Bu gün gecə saatlarında "Azərbaycan” İES-də baş verən qəza zamanı ölkədə doğulan uşaqların sayı barədə məlumat verilmir.
Medicina.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, statistik hesablamalar altı aydan bir aparılır:
"Axşam baş verən hadisə zamanı doğulan uşaqlar barədə heç bir məlumat verə bilmirik. Amma ötən ilin hesablamasına görə, ölkədə hər gün 400 uşaq doğulur”.
Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova açıqlamasında bildirib ki, qəza baş verən zaman mərkəzdə uşaqlar doğulmayıb:
"Bilirsiniz ki, bizim mərkəzdə yarımçıq uşaqlar doğulur. Axşam bu cür uşaqlar doğulmayıb. Amma yarımçıq doğulan 20 uşaq mərkəzin reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub. Hamısı sağlamdır. Heç bir ölüm halı qeydə alınmayıb”.
Sevinc Məmmədova qeyd edib ki, mərkəzin generatoru var:
"İl boyu belə vəziyyətlərə hazırıq. İşıqlar kəsilən kimi müəssisə generatorlar vasitəsilə təmin olunur. Hər bir dövlət xəstəxanasında generatorlar var. İşığın olmaması heç bir əməliyyata, doğuşa mənfi təsiri etmir”.