Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
TƏBİB-in və Azərbaycan Nefroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
"Medicina" xəbər verir ki, ölkənin aparıcı nefroloq, uroloq və hemodializ mütəxəssislərinin iştirak etdiyi tədbirin əsas məqsədi nefrologiya sahəsindəki aktual problemləri müzakirə etmək, xəstələrin sayındakı artıma diqqət çəkmək, dializlə təmin olunan pasiyentlərin müalicə keyfiyyətini artırmaq və bu sahədə çalışan gənc mütəxəssislərin elmi-tibbi inkişafına töhfə vermək olub. Bununla yanaşı, konfransın əsas istiqamətlərindən biri də ictimaiyyətin maarifləndirilməsi, xüsusilə şəkərli diabet və hipertoniya xəstəliklərinin böyrəklərə təsiri haqqında məlumatlılığın artırılmasıdır.
Tədbiri giriş sözü ilə açan Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru, tibb elmləri doktoru Fariz Babayev ölkədə hemodializ və böyrək transplantasiyası sahəsində 2024-cü ilə dair statistik göstəriciləri təqdim edib, nefrologiya sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Elnur Fərəcov çıxış edərək konfransın əhəmiyyəti və mövzular ətrafında fikirlərini bölüşüb.
Konfrans çərçivəsində respublikanın aparıcı tibb müəssisələrində çalışan mütəxəssis-həkimlər Mirmənsim Məmmədov, Əkbər Hacıyev, Xəyal Rüstəmov, Cəbrayıl Cəbrayılov, Orxan Quliyev, Elgün Həziyev, Zaur Əhmədov, Fərhad Şirinov və Ağakişi Yahyayev müxtəlif aktual mövzularda məruzələrlə çıxış ediblər.
Konfransda “Hemodializ və böyrək transplantasiyası xəstələrinin 2023-cü il üzrə klinik registri”, “Böyrək xəstəliklərinin patohistoloji müayinəsi və analizi”, “Membranoz nefropatiya: Diaqnostika və müalicə”, “KDİGO 2025: Autosom dominant polikistik böyrək xəstəliyi üzrə kliniki protokol”, “Xroniki böyrək xəstəliyində sümük-mineral pozuntuları: Diaqnostik və terapevtik yanaşmalar”, “Davamlı böyrək əvəzedici terapiya: Göstərişləri və effektivliyi”, “Cihazlı və davamlı ambulator peritoneal dializ: Üstünlüklər və kliniki tətbiq”, “Online hemodiafiltrasiya: Dializ müalicəsində yeni yanaşma”, “AV-fistulanın perkutan transluminal angioplastikası” mövzuları müzakirə edilib.
Aygün M
Medicina.az