Qeyri-sağlam həyat tərzi və piylənmə səbəbindən bütün dünyada diabet xəstələrinin sayı get-gedə artır. Məlumdur ki, gündəlik olaraq diabet xəstələrinə insulin inyeksiyaları vurulur. Proqnozlara görə, yaxın 10 ildə dünya insulin çatışmazlığı ilə üz-üzə qala bilər.
Medicina.az xəbər verir ki, hal-hazırda dünyada II tip şəkərli diabetdən əziyyət çəkən 20-79 yaş arası insanların sayı 400 milyona yaxındır. Bu rəqəm 2030-cu ilə qədər 500 milyona qədər artacaq. Beləliklə də insulinə olan tələbat 20% çoxalacaq. Amma bəzi Asiya və Afrika ölkələrində yaşayan və insulinə tələbatı olan bir çox insan onu əldə edə bilməyəcək.
Ekspertlər bunu insulin istehsalını dünyada olan 3 böyük şirkətin - Novo Nordisk, Eli Lilli və Sanofinin əlinə alması ilə əlaqələndirirlər. Bu şirkətlər bütün dünya üzrə insulin dövriyyəsinin 96%-ni öz əllərində cəmləşdirirlər.
Arzu
Medicina.az