Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 73-ə çatıb.
Bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.
Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən bütün dünyada 138 milyon dozadan çox COVID-19 əleyhinə vaksin tətbiq edilib, gündəlik vaksin olunanların sayı isə 4,85 milyon nəfərə çatıb.
Məlumatda qeyd olunub ki, ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 44,4 milyon doza peyvənd tətbiq edilib ki, bu da əhalinin hər 100 nəfərinə 13,5 doza edir. Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 31,2 milyon, Avropa İttifaqında 17,7 milyon, Böyük Britaniyada 13,1 milyon doza peyvənd tətbiq edilib.
Vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsraildir. Bu ölkədə artıq 5,7 milyon doza peyvənd vurulub ki, bu da ümumi əhalinin hər 100 nəfərinə 63,8 doza edir.