Bu il aprelin 16-da Azərbaycan Milli Konservatoriyasının təqdimatında “Səsin Tədqiqi Elmi Laboratoriyası”nın təşəbbüsü və təşkilatçılığı ilə Şuşa şəhərində “Şuşanın səsi ümumdünya səs günündə” adlı konfrans-konsert keçirilib.
"Medicina" xəbər verir ki, 2015-ci ildən etibarən ölkəmiz də Dünya Səs Günü Azərbaycan milli koordinatoru Dosent Ramil Həşimlinin rəhbərliyi ilə bu qlobal platformaya üzv olmuş və hər il bu gün münasibətilə müxtəlif tədbirlər keçirilmişdir.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açılış nitqi ilə “Şuşa muğam sənəti nümayəndələri” haqda məruzə ilə çıxış edib. Sonra dünya şöhrətli səs tədqiqatçısı səsin akustikası üzrə tədqiqatçı, elmlər doktoru, İsveç Kral Texnologiya İnstitutunun fəxri professoru, Ümumdünya Səs Günü layihəsinin əsas təşəbbüskarı və təşkilatçısı Yohan Sundberqin tədbir iştirakçılarını salamladı.
Tədbirin elmi hissəsində Azərbaycan Milli Konservatoriyası nəzdində Səsin Tədqiqi Elmi Laboratoriyasının rəhbəri, soprano, vokal pedaqoq, səs elmi (voice science) üzrə tədqiqatçı Aleksandriya Sultan von Brüseldorff (Sevinc Sultan-Zadə) “Azərbaycan muğam ifaçılarının (xanəndələrinin) səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi”, etnomusiqişünas-alim, AMK-nın professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, UNESCO yanında Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (ICTM) üzvü Fəttah Xalıqzadə “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti”, muğam üzrə tədqiqatçı-alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, UNESCO yanında Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (ICTM) üzvüSənubər Bağırova “Qarabağ xanəndəlik sənətinə dair bəzi mülahizələr", Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Otorinolarinqologiya kafedrası Foniatriya laboratoriyasının rəhbəri dosent, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzulu çıxış ediblər.
Xanəndə, Azərbaycanın əməkdar artisti, AMK-nın baş müəllimi, Azərbaycan Dövlət Televiziyası və Beynəlxalq Muğam Mərkəzinin solisti Bəyimxanım Vəliyeva, Beynəlxalq Muğam Mərkəzinin solisti kamança ifaçısı Ceyhun Muradov, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Rövşən Qurbanovdan ibarət muğam triosu bir-birindən gözəl musiqi nömrələri ilə tədbirə rəng qatıblar.