Yeməklərin çoxuna duz əlavə edən insanların az duz qəbul edənlərə nisbətən mədə xərçənginə tutulma ehtimalının 40 faiz daha çox olduğu müəyyən edilib.
Medicina.az xəbər verir ki, bunu Avstriyanın Vyana Universitetinin Xalq Sağlamlıq Mərkəzinin dietoloqları üzə çıxarıblar.
Tədqiqatçılar Böyük Britaniyadakı Biobank adlı məlumat bazası sayəsində 471 144 yetkinin sağlamlıq vəziyyətlərini araşdırıblar.
11 il ərzində həddindən artıq duz qəbul edən insanların mədə xərçənginə tutulma ehtimalının, yeməklərinə nadir hallarda duz əlavə edənlərə nisbətən 40 faiz daha çox olduğu müşahidə edilib.
Hətta tədqiqatçılar yaş, sosial-iqtisadi vəziyyət və alkoqol, tütün istifadəsi kimi seçimləri belə nəzərə aldıqda nəticə dəyişməyib.
Tədqiqat yalnız müşahidə xarakteri daşıyıb. Ancaq öncəki araşdırmalar da göstərib ki, artıq duz mədədəki qoruyucu təbəqəni aşındıraraq oradakı toxumaları zədələyir və xərçəng mutasiyalarına səbəb olur.
Vyana Universitetindən qidalanma mütəxəssisi Selma Gicevic araşdırmanın əlavə duz istehlakı ilə mədə xərçəngi arasındakı əlaqəni üzə çıxardığını bildirib.
İstifadə edilməli olan duz miqdarı bəllidir. ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) gündə 2300 mq-dan çox natrium qəbul etməməyi tövsiyə edir. Bu isə təxminən bir çay qaşığı süfrə duzuna bərabərdir.
Lakin əksər qidalarda insanların düşündüyündən daha çox duz var. Üstəlik insanlar yeməklərinə duz əlavə etməyi xoşlayırlar. Bütün bunlara görə, bir nəfər orta hesabla gündə təxminən 3400 mq duz qəbul edir.
Qeyd edək ki, erkən aşkar edildikdə, mədə xərçəngi yüksək sağ qalma nisbətinə malikdir. Lakin yayılarsa, bu nisbət sürətlə aşağı düşür.
Bu xəstəliyin fərqinə varmaq çox çətindir. Çünki onun əksər əlamətlərini bir çox insan ciddi qəbul etmir. Bəzi erkən simptomlara şişkinlik, mədə narahatlığı və həzmsizlik daxildir.
Aysel