Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır

  • 2019.04.19 14:52
  • 9197 Baxış
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır

Azərbaycanda son 10 ildə 700-ə yaxın tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir olunub. Paytaxt da daxil olmaqla, bölgələrdəki xəstəxanalar müasir avadanlıqlarla təmin olunub.


Medicina.az xəbər verir ki, bunu virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib.


Nazirlər Kabineti icbari tibbi sığortaya keçəcək xəstəxanaların siyahısını təsdiqləyib. Abubəkirov qeyd edib ki, bu ilin sonunadək siyahıdakı xəstəxanalar icbari tibbi sığortaya keçidə hazırlanacaq: "Səhiyyə sistemi inkişaf edir və bu birbaşa ölkə başçısının nəzarətindədir. Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta Agentliyi xəstəxanaların tibbi sığortaya keçidi üçün birgə tədbirlər həyata keçirir. 2020-ci ilin yanvarından siyahıdakı xəstəxanalarda icbari tibbi sığorta tətbiq ediləcək”.


Mətbuat katibi xatırladıb ki, Səhiyyə Nazirliyində icbari tibbi sığortaya keçidlə bağlı iclas keçirilib. Nazir Oqtay Şirəliyev bütün tibb müəssisələrinin rəhbərlərinin qarşısında vəzifə qoyub ki, ilin sonunadək xəstəxanaların icbari tibbi sığortaya keçidə hazırlasınlar: "Yəni qeydiyyat şöbəsindən tutmuş, xidmətlərə qədər məsələlər tibbi sığortaya hazırlanmalıdır. İclasda qərara alındı ki, 50-60 nəfərlik qruplar arasında iclaslar keçirilsin, icbari tibbi sığorta haqda məlumatlar verilsin”.


Abubəkirov əlavə edib ki, icbari tibbi sığortada 3 tərəf iştirak edir: "Sifarişçi İcbari Tibbi Sığorta Agentliyidir, icraçı xəstəxanalardır və bu xidmətdən faydalanan vətəndaşlardır. Bu sistemdə xəstəxanaların sərbəst iştirakı üçün xəstəxanalar publik hüquqi şəxsə çevrilirlər. Bu isə xəstəxanaların gəlirlərinin artmasına səbəb olacaq. Məsələn, hazırda ancaq özəl klinikalar müəssisələrlə müqavilə bağlayaraq sığorta əsasında onların işçilərinə yardım göstərirlər. Baxmayaraq ki, bizim dövlət xəstəxanaları kadr potensialı və avadanlıqlara görə onlardan üstündür. Amma xəstəxanalar publik hüquqi şəxsə çevriləndən sonra müqavilə bağlayaraq, hansısa bir müəssisəyə xidmət göstərə biləcəklər. Deməli, həm də buradan pul qazana biləcəklər. Xəstəxananın gəliri artacaqsa, maddi-texniki baza da yaxşılaşacaq, ən əsası isə həkimlərin, bütövlükdə tibbi heyətin maaşları artacaq. Bu isə təbii ki, xidmətin keyfiyyətinə təsir edəcək”.