Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dünya əhalisinin 43 faizi nevroloji problemlərdən əziyyət çəkir

  • 2024.03.15 20:56
  • 909 Baxış
Dünya əhalisinin 43 faizi nevroloji problemlərdən əziyyət çəkir
Yeni araşdırmaya görə, necroloji xəstəliklərlə yaşayan və ya bu xəstəliklərdən ölən insanların sayı artaraq 3,4 milyarda çatıb.

Medicina.az xəbər verir ki, başqa sözlə dünya əhalisinin 43 faizi bu tip xəstəliklərdən əziyyət çəkir.

Araşdırmaçılar miqren, fəlc, Parkinson, demensiya kimi müxtəlif nevroloji xəstəliklərin dünyada sağlamlıq problemlərinin ən əsas səbəblərindən olduğunu və 2021-ci ildə 11,1 milyon insanın məhz bu səbəblərdən öldüyünü müəyyən edib.

“Lancet”də dərc olunan araşdırmaya görə, sinir sistemi pozğunluqları ilə yaşayan və ya bu səbəblə ölən insanların sayı son 30 ildə sürətlə artıb.

Tədqiqatçıların fikrincə, bu, qlobal əhali artımı, gözlənilən ömür uzunluğunun artması, həmçinin ətraf mühit çirkliliyi, piylənmə və pis qidalanma kimi risk faktorları ilə əlaqədardır.

Böyük Britaniyada “Brain Research UK”nin rəqəmləri göstərir ki, hər altı nəfərdən birində nevroloji problem var və 2,6 milyon insan travmatik beyin zədəsi və ya insultun təsirlərini daşıyır.

Böyük Britaniyada 944 000-dən çox demansiya xəstəsi var və bu rəqəmin 2030-cu ilə qədər bir milyonu keçəcəyi gözlənilir.
Araşdırmaya görə, dünyada insanlar əsasən insult problemi ilə üzləşirlər.

Bundan əlavə, ən çox rast gəlinən nevroloji problemlər arasında meningit, epilepsiya, Alzheimer xəstəliyi, demansiya, yeni doğulmuş körpələrdə beyin zədələnməsi, hamiləliyin 37-ci həftəsindən əvvəl doğulan körpələrdə nevroloji ağırlaşmalar, şəkərli diabet, autizm və sinir sistemi xərçəngi nəticəsində yaranan sinir zədələri var.

2021-ci ildə gərginlik baş ağrıları daha çox müşahidə olunub. 2 milyard insan gərginlik baş ağrısı ilə üzləşib. Təxminən 1,1 milyard insana isə miqren diaqnozu qoyulub.

Tədqiqatçılar sağlamlıq sahəsində qlobal bərabərsizlikləri vurğulayaraq, nevroloji ölüm və itkilərin 80 faizinin aşağı və orta gəlirli ölkələrdə baş verdiyini qeyd ediblər.

Onlar bəzi nevroloji pozğunluqların inkişaf riskini azaltmaq üçün profilaktik tədbirlərin vacibliyini də vurğulayıblar. Diqqətə çatdırılıb ki, bu tədbirlər insult nəticəsində yaranan xəstəliklərin, əlilliyin və vaxtından əvvəl ölümlərin 84 faizinin qarşısını ala bilər.

“Bu rəqəmlər həqiqətən narahatedicidir və təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayır. Əks halda, nevroloji xəstəliklər bütün dünyada milyonlarla insanın həyatını məhv etməyə davam edəcək”, - deyə Böyük Britaniyanın Alzheimer Araşdırmalar Mərkəzinin tədqiqat rəhbəri Dr. Lia Mörselin bildirib.

Qeyd edək ki, təkcə Böyük Britaniyada hər il 100 000-dən çox insan insult keçirir.

Aysel