Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünya Səhiyyə Təşkilatı: Koronavirusu dayandırmaq mümkündür

  • 2020.03.03 20:07
  • 1929 Baxış
Dünya Səhiyyə Təşkilatı:   Koronavirusu dayandırmaq mümkündür
Çində koronavirusa yeni yoluxmaların sayı azalmaqda davam edir. Ötən ilin sonunda epidemiyanın başladığı Çinlə müqayisədə digər ölkələrdə dünən 9 dəfə çox virusa yoluxma halı təsdiqlənib.

Bu barədə Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Gebreyesus mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, son iki gündə Çində cəmi 206 yeni yoluxma halı təsdiqlənib. Bunlardan yalnız 8-i yeni koronavirusun baş qaldırdığı Xubey əyalətinin hüdudlarından kənardadır.

Dünyada isə virusun yayılma coğrafiyası genişlənir: bazar ertəsinə olan məlumata görə 61 ölkədə 8739 yoluxma halı qeydə alınıb, 127 nəfər bu virusun qurbanı olub. “Daha təhlükəli vəziyyət Cənubi Koreya, İtaliya, İran və Yaponiyada cərəyan edir”, - deyə Tedros Gebreyesus vurğulayıb.

O, DST-nin ekspertlər qrupunun artıq Tehrana çatdığını xəbər verib. Onlar özləri ilə müxtəlif tibbi ləvazimatlar, o cümlədən koronavirusu aşkarlamaq üçün zəruri olan laboratoriya materialları aparıblar. Bundan başqa, mütəxəssislər İran hökumətinə virusla mübarizədə texniki dəstək göstərəcəklər. Doktor Tedros DST-nin bu ölkədəki nümayəndəliyinin bir əməkdaşının da virusa yoluxduğunu deyib.

Cənubi Koreyada yoluxma hallarının sayı 4200-ə çatıb, 22 nəfər bu xəstəlik nəticəsində ölüb. Lakin bütün yoluxma hallarının beş rayonda cəmlənməsi faktı həkimlərdə nikbinlik əmələ gətirir. Virusun ölkənin digər hissələrinə yayılması məhdudlaşdırılıb. “Bu, çox mühümdür. Bu, o deməkdir ki, epidemioloji tədbirlər uğurla nəticələnir. Epidemiya barədə dəqiq göstəricilər – xəstəlik üzərində qələbəyə doğru ilk addımdır”, - deyə DST rəhbəri bildirib.

T.Gebreyesus bildirib ki, tibb ictimaiyyəti unikal vəziyyətlə qarşı-qarşıyadır: bir insandan digər insana keçən respirator infeksiyaları saxlamaq mümkün deyil. “Əgər söhbət qrip epidemiyasından getsəydi, o zaman qrip bütün Yer kürəsini caynağına keçirər və heç bir səylər onun yayılmasını dayandırmağa kömək etməzdi. Lakin yeni koronavirusu dayandırmaq mümkündür. Bütün dünya ölkələri bu hədəfi öz prioritetlərinin sırasına daxil etməlidirlər”, - deyə doktor Tedros hesab edir.

DST əvvəlki kimi COVID-2019-u pandemiya adlandırmağa hazır deyil: 88913 yoluxma halı, bunların da 90 faizinin Çinin bir əyalətinin payına düşməsi pandemiyanın meyarlarına müvafiq deyil. 130 ölkədə hələ ki, koronavirusa bir yoluxma halı belə qeydə alınmayıb.

Bununla yanaşı, BMT və digər beynəlxalq təşkilatlar infeksiyanın yayılma ehtimalını məhdudlaşdırmaqdan ötrü profilaktika məqsədi ilə müxtəlif kütləvi tədbirlərin keçirilməsi formatına yenidən baxırlar. Məsələn, BMT-də hər il keçirilə ən iri tədbir – Qadınların Vəziyyəti üzrə Komissiyanın adətən minlərlə nümayəndənin qatıldığı iclası məhdud formatda, təşkilata üzv ölkələrin daimi nümayəndəliklərinin iştirakı ilə keçiriləcək. Komissiyanın iclası çərçivəsində nəzərdə tutulan tədbirlər ləğv edilib.

AzərTac