Dünya Səhiyyə Təşkilatı (DST) uşaqlarda piylənməyə qarşı mübarizə üzrə yeni tövsiyələr təqdim edib.
Medicina.az azərtaca istinadən xəbər verir ki, uşaqlarda piylənmə problemi getdikcə daha çox miqyaslı xarakter almağa başlayır. Hazırda yaşı beşədək 41 milyon uşaq piylənmədən əziyyət çəkir və müxtəlif ağır xəstəliklərin yaranma təhlükəsi qrupuna aid edilir.
DST-nin nümayəndəsi Françesko Branka deyib: "İndiyədək həkimlərə təklif edilirdi ki, onlar uşaqlarda boyun inkişafdan qalması və yorğunluq hallarını üzə çıxarsınlar. İndi biz onlara boyu və çəkini ölçməyi tapşırırıq ki, piylənməyə yol verilməsin”.
Təşkilatın verdiyi məlumata görə, uşaqlarda piylənmə daha çox kiçik və orta gəlirə malik ölkələrdə olur. Bu, paradoksal səslənir, lakin artıq çəki qida çatışmazlığı fonunda da müşahidə oluna bilər. Mütəxəssislər bunu "doyunca yeməməyin ikiqat nəticəsi” adlandırırlar.
Afrika qitəsində artıq çəkidən və piylənmədən əziyyət çəkən uşaqların sayı 10 milyona çatıb.
Uşaqlarda piylənmə təhlükəli xəstəliklər, o cümlədən diabet və ürək xəstəliyinə gətirib çıxarır. DST hesab edir ki, artıq çəkinin qarşısının alınması üçün sağlam qida rasionu və fiziki fəallıq lazımdır.
DST həkimlərə tövsiyə edir ki, beş yaşınadək uşaqlarda piylənmə aşkar edilərkən valideynlərə düzgün qidalanmaq və fiziki fəallıq barədə xəbərdarlıq edilməlidir. Ekspertlər körpənin altı ayınadək ana südü ilə qidalandırılmasını, iki yaşınadək və ondan sonra isə ana südündən əlavə qida kimi istifadə olunmasını təklif edirlər.