Bəzən xəstələr bədənin müxtəlif nahiyələrində kəsici, yandırıcı ağrılardan şikayət edir. Ağrıkəsicilər içsə də bu ağrı kəsmir.
Ürək nahiyəsi, kürək, sinə və qola vuran ağrını isə çox vaxt infakrtla, ürək problemi ilə oxşadıb, kardioloqa qaçırlar.
Terapevtin müalicəsi təsir etmir, nevroloq dərman, maz, iynə yazır, ağrılar kəsmir. Hər şey ağla gəlir, bircə herpesdən başqa. Bu isə bədəndə herpesə xas səpkilər çıxana kimi davam edir. Xəstə ağrıdan qıvrılır, həkimlər isə herpesdən şübhələnmir.
Medicina.az xəbər verir ki, təkcə dodaqda uçuğun, yaranın çıxması ilə herpes diaqnoz olunmur. Bu herpesin yeganə simptomu deyil. Herpes səpkiləri bədənin istənilən yerində, xüsusən yuxarı nahiyələrdə, qolaltı, kürək, sinə, kürək, qarında çıxır. Amma herpes xaricə vurub özünü göstərənə kimi öncə dəhşətli ağrılarla başlayır.
Xəstə ağrılardan o dərəcədə qorxur ki, təcili yardım çağırır, ürəyini yoxladır, xəstəxanaya aparılır. Pasiyent özündə ən ağır xəstəlikləri düşünür, eləcə də həkimlər xəstənin ağrılarını təkcə herpesə bağlamır, əvvəlcə ciddi problemləri nəzərə alır. Amma nəticədə 5 gündən sonra bədəndə o qorxunc, ağrılı səpkilər çıxan kimi hər şey aydın olur.
Bədəndə çıxan herpes sinir uclarını zədələyir, ona görə bu ağrıları ağrıkəsicilər kəsmir. Bədəndə çıxan herpesə zoster və ya kəmərləyici dəmrov deyilir.
Orqanizm ciddi soyuqlamaya məruz qaldıqda, soyuq suda qaldıqda, kondinsionerdən, zəiflikdən, immunitetin aşağı düşməsindən sonra herpes sanki oyanır, aqressivləşir və bədəndə dəri altında çıxmağa hazırlaşır.
Onun müalicəsini infeksionist, dermatoloq, nevroloq aparır.
Əgər sizdə də bir həftədən çox çəkən, səbəbini tapa bilmədiyiniz müxtəlif nahiyələrdə diş ağrısı, ürək ağrısına bənzər ağrılar varsa, herpesdən şübhələnin.