Gələn il dünya koronavirusa qarşı peyvənd üçün istifadə olunan xüsusi tibbi şprislərin çatışmazlığı ilə üzləşə bilər.
Medicina.az xəbər verir ki, bunu ÜST-ün dərman və sağlamlıq məhsullarına çıxış üzrə baş məsləhətçisi Liza Hedman deyib.
Onun sözlərinə görə, cari ildə dünyada 6,8 milyarddan çox COVID-19 peyvəndi vurulub. İllik istehsal olunan şprislərin sayı isə 6 milyard ədəd təşkil edir.
Təşkilat rəsmisinin fikrincə, bütün dünyada bu tibbi ləvazimatın istehsalçıları istehsalı artırmaq üçün bir yol tapmalıdırlar, əgər vəziyyət düzəlməzsə, istifadə və istehsal olunan tibbi alətlərin belə nisbəti artıq 2022-ci ildə qıtlığa səbəb ola bilər. Çatışmazlıq 2 milyard şprisə bərabər ola bilər: "Qıtlıq, öz növbəsində, bütün dünyada uşaqların peyvənd edilməsində gecikmələrə səbəb ola bilər və yoxsul ölkələri iynələrdən təkrar istifadə etməyə təşviq edə bilər. Bu, olduqca təhlükəli bir təcrübədir".
Şprislərin çatışmazlığı digər xəstəliklər üçün adi peyvəndlərə də mənfi təsir göstərə bilər.