhiyyəsinin maddi-texniki bazası, istərsə də kadr potensialı imkan verir ki, bütün patologiyaları yüksək səviyyədə, klinik protokollara uyğun müalicə edə bilək. Müasir avadanlıqlarımız, savadlı həkimlərimiz var. 8-9 il bundan əvvəl Tibb Universitetində diplomdan sonrakı təhsil sistemini dəyişərək, rezidentura təhsil sisteminə keçdik. Bu, həkimlərin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında böyük rol oynayır. Xarici ölkələrdə hazırlanıb, Azərbaycana qayıdan mütəxəssislərimiz də kifayət qədər çoxdur. Xüsusilə, mən Türkiyəni qeyd etmək istəyirəm. Həm Türkiyənin klinikalarında, həm də Avropada hazırlanmış mütəxəssislərimiz ölkəyə qayıtdıqda çox effektiv fəaliyyətləri ilə seçilirlər. Dünyada elə bir patologiya yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın. Müasir texnologiyalar hesabına Azərbaycanda bütün xəstəlikləri həm müayinə, həm də müalicə edə bilirik. Şübhəsiz ki, həkimlərimizin hamısınınm yüksək ixtisaslı, savadlı, vicdanlı olduğunu deyə bilmərik. Savad səviyyəsi yüksək olmayan, vicdanla çalışmayan həkimlərimiz də var. Amma belə həkimlərin sayının başqa ölkələrdən çox olduğu iddia edilə bilməz. Həkim səhvi, laqeydlik və s. problemlər dünyanın hər yerində var. Həkim səhvi elə bir addımdır ki, bilə-bilə edilmir. Sadəcə elə həkimlərimiz var, öz bilik səviyyələrini, savadlarını artırmalıdırlar.
- Ölkə üzrə İcbari Tibbi Sığortaya bütün rayonların hazır olduğunu söyləmək olarmı?
- Hər halda, çalışırlar. Demək olmaz ki, tam hazırdı, ya da hazır deyil. Ancaq xeyli işlər görülüb. Xəstəxanaların monitorinqi aparılıb. Proqram təminatı həyata keçirilib. Şübhəsiz ki, çətinliklər də olacaq. Regional mərkəzlər olacaq. Hansı rayonda müalicəni həyata keçirmək mümkündürsə, həmin rayonda da edəcəklər. Daha əvvəlki kimi, kimsə deyə bilməyəcək ki, mən filan xəstəxanada əməliyyat olunmaq istəyirəm.
- 2020-ci ildə İcbari Tibbi Sığorta həyata keçirilərkən həkimlərin əmək haqqı necə olacaq? Yenə də az maaş alacaqlar?
- Güman edirəm ki, artacaq. İcbari Tibbi Sığorta Agentliyinin rəhbəri də çıxışı zamanı həkimlərin maaş artımından danışıb. Mənə elə gəlir ki, həkimlərin maaşı bir neçə dəfə artacaq. Başqa cür mümkün deyil.
- Bayaq kadr məsələsinə toxundunuz. Təbii, bu sahədə çalışanların hamısı eyni səviyyədə deyil. Bu gün Azərbaycan həkimləri dünya həkimlərinin səviyyəsinə çata bilirlərmi? Bu dünyada necədir? Azərbaycanlı hələ də Türkiyədən, İrandan gələn tanınmaz həkimə inanır. Ancaq öz məşhur həkiminə inanmır.
- Mən Moskvadan Bakıya dönəndə xəstələrin çoxu Moskvaya gedirdilər. Elə olurdu ki, Moskvada mənim tələbələrim onlara deyirdi: "Bizim müəllimimiz dura-dura bura niyə gəlirsiz”. Sonra qayıdıb mənim yanıma gəlirdilər. Bu təbiidir. Təkcə bizdə deyil. Dünyada da belədir. Zəngin adamlar Amerikaya, Avropa ölkələrinə üz tutur. Bütün ölkələrdə hər bir xəstəliyin, hər bir əməliyyatın ağırlaşma və ölüm faizi var. Çox təcrübəli həkimin də yanına getsəniz, əgər o sizə desə ki, "100 faiz arxayın olun, mən bu əməliyyatı edəcəm. Burada heç bir ağırlaşma olmayacaq”. O həkimə inanmayın! Hətta ən kiçik əməliyyatın ağırlaşma riski var. Mənim bir müəllimim vardı. SSRİ Elmlər Akademiyasının prezidenti olmuşdu. O deyirdi ki, cərrah yanına gedəndə sizə 100 faiz söz verən cərrahdan üzünüzü çevirin və başqasının yanına gedin! Bu gün dünya səhiyyəsi o qədər inkişaf etməyib ki, 100, 1000 nəfərdə açıq ürək əməliyyatı edilsin və 1000-ni də sağ qalsın. Qanaxması da, ağırlaşması, infeksiyası da olur. Doğuş da, ana və uşaq ölümü də onun kimidir. Heç bir həkimin belə qarantiyası yoxdur. Mən də heç vaxt deyə bilmərəm ki, "əməliyyat etdiyim xəstələrin hamısı sağalacaq, heç biri dünyasını dəyişməyəcək”. Hətta xəstənin qohumlarından da çox həkim maraqlıdır ki, xəstə tez sağalsın. Hər bir xəstəliyin ağırlaşma riski var. Bundan qaçmaq olmaz. Düzdü, hər bir ölüm ailə üçün faciədir, böyük itkidir. Ancaq bunu ictimailəşdirib mətbuatda, televiziyada deməklə onların yarasını sağaltmırıq. Ona görə də bəzi hallarda həkimlərə qarşı inamsızlıq da yaranır. Hətta, xaricə üz tutanlar arasında elələri var ki, həkim səhlənkarlığının qurbanı olub və onlara biz yardım etmişik.
Bu gün tam səmimi sizə deyirəm ki, Azərbaycanda dünya səviyyəli mütəxəssislər çoxdur. Dünyada aparılan müalicə, diaqnostika sahəsində ən qabaqcıl klinikalar səviyyəsində klinikalarımız və həkimlərimiz var. 15-20 il bundan qabaq ölkəmizdə açıq ürək əməliyyatlarını keçirmək mümkün deyildi. Bu gün isə bu cür əməliyyatlar ölkəmizdə keçirilir. Əvvəllər isə bu cür xəstələr ya dünyasını dəyişirdi, ya da xaricə gedirdi.