Yeni Klinikanın TƏBİB Akademiyası və “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı” çərçivəsində Türkiyə, Rusiya, Almaniya, İspaniya, Çexiya, Rumıniya, Misir, Macarıstan, Malta kimi ölkələrdən olan 21 əcnəbi tələbə ölkəmizə gəlib.
Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.
Məlumata görə, onlardan 15 tələbənin Yeni Klinikanın müxtəlif tibbi şöbələrində təcrübə keçməsi nəzərdə tutulub.
Belə ki, tələbələr klinikanın Cərrahiyyə və transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və STROK, İnsult, Hematologiya və sümük iliyi nəqli mərkəzlərinin tərkibində fəaliyyət göstərən şöbə və bölmələrdə aidiyyəti üzrə təcrübə keçəcəklər.
Layihənin açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov, “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin sədri Murad Yusifli, əcnəbi təcrübəçi tələbələr və tibbi heyət iştirak edib.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Şuşa Xor Koppellasının ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra tədbiri giriş sözü ilə açan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Klinikada bu cür layihənin həyata keçirilməsinin qürurverici hal olduğunu bildirərək icbari tibbi sığortanın verdiyi imkanlar haqqında ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən 2021-ci ilin əvvəlindən icbari tibbi sığortanın tətbiqi ilə əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin olunduğunu bildirən Zaur Əliyev statistik rəqəmlərə əsasən dövlət tibb müəssisələrinə müraciətlərin sayının kəskin artdığını qeyd edib. O, Yeni Klinikada hər gün minlərlə vətəndaşın tibbi xidmətlərdən rahatlıqla istifadə etdiyini vurğulayıb. İstehsalat təcrübəsi üçün Azərbaycana gələn tələbələrə uğurlar arzulayan Agentliyin İdarə Heyətinin sədri bu cür layihələrin ölkə səhiyyəsi üçün önəmini qeyd edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov müasir, qüdrətli və dinamik inkişafa malik olan Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrinin beynəlxalq standartlara cavab verdiyini diqqətə çatdırıb, təcrübə proqramının ölkənin tibb müəssisələrinin beynəlxalq arenada tanınması baxımından da əhəmiyyətini vurğulayıb.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkə rəhbərliyinin birbaşa diqqət və qayğısı ilə əhatə olunmuş səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi ilə vətəndaşlara 3 mindən çox tibbi xidmətin dövlət hesabına göstərildiyini qeyd edib. Bu gün Azərbaycan səhiyyəsinin dinamik inkişaf dövrü keçdiyini qeyd edən Vüqar Qurbanov Yeni Klinikada yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təcrübəyə yiyələnmiş və xaricdə təhsil almış həkimlərin yüksək peşəkarlıqla əhaliyə xidmət göstərdiyini qeyd edib. Tibbi heyətin əcnəbi tələbələrin yüksək ixtisaslı həkim kimi yetişməsinə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Yeni Klinikanın həkimləri adından çıxış edən direktor Barat Yusubov bu gün klinikanın ölkənin müxtəlif bölgələrindən müraciət edən vətəndaşlara xidmət göstərməklə yanaşı, həkim-rezidentlərin təhsilində də önəmli rol oynadığını vurğulayıb. Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında tibbi turizmin inkişafı ilə yanaşı, əcnəbi tələbələrin Azərbaycanda istehsalat təcrübəsi keçməsi üçün də münbit şəraitin yaradıldığını bildirib. B.Yusubov eyni zamanda xaricə təhsil və ya təcrübə məqsədilə gedən tələbələrin də sonradan ölkəyə cəlb olunaraq dövlət müəssisələrində fəaliyyət göstərməsi üçün geniş imkanların mövcudluğunu qeyd edib.
“Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin sədri Murad Yusifli isə bildirib ki, “Tibb tələbələrinin Peşəkar Mübadiləsi - SCOPE” kimi proqramlarda iştirak edərək, fərqli ölkələrin səhiyyə sistemlərində təcrübə əldə edən tələbələr gələcək karyeralarını formalaşdırmaqla bərabər, fəaliyyətlərində yeniliklər və innovativ yanaşmaları da asanlıqla tətbiq edə biləcəklər. Bu ildən etibarən mübadilə proqramına TƏBİB-in dəstəyi ilə Yeni Klinikanın da cəlb olunduğunu bildirən M.Yusifli göstərilən dəstəyə görə təşəkkür edib.
Daha sonra millət vəkili Əhliman Əmiraslanov simvolik olaraq tələbələrə ağ xalatlar təqdim edib.
Tələbələr isə rəhbər şəxslərə simvolik zeytun fidanları hədiyyə ediblər.