Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Döş xərçənginin residivlərini erkən dövrdə aşkarlamaq mümkün oldu - Yeni qan testi

  • 2024.06.03 20:30
  • 800 Baxış
Döş xərçənginin residivlərini erkən dövrdə aşkarlamaq mümkün oldu -  Yeni qan testi
İngiltərədə aparılan bir araşdırma döş xərçənginin təkrarlanmasının yeni bir qan testi ilə aylar əvvəldən müəyyən edilə biləcəyini üzə çıxarıb.

Medicina.az xəbər verir ki, Londondakı Xərçəng Tədqiqatları İnstitutunun (ICR) tədqiqatçıları Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) konfransında öz nəticələrini təqdim ediblər.

Belə ki, araşdırma çərçivəsində müxtəlif növ döş xərçəngi olan 78 nəfərdən toplanan nümunələr diaqnoz, cərrahiyyə və kimyaterapiya mərhələlərindən sonra yeni qan testinin nəticələri ilə müqayisə edilib.

Yeni test tətbiqi üçün tədqiqatçılar bir il ərzində hər üç ayda bir və sonrakı beş il ərzində hər altı aydan bir xəstələrdən qan nümunələri alaraq onların vəziyyətlərini təqib ediblər.

Sözügedən testin döş xərçənginin təkrarlanmasının təsbitində 100 faiz etibarlı olduğu anlaşılıb. Test xəstəliyin simptomlarının yenidən görünməsindən və ya skanlarda fərq edilməzdən təxminən 15 ay əvvəl xərçəngin residivlərini aşkar edə bilir.

Test xərçəng hüceyrələrinin xəstələrin qanına buraxdığı və DNT strukturunda 1800-ə yaxın mutasiyaya səbəb olan dəyişiklikləri təsbit edir. Araşdırma çərçivəsində bu qan testi sayəsində 11 qadında süd vəzi xərçənginin təkrarlanmasının əvvəlcədən müəyyən edildiyi açıqlanıb.

Tədqiqatçılardan biri olan Dr. Ayzek Qarsia Murillas döş xərçəngi hüceyrələrinin əməliyyatdan və digər müalicə üsullarından sonra bədəndə qala biləcəyini ifadə edib: "Bu hüceyrələr o qədər az ola bilər ki, skanlarda aşkar edilə bilməz".

Həmin hüceyrələrin xəstələrdə xərçəngin təkrarlanmasına səbəb ola biləcəyini ifadə edən həkim bu araşdırmanın müalicədən sonra xəstənin izlənməsinə və sağ qalma nisbətlərinin artmasına töhfə verə biləcəyini bildirib.

Araşdırmaya töhfə verənlərdən biri olan Dr. Simon Vinsent də döş xərçənginin erkən diaqnozunun müalicə üçün vacib olduğunu vurğulayıb: “Döş xərçənginin residivlərinin xəstəliyin əlamətləri görünməzdən bir il əvvəl aşkar edə bilmək olduqca həyəcan vericidir”.

O, testin hələ inkişaf mərhələsində olduğunu da qeyd edib.


Aysel