Gömrük Hospitalında ECMO cihazına qoşulan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır stabil olaraq qalır.
Bu barədə "Medicina.az"a hospital rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib. Onun sözlərinə görə, ötən gün ərzində onun vəziyyətində heç bir dəyişiklik baş verməyib.
"Xəstə süni ventilyasiya aparatı və ECMO cihazına qoşulu vəziyyətdədir. Təyinat üzrə müalicə davam etdirilir".
Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.
Məlumat üçün qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenləşmə cihazıdır. Cihaz ağciyər və ürəyin funksiyalarını 2-3 həftə əvəz etmə qabiliyyətinə malik olduğundan həkimlərə müalicə prosesində vaxt qazanmağa imkan verir.