Sağlamlığımızı qorumaq üçün ən əsas məsələ oturaq həyat tərzindən və zərərli qidalardan uzaq durmaqdır.
Medicina.az xəbər verir ki, zahirən zərərsiz kimi görünən bəzi qidalar əslində sağlamlığımızı ciddi şəkildə təhdid edir. Az miqdarda istehlak edildiyi və ya nadir hallarda yediyimiz üçün zərərsiz olduğunu düşündüyümüz bəzi qidalar əslində daxili orqanlarımıza zərər verə bilər.
Yedikdən cəmi 10 dəqiqə sonra bədəndə iltihabı artıran həmin qidaları təqdim edirik:
Hazır kofe kremləri
Qəhvəyə əlavə edilən krem məhsullarının tərkibində şəkər və bəzən soya və/və ya kanola yağı var. Bundan əlavə, mono və digliseridlər kimi müxtəlif əlavələr ehtiva edə bilər. Hazır kremlər qəhvənizi zərərli içkiyə çevirə bilən bu maddələrlə doludur və onların istifadəsi qətiyyən tövsiyə edilmir. Bunun əvəzinə süddən istifadə etmək daha sağlam seçimdir.
Meyvə şirəsi
Meyvə şirələrində yüksək fruktozalı qarğıdalı siropu və ya qatılaşdırıcılar kimi kimyəvi maddələr olur. Məsələn, bir stəkan üzüm şirəsi içsəniz, əlavə olaraq 36 qram şəkər qəbul edəcəksiniz ki, bu da 4 donut yeməyə bərabərdir.
“Jurnal of Clinical Investigation”da dərc edilən bir araşdırmaya görə, bu, artıq çəkili insanlarda visseral yağ toxumasının inkişafı ilə əlaqələndirilir.
Meyvə şirəsi əvəzinə bir stəkan suyun içərisinə təzə portağal və ya qreypfrut dilimləri əlavə edib içməyə cəhd edə bilərsiniz. Beləliklə, daha az şəkər alaraq meyvənin təbii lifindən və qida maddələrindən faydalanmaq mümkündür.
Şəkərsiz pəhriz içkiləri
Demək olar ki, bütün pəhriz içkiləri arıq qalmaq üçün hazırlanıb, lakin son araşdırmalar onların əks təsir göstərə biləcəyini sübut edir. Bu içkilər aspartam kimi maddələr ehtiva edir və qlükoza səviyyəsini yüksəldə, qaraciyəri həddindən artıq yükləyə və piylənməyə səbəb ola bilər. Buna görə də su içmək sağlamlığınız üçün daha yaxşıdır. Həmçinin, ləzzətli detoks çayları və ya bir fincan qəhvə içmək də əla seçim ola bilər.
Qızartmalar
Qızardılmış qidalar dadlı və cəlbedici ola bilər, lakin onlar yüksək səviyyədə AGE ehtiva edir. Bu birləşmələr heyvan mənşəli məhsulların uzun müddət yüksək temperaturda bişirilməsi nəticəsində əmələ gəlir.
2015-ci ildə “Advances in Nutrition” jurnalında dərc edilən bir araşdırma, bu birləşmələrə məruz qalmanın təbii müdafiə sistemimizi zəiflətdiyini, anormal yüksək oksidləşdirici stress və iltihab kimi xəstəlik əlamətlərinə səbəb olduğunu göstərib. Bunun əvəzinə mümkün olduqca sobada hazırlanmış yeməkləri seçmək daha yaxşı olar.
Mayonez
Mayonez ən çox kalorili souslar arasında seçilir və tərkibindəki şəkər və konservantlara görə yağsız olanları belə sağlam deyil. Yumurta əsaslı olmasına baxmayaraq, mayonez soyuducuda və ya ərzaq mağazalarının rəflərində aylarla toxunulmaz qala bilər. Bu qeyri-təbii davamlılıq tərkibindəki yüksək əlavələrlə bağlıdır. Mayonezi evdə hazırlamaq və ya qatığa üstünlük vermək olar.
Bulyonlar
Bir çox yeməyə dad qatmaq üçün tez-tez istifadə edilən hazır bulyonlar əslində sağlamlığı ciddi şəkildə təhdid edir. Palma yağı kimi bir çox zərərli inqrediyentləri ehtiva edən bulyonların tərkibində yüksək miqdarda duz da olduğu üçün əsla istehlak edilməməlidir. Yeməklərinizi evdə hazırlanmış ət və ya toyuq suyu ilə hazırlamaq sizə eyni dada daha sağlam şəkildə nail olmaq imkanı verir.
Plastik butulkada su
Su həyat mənbəyi kimi tanınır və bədənimizin yarısından çoxu sudan ibarətdir. Ancaq bu o demək deyil ki, içdiyimiz suyun hamısı sağlamlığa yararlıdır. Plastik qablaşdırmada satılan suyun istehlakı plastikin tərkibindəki BPA (Bisfenol A) səbəbiylə əslində olduqca zərərlidir. Bu kanserogen maddə suya keçə, istehlak edildikdə xərçəng və hormon pozğunluqları kimi bir çox sağlamlıq probleminə gətirib çıxara bilər. Odur ki, plastik butulkalardakı suyu içmək əvəzinə metal və ya şüşə butulkaları seçmək, sağlamlığınızı təhdid edən bu maddədən uzaq olmağınıza kömək edəcək.
Saqqız
Saqqızın təkbindəki şəkər şişkinlik və digər həzm problemlərinə səbəb olur. Əgər şəkərsiz saqqıza üstünlük verirsinizsə, bu məhsullarda da süni dadlandırıcılar ola bilər. Süni dadlandırıcıların reseptorları stimullaşdırdığı və aclığı artırdığı elmi şəkildə sübut edilib.
Aysel